Nahar fasiləsi zamanı “Cahan” Ticarət Mərkəzindən yüngülvarı bazarlıq edib evə dönərkən əlindəki torbaları güclə daşıyan qonşum Nazimə də köməklik etdim.
– Qonşu, illik bazarlıq edirsən? – deyə zarafat etdim.
– Yox, Bakıya gedəcəyəm. Qohumlar Naxçıvan göycəsi, Ordubad limonu, tərxun, Nehrəm pendiri, bir də Naxçıvan kolbasası istəyiblər. Ona görə bazarlığım bir az normadan artıq olub, – deyib güldü.
– Yaxşı, sadaladığın bu məhsullar ki var, onlar dad-tamı ilə seçilən sırf Naxçıvan məhsullarıdır. Yəni bu məhsulları pay aparmaq lazımdır. Bəs Naxçıvan kolbasasını niyə aparırsan? Əvvəllər səfərə gedən tanış-bilişdən Moskva, yaxud da Bakı kolbasası alıb gətirməyi xahiş edirdik. İndi nə dəyişib?
Qonşum əlindəkiləri yerə qoyub nəfəsini dərdi:
– Bəli, Naxçıvan həmin Naxçıvandı. Dəyişən isə zamandır. Özü də Naxçıvanın xeyrinə dəyişən zaman. Bu zaman kəsiyində özünü təsdiq edən məhsullarımız sırasına düşən, brend olaraq tanınan Naxçıvan kolbasaları da var.
– Hansı müəssisənin istehsal etdiyi kolbasanı almısan? – deyə soruşdum.
– Mağazalarda, marketlərdə “Bərəkət”in, “Hilal”ın və “Müasir Məkan”ın kolbasaları var. Mən keçən dəfə “Müasir Məkan”ın məhsullarını pay apardım, xoşlarına gəldi, dadlıdır dedilər. Elə bu dəfə də həmin məhsullardan alıb aparmağı xahiş etdilər. Mən də “Müasir Məkan”a gedib, elə müəssisədə fəaliyyət göstərən firma mağazasından aldım, özü də münasib qiymətə.
Ertəsi gün Naxçıvan şəhərinin Babək məhəlləsində yerləşən “Müasir Məkan” Ət və Ət Məhsulları İstehsalı Müəssisəsinə getdik. Səliqə-sahmanı ilə gözoxşayan istehsal müəssisəsindən çox istirahət mərkəzini xatırladan bu məkan qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanın gözəl guşələrindən birinə çevrilib. Mühafizə xidmətindən müəssisənin direktoru Ziyafəddin Məmmədovu soruşduq.
– Yeməkxanadadır. İşçilərlə birlikdə nahar edir, – deyib getdi. Bir azdan Ziyafəddin müəllimlə döndü. Həmişəki kimi zarafatından qalmayan Ziyafəddin müəllim:
– Qayınananız sizi çox istəyir, yemək üstünə gəlmisiniz, – deyib bizi də yeməkxanaya aparıb müəssisənin istehsal etdiyi məhsullardan hazırlanmış dadlı təamlara qonaq etdi. Nahar fasiləsindən sonra müəssisəni gəzdik, istehsal prosesi ilə tanış olduq.
Ziyafəddin Məmmədovun dediklərindən:
– 2003-cü ildə kiçik bir sexdə fəaliyyətə başladıq. Düzü, məhsullarımıza tələbatın bu qədər artacağını təsəvvür etmirdik. Təbii ki, artan tələbatın ödənilməsi, daha çox və daha keyfiyyətli məhsul istehsal etmək üçün yeni binanın inşa olunması, daha müasir texnoloji avadanlıqların alınması zərurəti yarandı. Bu isə imkanımız xaricində idi. Biz də dövlət qаyğısındаn bəhrələndik. Müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundan dövlət mаliyyə dəstəyi göstərildi. Nахçıvаn şəhərinin Babək məhəlləsində istеhsаl müəssisəsi üçün аyrılmış ərazidə müasir layihə əsasında istеhsаl sехi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, lаbоrаtоriyа, inzibаti binа tikib istifadəyə verdik. 2011-ci ilin əvvəllərində fəaliyyətə başlayan müəssisədə Polşa istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Həmçinin müəssisənin daim təzə ətlə təmin olunması üçün Culfa rayonunun Gülüstan kəndi ərazisində yаrdımçı təsərrüfаt yaradılıb. Hazırda müəssisədə “Nахçıvаn”, “Hаlаl” və “Dоğmа tаm” çеşidlərdə hisə vеrilmiş və bişirilmiş kоlbаsа, eləcə də sоsiskа istеhsаl оlunur. Fəaliyyətə başlayan zaman 2-3 çeşiddə ət və ət məhsulları istehsal olunan müəssisədə hazırda 22 çeşiddə məhsul istehsal edilir.
Burada хаmmаlın qəbulundаn tutmuş sаtışа çıхаrılmаsınаdək texnoloji proseslərə ciddi əməl оlunur: ət və hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra istеhsаlа və satışa burахılır.
“MM” tanıtım nişanı ilə satışa çıxarılan məhsullar аlıcılаr tərəfindən rəğbətlə qаrşılаnır. Ayrı-аyrı ticаrət şirkətlərindən аlınаn sifаrişlər də dаd-tаmı ilə sеçilən bu yеrli məhsulа tələbаtın çох оlduğunu göstərir. Müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışını təmin etmək məqsədilə Bakı şəhərində satış mərkəzi yaradılıb. Gələcəkdə müəssisədə istеhsаl edilən məhsullаrın xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır. İqtisadi əlaqələri genişlənən müəssisədə daxili bazarın tələbatına uyğun yeni istehsal sahələri yaradılıb. 2014-cü ildə ətin konservləşdirilməsi istehsalı sahəsi üçün Almaniyanın “ASCA” şirkətindən istehsal gücü saatda 600 ədəd 400 qramlıq tara olan, ətin konservləşdirilməsi istehsalı sahəsində istifadə edilən tara istehsalı üçün Çin Xalq Respublikasından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaradıb.
– İstehsal sahəsi ilə yanaşı, xidmət sektorunda da öz bacarığımızı sınadıq. Novruz bayramında istehsal etdiyimiz məhsulları və hazırladığımız milli yeməkləri şənlik iştirakçılarına təqdim etdik. Rəğbətlə qarşılandı. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikamıza gələn turistlərə və yerli ziyarətçilərə nümunəvi iaşə xidməti göstərilməsi üçün hər cür şərait yaradıldı. Müəssisənin ərazisində də qədimliklə yeniliyin harmoniyası olan quruculuq tədbirləri həyata keçirilib. Toy şənliklərinin keçirilməsi üçün müasir memarlıq üslubu ilə seçilən şadlıq sarayı, qədimliyi özündə yaşadan, xüsusi dizaynla bəzədilmiş, taxtadan qurulmuş, həsir tavanı olan istirahət guşəsi, istehsal olunan məhsulları daha münasib qiymətə alıcılara təqdim edən firma mağazası, fayton arabalarını xatırladan, taxtadan hazırlanmış stol və stullarla bəzədilmiş kafe müştərilərin və şəhərimizə gələn əcnəbi qonaqların istifadəsinə verilib. Elə düşünürəm ki, kifayət qədər məlumat verdim, – deyən Ziyafəddin Məmmədov yüksəklikdə yerləşən, tariximizi, keçmişimizi özündə yaşadan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini göstərərək:
– Orada da “Müasir Məkan”ın istehsal etdiyi məhsullardan hazırlanan isti yeməklər və müxtəlif milli yeməklərimizi turistlərə təqdim etmək imkanı olan hər cür şəraitə malik yeməkxana, çay evi fəaliyyət göstərir. Elə çayımızı da orada içək, – deyib maşına tərəf yönəldi.
Qala divarları üzərində sıralanmış stulların birində oturub, elə mis çaynikdə, limonlu çay içə-içə nümunəvi xidmətin ünvanı olan bu məkandan qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvanın, dəmiryol vağzalına, “Duzdağ” otelədək sıralanan, sayrışan ulduzları xatırladan, elektrik dirəklərindən ətrafa nur saçan lampaların, Bayraq Meydanında dalğalanan, qürur mənbəyimiz olan üçrəngli bayrağımızın yaratdığı ecazkar mənzərəni seyr etdik. Azərbaycanın bu qədim diyarında aparılan, bir vaxtlar əlçatmaz, inanılmaz görünən, vətənpərvərlikdən doğan, ağır zəhmətdən bəhrələnməklə reallığa çevrilən, gözoxşayan mənzərə qəlbimizə rahatlıq gətirdi.
Kərəm Həsənov