Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda hər il onlarla obyekt həyata vəsiqə alır. Cari ildə də bölgənin müxtəlif ünvanlarında tikinti işləri davam etdirilir. Rayon mərkəzində 2 nömrəli tam orta məktəb üçün yeni bina inşa olunur, 48 nömrəli üçmərtəbəli 24 mənzillik ictimai yaşayış binasında əsaslı təmir işləri aparılır.
Məktəb binasının tikintisi “Gəmiqaya” MMC-nin inşaatçılarına həvalə edilib. Zirzəmi ilə birlikdə dördmərtəbəli olan məktəb binası 900 şagird yerlikdir. İnşaatçılara yaradılmış hərtərəfli şərait binada tikinti işlərini vaxtında başa çatdırmağa imkan verib. Binanın çardağı vurulub, daxildə müxtəlif inşaat işləri həyata keçirilir. İnşaatçılar binanı yeni dərs ilinədək təhvil vermək əzmi ilə çalışır, keyfiyyət amilinə xüsusi diqqət yetirirlər. Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı sinif otaqları, fənn laboratoriyaları, kitabxana, müəllimlər, psixoloq, şahmat və kompüter otaqları, elektron lövhəli sinif veriləcək.
Rayon mərkəzinin Heydər Əliyev prospektindəki ictimai yaşayış binasının əsaslı təmir işlərini “Cahan Holdinq” Şirkətlər İttifaqının inşaatçıları həyata keçirirlər. Binanın çardağı yenidən qurulub, divarları üzlənir, qapı və pəncərələr, elektrik xətləri dəyişdirilir.
Xəbərlər şöbəsi