Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2016-cı ildə muxtar respublika əhalisinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, özəl sektorun inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, daxili bazarda istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməklə süni bahalaşmanın qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında mühüm tapşırıqlar qoyulub.
Həmin tapşırıqların icrasını yüksək səviyyədə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın ərazisində istehlak mallarının qiymətlərinə nəzarət edilməsi və süni bahalaşmaya yol verilməməsi məqsədilə işçi komissiyası yaradılıb. Komissiya süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni şəkildə mal qıtlığı yaradılması, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir. Topdançıların ticarət obyektlərinin ərzaq və qeyri-ərzaq məhsulları ilə təchiz edilməsinə nəzarət olunması məqsədilə araşdırmalar aparılıb və aşkar olunmuş nöqsanların aradan qaldırılması təmin edilib.
Komissiya tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən bütün topdan və pərakəndə satış ticarət şəbəkələrində, həmçinin kənd təsərrüfatı məhsullarının satışı bazarlarında süni qiymət artımına yol verilməməsi məqsədilə gündəlik olaraq ərzaq məhsullarının bütün çeşidləri üzrə topdan və pərakəndə qiymətlərinə nəzarət tədbirləri və monitorinqlər davam etdirilib. Aparılmış monitorinqlər, əsasən, əhalinin gündəlik istehlak malları üzrə mal çeşidlərini, əsas istehlak malları olmaqla, o cümlədən çörək, un, makaron, mal, qoyun və toyuq əti, şəkər tozu, kərə yağı, süd, pendir, yumurta, kartof, soğan, alma, armud, banan, portağal, mandarin, qoz, fındıq, şabalıd və digər ərzaq məhsullarını əhatə edir. Monitorinq zamanı 2 halda süni qiymət artımı halı aşkar olunub və hər 2 sahibkar barəsində qanunvericiliyə müvafiq olaraq akt və protokol tərtib edilib, inzibati tənbeh növü tətbiq edilib.
Devalvasiyadan sonrakı müddət ərzində muxtar respublikaya idxal olunaraq satışı həyata keçirilən məhsulların qiymətlərində müəyyən artımın yaranması zərurətini nəzərə alaraq 19 sahibkarlıq subyekti tərəfindən idxal edilərək satışı həyata keçirilən ərzaq və qeyri-ərzaq məhsullarının yeni artım qiyməti ilə satışına icazə verilməsi haqda müraciətlərə baxılıb, yerli istehsal məhsulları nəzərə alınaraq analoji idxal məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunmaqla, ümumilikdə, 1198 çeşid məhsulun qiymətləri təhlil edilib. Qiymətləri nəzərdə tutulan həddən aşağı olan məhsulların satışına icazə verilib.
Süni qiymət artımına yol verilməməsi məqsədilə yerli istehsal məhsulları da diqqətdə saxlanılıb. Müəssisələrin müraciəti əsasında ötən dövr ərzində yerli istehsal olan 312 çeşiddə məhsulun maya dəyərinə daxil olan xərclər araşdırılıb və müvafiq kalkulyasiya hazırlanıb.
Komissiya tərəfindən istehlak mallarının qiymətlərinə nəzarət olunması üzrə maarifləndirici istiqamətdə monitorinqlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti