“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir
Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaratmışdı. Son illər “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib.
Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir ki, burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılıb. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılıb, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilib. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl ehtiyatı anbarında mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər görülüb, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılıb, avadanlıqlar yağlanıb, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılıb, laboratoriyaya baxış keçirilib.
Muxtar respublikada strateji əhəmiyyətli məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, 2016-cı ilin məhsulu üçün 31 min 579 hektar sahədə bol məhsul yetişdirilib. Ayrı-ayrı rayonlardan gətirilən sarı kəhrəba “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində laborator analizdən keçirildikdən sonra 60 tonluq rəqəmsal tərəzidə çəkilərək qəbul olunur. Toxumluq və istehsal üçün nəzərdə tutulan taxıl təyinatı üzrə ayrı-ayrı anbarlara təhvil verilir. Taxılçılıqla məşğul olan sahibkarlardan Xaləddin Zeynalov, Rafiq Əliyev, Ramiz Şükürov, Zürab Mehdiyev bizimlə söhbətdə qeyd etdilər ki, təsərrüfat suyuna olan tələbat vaxtında ödənilir, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilir, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməkliklər göstərilir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən ötən ildən hər hektar buğda sahəsi üçün 100 manat, arpa əkini sahəsi üçün 50 manat ödənilir, mineral gübrələr isə 70 faiz güzəştlə verilir. Həmçinin ötən ildən lizinqin şərtlərinə dəyişiklik edilib, alınan kənd təsərrüfatı texnikalarının ümumi dəyərinin 40 faiz həcmində güzəşt tətbiq olunub ki, bu da hər bir torpaq mülkiyyətçisinin ailə büdcəsinə müsbət təsir göstərib, onun əkib-becərmək əzmini daha da artırıb.
Taxılın əkilib-becərilməsi ilə yanaşı, məhsulun vaxtında toplanılmasına və münasib qiymətə “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsinə də əlverişli şərait yaradılıb. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdardırlar.
Strateji əhəmiyyətli məhsulun tədarük olunub yüksək keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Hazırda Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleks inşa olunur. Ərazidə texnikaların saxlanılması üçün qaraj və anbar binaları inşa edilib. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.
Kərəm Həsənov