22 Dekabr 2024, Bazar

“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılmışdır. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılmış, müəssisə 2008-ci ilin oktyabr ayında istifadəyə verilmişdir. Eyni zamanda 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sexi tikilmişdir.

İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hundai” markalı soyuducu kamerası olan avtomobil alınmışdır. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilmiş, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılmışdır. Bu da istehsal edilən pivəni 6 ayadək saxlama imkanına malikdir.

Müəssisədə daha bir istehsal sahəsinin yaradılması – sərinləşdirici içkilərdən kvas və limonad istehsalı üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin avqust ayında 300 min manat güzəştli kredit ayrılmış, müasir tələblərə cavab verən istehsal sahələri inşa olunmuşdur. Burada gündəlik istehsal gücü 1 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılmış, 2012-ci ilin mart ayından kvas istehsalına başlanılmışdır. Kvas istehsalı üçün lazım olan xammal Rusiya Federasiyasından alınır, maqneziumsuz su isə Kəngərli rayonunun Çalxanqala kəndindəki bulaqlardan xüsusi maşınlarla daşınır. Xammal qaynadılmış su ilə xüsusi avadanlıqlarda qarışdırılır, ayrı-ayrı çənlərdə 3 gün müəyyən olunmuş temperaturda saxlandıqdan sonra istehsala buraxılır. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, Gürcüstan Respublikasından limonad istehsalı sahəsində qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla mart ayında 4 çeşiddə limonad istehsalına başlanılmışdır. Yeni istehsal sahələrinin yaradılması ilə müəssisədə 10, xidmət sahələrində isə 50 yeni iş yeri açılmışdır. Ümumilikdə, müəssisədə 35, xidmət sahələrində isə 200 nəfərdən çox işçi çalışır.
10 çeşiddə pivə istehsal etmək imkanı olan müəssisədə hazırda açıq və tünd olmaqla, 2 çeşiddə pivə istehsal olunur. İstehsal edilən pivə 0,33, 0,5 litrlik şüşə, 1 litrlik plastmas və 25, 50 litrlik çəlləklərdə, kvas 0,5, 1 litrlik plastmas, 25, 50 litrlik çəlləklərdə, limonad isə 0,5, 1 litrlik plastmas butulkalarda “Prestij” əmtəə nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, müəssisədə texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. İstehsal prosesindən sonra mütəmadi olaraq avadanlıqlara texniki qulluq göstərilir. Anbarlarda yerləşən çənlər isə hər dəfə boşaldılaraq natrium-hidroksid, fosfat və sirkə turşusu ilə yuyulub təmizlənir.
İsti yay aylarında əhalinin sərinləşdirici içkilərə olan tələbatı nəzərə alınaraq, Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində kvas və limonadın satışı üçün soyuducularla təmin olunmuş xüsusi şkaflardan ibarət səyyar satış mərkəzləri yaradılacaqdır.
Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında da satışa çıxarılması planlaşdırılır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR