23 Dekabr 2024, Bazar ertəsi

İqtisadiyyatın inkişafı, insanların tələbatlarının artması pul mübadilələri zamanı hesablaşmaların sürətli və şəffaf şəkildə aparılmasını da zəruri edir. Müasir dövrümüzdə insanların qarşılıqlı iştirakı olmadan həyata keçirilən nağdsız hesablaşmalar bu baxımdan bank sistemindəki mühüm yeniliklərdən sayılır.
Hazırda dünya üzrə hesablaşmaların nağdsız formalarından geniş istifadə olunur. Statistikaya görə, beynəlxalq nağdsız hesablaşmaların ümumi hesablaşmalardakı payı orta hesabla 80 faizdir. Əhalinin fərdlər şəklində nağdsız hesablaşmalara meylinə nəzər yetirdikdə isə bu göstəricilərin, əsasən, inkişaf etmiş ölkə­lərdə daha yüksək, 80-90 faiz arasında olduğunu görürük. Bütün bunlar isə, təbii ki, insanların rahatlığının təmin olunması üçün görülən işlərin nəticəsində mümkün olub.
Müasir ödəniş avadanlıqları sırasında əhali tərəfindən ən çox bilinən və müraciət ediləni məhz bankomatlardır. Bankomatlar və ya beynəlxalq dildə ATM adlandırılan maşınlar bank əməliyyatlarının bir qisminin banka müraciət etmədən həyata keçirilməsinə imkan verir. Tarixdə ilk bankomatlar 1950-1960-cı illərdə istifadəyə verilib. Banklarda artan müştəri müraciətlərinin və müəssisələrin banklarla əlaqələrinin sıxlaşdığı bir dövrdə bank daxilində növbələrin azaldılması, bank hesabları ilə əlaqədar sadə əməliyyatlar aparmaq istəyən müştəri kütləsinə bank şöbələrindən kənarda xidmət göstərilməsi, iş yükünün filiallar üzərində cəmləşməsinin qarşısının alınması məqsədilə tətbiq olunmağa başlayan bu aparatlar ötən dövr ərzində xeyli inkişaf mərhələləri keçib. Xüsusən tətil və qeyri-iş günlərində, həftə sonlarında pul vəsaitlərinə çıxış imkanının əldə edilməsi cəmiyyətdə istehlak vərdişlərinin də yenidən formalaşmasına gətirib çıxarır.

