Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birliyin direktoru Səxavət Abbasovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 81 min 422 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 234 abonent, 47 müəssisə cari ilin birinci rübündə təbii qazla təmin olunmuşdur.
Cari ilin birinci rübündə qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.
Daşıyıcı qaz şəbəkəsinin mövcud 720 millimetrlik yeraltı qaz kəməri uzun müddət istismarda olduğu üçün fiziki cəhətdən tam aşınmış, korroziyaya uğramışdır. Qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz istiqaməti üzrə 27 kilometrlik ortatəzyiqli yeraltı qaz kəmərinin inşası vaxtında başa çatdırılmış, cari ilin yanvar ayında istifadəyə verilmişdir. Naxçıvan-Sədərək istiqaməti üzrə 81,6 kilometrlik yüksəktəzyiqli yeraltı qaz kəmərinin inşası isə davam etdirilir.
Muxtar respublikada təbii qazın qeydiyyatının dəqiq aparılması məqsədilə quraşdırılmış ROC-407 tipli qaz ölçü cihazına və “Elestr” tipli qaz sayğaclarına ciddi nəzarət olunur. Avtomat qazpaylayıcı stansiyalarda istismar olunan ROC-407 tipli ölçü cihazı yoxlamadan keçirilmiş və kalibrləşdirilmişdir.
“Naxçıvanqaz” İstehsalat Birliyi üzrə təbii qazın qəbulu, paylanması və təhvili prosesində qaz sərfi göstəricilərinin mərkəzləşdirilmiş nöqtədə çevik kompyuter-nəzarət və qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar hazırlanmış layihənin icrasına ötən ilin sonundan başlanılmış, ROC-407 tipli elektron sərfölçmə cihazları üzərində uzaq məsafədən operativ nəzarət üçün ölçü qovşağında yerləşən qaz ölçü cihazı ilə mərkəzdəki kompyuter arasında əlaqə yaradan modemlərin quraşdırılmasına başlanılmış, 6 ədəd xaricedici və 1 ədəd qəbuledici modem quraşdırılmışdır. Cari ilin ötən dövründə də bu istiqamətdə işlər davam etdirilmiş, 1 ədəd qəbuledici və 11 ədəd “Elestr” tipli qaz sayğaclarına xaricedici modemlər quraşdırılmışdır. Yaxın vaxtlarda isə Naxçıvan-Şahbuz ortatəzyiqli yeraltı qaz kəmərinin üzərində yerləşən qaz ölçü qovşaqlarında 5 ədəd modemin quraşdırılmasına başlanılacaq. Eyni zamanda Naxçıvan-Sədərək yüksəktəzyiqli və Naxçıvan-Şahbuz ortatəzyiqli magistral qaz kəmərlərinin korroziyadan qorunması üçün kəmər üzərində quraşdırılmış mühafizə sistemində də modemlərin quraşdırılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, muxtar respublika ərazisində hazırda istismar edilən ROC-407 tipli sərfölçən cihazlarındakı məlumatlar hər hesabat ayının sonunda işçilər tərəfındən yerlərə çıxmaqla səyyar kompyuterlər vasitəsilə toplanılırdı.
Muxtar respublikamızın bütün rayonlarında, hətta ən ucqar yerlərdə quraşdırılan sərfölçən cihazlardan aylıq məlumatların hər ayın sonunda götürülməsi üçün servis xidməti ayrılır, əlavə xərc çəkilir, qış aylarında isə bəzi nöqtələrdən bu məlumatların əldə edilməsində çətinliklər yaranırdı. Həmçinin cihazın yaddaşında olan aylıq, saatlıq və dəqiqəlik sərf göstəriciləri, qazın xüsusi çəkisi, borunun və daraldıcı qurğunun daxili diametri və digər göstəricilər səyyar kompyuter vasitəsilə götürüldükdə bu göstəricilərin təhlili yalnız həmin məlumatların “Naxçıvanqaz” İstehsalat Birliyinin inzibati binasına çatdırılmasından sonra mümkün olurdu. Bu da hesabatların vaxtında tərtib edilməsində çətinlik törədirdi.
Mərkəzləşdirilmiş (məsafədən) çevik kompyuter nəzarət və qeydiyyat sisteminin yaradılması ölçü qovşağında quraşdırılmış cihazın sərf göstəricilərini əlavə kabel xətləri çəkilmədən muxtar respublikamızda mövcud olan GSM şəbəkəsi əlaqəsinin köməyi ilə məsafədən götürülməsinə imkan verir. Bu isə, öz növbəsində, baş verən dəyişikliklərin vaxtında qeydə alınmasına, onların başvermə səbəblərini araşdıraraq qısa müddət ərzində lazımi tədbirlərin görülməsinə, nəql edilən təbii qazın xüsusi çəkisi dəyişdikdə həmin xüsusi çəkinin göstəricisini qazın nəqli istiqamətində olan cihazlara, daraldıcı qurğu dəyişdirildikdə onun daxili diametrinin ölçüsünün cihazın yaddaşına daxil edilməsinə şərait yaradır. Bundan əlavə, ildə iki dəfə – payız-qış, yaz-yay mövsümlərində saatların dəyişdirilməsi prosesini mərkəzləşdirilmiş sistem vasitəsi ilə cihazlara daxil etməklə həmin gün ərzində azalan və ya çoxalan saatların sayını da nəzərə almaqla hesabatların daha dəqiq aparılması təmin edilir.
Mərkəzdəki kompyuter hər bir sərfölçən cihazdan dəqiqəlik, saatlıq, ongünlük və aylıq sərf göstəriciləri haqqında məlumatları bir saatdan bir götürür. Məlumatların bir saatdan bir götürülməsinə səbəb ROC-407 sərfölçən cihazın dəqiqəlik sərfiyyat barədə məlumatları yalnız bir saat ərzində yaddaşda saxlaya bilməsidir. “Naxçıvanqaz” İstehsalat Birliyində quraşdırılan server kompyuteri mərkəzdəki kompyuterdən sərf göstəriciləri haqqında məlumatları iki saatdan bir yalnız istifadəçi (baxış) rejimində götürür və “Naxçıvanqaz” İstehsalat Birliyinin müvafiq idarə və şöbələri istənilən vaxt aidiyyəti üzrə məlumatları həmin server kompyuterdən götürməklə müxtəlif hesabat formalarının hazırlanmasında istifadə edirlər. Bu isə, nəticədə, Naxçıvan Muxtar Respublikasında təbii qazın nəqli və paylanması proseslərini tam nəzarətdə saxlamaqla məlumatların vaxtında, daha dəqiq əldə edilməsinə və hesabatların düzgün aparılmasına imkan yaradır.
Kərəm HƏSƏNOV