Hazırda vahid şəbəkə üzrə real vaxt rejimində bizə xidmət edən bankomatların yaradılması ötən əsrin 90-cı illərinə təsadüf edir. Bankomatların onlayn rejimdə fəaliyyətə başlaması ilə avadanlıqların funksiyaları daha da təkmilləşdirilib, nağd pulun çıxarılması ilə yanaşı, pul qəbuletmə xüsusiyyətinə də malik bankomatlarda müvafiq hesablara vəsaitlərin daxil olunması, kredit ödənişləri, depozitlərin yerləşdirilməsi və müxtəlif qeyri-nağd əməliyyatların aparılması mümkün hala gəlib.
Qeyd edək ki, ölkəmizdə ilk bankomat 1997-ci ildə Bakı şəhərində, Azərbaycan Beynəlxalq Bankının baş ofisində quraşdırılaraq əhalinin istifadəsinə verilib. Naxçıvan Muxtar Respublikasında isə bankomatlardan istifadə olunması 2003-cü ildən başlanır. Həmin tarixdən muxtar respublikada bankomatlara olan tələb daha da artmaqdadır. Bu gün muxtar respublikamızda 56-sı Naxçıvan şəhərində, 43-ü rayon və kənd mərkəzlərində olmaqla, cəmi 99 ədəd bankomat vardır. Bu bankomatlar əhalinin tələbini dolğun formada ödəyəcək şəkildə şəhər, rayon və kəndlərdə əhali sayına və kart infrastrukturuna müvafiq paylanılıb. Hazırda muxtar respublikamızda gün ərzində orta hesabla 6273 dəfə müraciət olunan bankomatlar günün 24 saatı əhalinin xidmətindədir. Belə ki, bu gün orta hesabla muxtar respublikada ay ərzində bankomatlarda 200 minə yaxın əməliyyat aparılır. Edilən müraciətlərə və aparılan əməliyyatların həcminə baxdıqda bankomatların əhəmiyyəti burada bir daha özünü göstərir. Belə ki, əgər bu qədər əməliyyat yükü muxtar respublikada fəaliyyət göstərən bank və bank filiallarının üzərinə düşsəydi, bu zaman nə qədər çatışmazlıq və vaxt itkisi yaranacağını düşünmək çətin deyil.
Hazırda muxtar respublikada, ümumilikdə, 230 mindən artıq ödəniş kartı mövcuddur. Bu, orta hesabla əhalinin hər iki nəfərindən birində ödəniş kartı deməkdir. İndi dövlət sektorunda çalışan bütün işçilərin əməkhaqları ödəniş kartları vasitəsilə ödənilir. Şəxsi hesabların, debet və kredit kartlarının əldə olunması üçün real şərait mövcuddur. Özəl sektorda işçilərin əməkhaqlarının kartlarla ödənilməsi işi isə davam etdirilməkdədir. Belə bir şəraitdə, demək olar ki, işəgötürənlər və işçilər arasındakı hesablaşmaların böyük qismi nağdsız şəkildə aparılır. Lakin statistikaya əsasən, əhalinin vəsaitlərinin nağdlaşdırılmasına olan tələbi də kifayət qədər böyükdür. Bu da nağd pulun idarəolunması, saxlanması və daşınması baxımından həm bank, həm müəssisələr, həm də vətəndaşlar üçün müəyyən çətinliklər yaradır. Belə ki, bu gün muxtar respublikada bankomatlara edilən hər 100 müraciətin 98-i vəsaitlərin nağdlaşdırılması üçün edilir. Halbuki hazırda muxtar respublikamızda ən müasir ödəniş avadanlıqlarının quraşdırılması, daim yenilənən ödəniş alətlərinin regionda tətbiqi və mövcud strukturun təkmilləşdirilməsi işləri mütəmadi şəkildə aparılır, dünyada tətbiq olunan ən yeni texnologiyaların, çoxfunksiyalı ödəniş terminallarının, təmassız ödənişləri mümkün edən POS-terminal və bankomatların istifadəsinə imkanlar yaradılır.
Nağdsız ödənişlər üzrə digər ödəniş alətləri ilə yanaşı, bankomatların bu sahədə geniş funksiyaları vardır. Belə ki, bu funksiyalar sayəsində həm vaxta qənaət etmək, həm də bankların gün ərzində müəyyən edilmiş saatlarda limitlənmiş xidmətlərindən istənilən vaxt yararlanma imkanı qazanmaq mümkündür. Məsələn, ölkə ərazisində yaşayan bir şəxsə vəsait göndərmək üçün ya ən yaxın bank filialına müraciət etmək, ya da tanış şəxs taparaq onun vasitəsilə pulun ünvana çatdırılması çoxumuz üçün xeyli vaxt tələb edən, yorucu bir prosesdir. Lakin bankomatlar vasitəsilə heç bir sənəd tələb olunmadan, istənilən gün və saatda, sadəcə, ödəniş kartını istifadə edərək bu əməliyyatları bir neçə dəqiqədə həyata keçirmək olar. Ən əsası da bu əməliyyat zamanı vəsaiti alan qarşı tərəfin hər hansı bir ödəniş kartına sahib olması da şərt deyil. Bunun üçün müvafiq addımları izləyərək göndərilən vəsait kartsız şəkildə də əldə oluna bilir. Bundan əlavə, kartdan digər bir şəxsin kart hesabına pul göndərilməsi, mobil rabitə xidmətlərinin dəyərinin ödənilməsi kimi hesablaşmaların da bankomatlar vasitəsilə həyata keçirilməsi mümkündür. Adıçəkilən xidmətlərin həyata keçirilməsi üçün nağd vəsait qəbul­etmə funksiyasına malik bankomatlarda vətəndaşlara məxsus ödəniş kartı olmadan da bu xidmətlərdən yararlanma imkanı vardır. Bununla yanaşı, hazırda muxtar respublikamızda fəaliyyət göstərən kommunal xidmət müəssisələrinin və rabitə operatorlarının ödənişlərinin “Hökumət Ödəniş Portalı”na inte­qrasiyası işləri davam etdirilir ki, bu da yaxın zamanda bu və bunun kimi bir çox ödənişlərin də bankomatlar vasitəsilə ödənilməsini mümkün edəcəkdir.
Bankomatlarda ödənişlərlə yanaşı, banka müraciət etmədən hesaba nəzarət edilməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi funksiyası da vardır. Hesabdakı qalıq vəsaiti bilmək üçün balansın yoxlanılması və çap edilməsi, tələb edilən müddətlər üzrə hesabdan çıxarış qəbzlərinin əldə olunması bütün bankomatlarda təqdim olunan xidmətlər sırasındadır. Onu da qeyd etmək vacibdir ki, bu xidmətlərdən istifadə zamanı heç bir əlavə ödəniş tələb olunmur. Kartla əlaqədar bütün əməliyyatlarda istifadə olunan və kart sahibinə qapalı zərfdə təqdim edilən, bəzən də yadda saxlanılmasında çətinliklər yaranan məxfi PIN kodların dəyişdirilməsi də kiçik bir ödənişlə bankomatlar vasitəsilə həyata keçirilir. Hazırda banklar tərəfindən “SMS xəbərdarlıq”, “Mobil Banking” və “İnternet Banking” xidmətləri də tətbiq olunur ki, bunların da aktivləşdirilməsi birbaşa bankomatlar vasitəsilə həyata keçirilə bilir.

Gəlin, müasir bankomatlara yalnız nağd pul maşınları kimi yanaşmayaq. Bir sıra gündəlik pul və ödəniş işlərimizin asanlaşdırılmasında etibarlı vasitələr olan bankomatlar qeyri-nağd hesablaşma vərdişlərinə də yiyələnməyimiz üçün geniş funksiyalarla xidmətinizdədir.

Hafiz İSMAYILBƏYLİ
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin
İqtisadi təhlil və statistika şöbəsinin mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR