23 Dekabr 2024, Bazar ertəsi

Yerli istehsalın milli iqtisadiyyatın qurulmasındakı əhəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində özünü sübut etmişdir. İqtisadi müstəqilliyin təmin olunması üçün tamamilə yerli imkanlara əsaslanan istehsal bu baxımdan sahibkarlığı cəsarətləndirən, insanların işgüzarlığını və sosial fəallığını yüksəldən mühüm şərtlərdəndir. Xüsusən emal sənayesi bölgədə hasilat sənayesi və kənd təsərrüfatında istehsal olunmuş xammalın istehlak üçün hazır olan son məhsul kimi ərsəyə gətirilməsində mühüm rol oynayır. Ölkəmizdə və muxtar respublikamızda milli iqtisadiyyatın bir sahədən asılılığının azaldılması və onun daha da şaxələndirilməsi istiqamətində görülən işlər baxımından emal sənayesinin inkişaf etdirilməsinin əhəmiyyəti açıq görünür. 

Şərur özünün ərazisi, insan ehtiyatları, təbii sərvətləri və tarixi təsərrüfatçılıq ənənələri ilə təkcə Naxçıvan Muxtar Respublikasında deyil, ölkəmizdə seçilən rayonlardandır. Şərur deyəndə, ilk olaraq qonaqpərvər, vətənini, torpağını hər şeydən çox sevən cəsur insanlar və ildə iki dəfə məhsul əldə olunan bərəkətli torpaqlar, Arpaçayın bol suyundan bəhrələnmiş taxıl zəmiləri, geniş bağ-bostanlar yada düşür. Bəli, Şərur torpağının sirrini şərurlular hamıdan yaxşı bilirlər. Məhz yazın ortasından başlayaraq bazara çıxarılan Şərur nemətləridir ki, Naxçıvanın hər yerində kütləvi ucuzluğa səbəb olur, əhali bunlardan alıb istifadə edir, müxtəlif üsullarla qış ehtiyatı yaradır. Bir sözlə, təbiət Şərurdan heç nəyi əsirgəməyib.

Müasir bazar iqtisadiyyatı, müstəqil ölkəmizin dünyanın hər yeri ilə genişlənən iqtisadi əlaqələri və Naxçıvan Muxtar Respublikasında sahibkarlığın təşviqi istiqamətində görülən işlər Şərurda da müxtəlif sahələrin inkişafı üçün əlverişli şərait yaradıb. Hazırda Şərurda 400-dən artıq müxtəlif profilli sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunlardan da yalnız 50-yə yaxını müxtəlif xammal əsasında istehsalla məşğul olur. Şübhəsiz, müasir iqtisadi inkişaf və işgüzarlıq mühitində Şərur kimi böyük bir rayonda bu qədər sayda istehsal və emal müəssisəsinin fəaliyyət göstərməsi az nailiyyət olmasa da, bununla kifayətlənmək də olmaz. Çünki muxtar respublikamızda daxili bazarın tələbatının artması ilə yanaşı, ixrac imkanlarımızın da genişlənməsi yerli istehsal üçün əlverişli şərait yaradıb. Muxtar respublikaya texnoloji avadanlıq gətirilməsi, sahibkarlığa verilən kredit dəstəyi, daxili bazarın qorunması ilə yerli istehsalçıların işinin stimullaşdırılması hər cür istehsal və emal işi ilə məşğul olmaq istəyənə geniş imkanlar açır. Dövlətimiz də emal sənayesini inkişaf etdirməklə muxtar respublikamızın bölgələrində yeni iş yerlərinin yaradılması, idxaldan asılılığın azaldılması və valyuta vəsaitlərimizə qənaət olunması kimi ali məqsədlər güdür.
Şərur rayonunda fəaliyyətdə olan emal və istehsalyönümlü müəssisələrə baxdıqda burada, əsasən, lavaş bişirilməsi olmaqla, bir neçə kərpic və qapı-pəncərə istehsalı sahəsi və dəyirmanları görürük. Bunlardan və spirtli içkilər istehsal edən “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətindən başqa, rayonda fəaliyyət göstərən bir neçə istixana kompleksini də istehsalyönümlü müəssisə kimi qeyd edə bilərik.
Şərur iri kənd təsərrüfatı rayonudur. Amma muxtar respublikamızda hansı marketə daxil olsaq, ölkəmizin digər yerlərindən və xaricdən idxal olunmuş paketlənmiş süd və süd məhsullarını görməkdəyik. Eynilə hər gün bazar və marketlərimizdə muxtar respublikamızdan kənarda istehsal olunmuş ət məhsullarına da xeyli pul ödəyirik. Amma, görəsən, gözəl paketlənmiş şəkildə marketlərimizdə satılan, lakin mənşəyi məlum olmayan meyvə şirələrinin hansının dadı hər il Şərur bağlarında hasilə gələn min tonlarla şaftalı, ərik, gilas, gilənar kimi meyvələri əvəz edə bilər? Şübhəsiz, heç biri. Belə olduqda, ənənəvi ticarətdən istehsala keçmək üçün şərurlu sahibkarları daha nə düşündürür? Bilirik ki, Naxçıvanda yerli məhsullara, xüsusən hər bir nemətin hasilə gəldiyi yerdə emal olunub qablaşdırılma ənənəsinə böyük dəyər verilir. Məsələn, sadə naxçıvanlı süfrəsində holland pendiri əvəzinə, Nehrəm pendiri görmək istədiyi kimi, Ordubad kom­potunu, Şahbuz balını heç zaman heç nə ilə dəyişməz. Eynilə Şərurun süd məhsulları bu gün marketlərimizdə satılan idxal məhsullarının yerini tutmağa, “Sirab”, “Badamlı” suları kimi xaricə də ixrac olunmağa layiqdir. Vaxtilə Şərurda mövcud olmuş üzümçülük və şərabçılıq ənənələrini, onun gəlirlərini indi də bir çoxları yaxşı xatırlayır. O dövrdən fərqli olaraq, indi torpağın kənd­liyə verildiyi, texnika parkının tamamilə yeniləndiyi, nəqliyyat işlərinin sürətləndiyi, təsərrüfat əlaqələrinin sadələşdiyi və xarici bazarlara çıxış üçün hər cür təşviq mexanizminin mövcud olduğu bir vəziyyətdə sahibkarlarımız muxtar respublikamızın bütün bölgələrinin istehsal-iqtisadi imkanlarını hərəkətə gətirmək üçün çalışmalıdırlar. Çünki bizim sahibkarlar, doğrudan da, çox qoçaqdırlar. Elə Aşağı Aralıq kəndində fəaliyyət göstərən “Arpaçay” MMC-nin sahibi Elxan Əliyev kimi.
Elxan Əliyevin Aşağı Aralıq kəndindəki dəyirmanına baş çəkəndə burada qaynar iş gedirdi. Kefinin çox kök olduğu sahibkar söhbətində bildirdi ki, 2001-ci ildən iş qurub. Altı nəfər işçisi var. Burada saatda 600 kiloqrama yaxın buğdanı üyüdə bilir. Şərurdan başqa, Kəngərli, Babək və Culfadan da sifarişçiləri vardır. Dediyinə görə, onun həm də Naxçıvanda yetişən buğdanın unundan lavaşbişirmə sexi də fəaliyyət göstərir. Ata məsləyi olduğu üçün dəyirmançılıq işini də yaxşı bilir. Əslən Havuşdan olduğundan gələcəkdə oradakı su dəyirmanını da bərpa edib işini genişləndirmək istəyir.
“Şərur-3” MMC-də yüksəkkeyfiyyətli spirtli içkilər istehsal edilir. Rayonun Məmmədsabir kəndində fəaliyyət göstərən bu müəssisəyə Sahibkarlığa Kömək Fondu tərəfindən 180 min manat dövlət maliyyə dəstəyi göstərilib, geniş ərazidə emal bölməsi, istehsal və qablaşdırma sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət ikimərtəbəli bina tikilib istifadəyə verilib. Türkiyə Respublikasından müasir texnoloji avadanlıqlar alınıb, istehsal prosesi avtomatlaşdırılıb.
“Şərur-3” MMC-də yerli xammal əsasında albalı, ərik, şaftalı, heyva, qara tut, zirinc, kəklikotu, baldırğan cövhərlərindən və yüksəkkeyfiyyətli spirtdən hazırlanmış 3 çeşiddə likör və 14 çeşiddə araq istehsal edilir. Müəssisədə istehsal edilən məhsullar gümüş filtrdən keçirilərək standartlara uyğun süzülüb 100, 250 və 500 millilitrlik şüşə butulkalara qablaşdırılır. Müəssisənin direktoru Zakir Məmmədov bizimlə söhbətində bildirdi ki, məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Gələcəkdə müəssisədə istehsal edilən məhsulların ölkəmizin digər regionlarında və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulub.
Göründüyü kimi, Şərur bütün sahələrdə olduğu kimi, emal sənayesində də geniş potensialı olan bir bölgəmizdir. İnanırıq ki, yaxın gələcəkdə şərurlu sahibkarlar dövlət dəstəyindən bəhrələnərək yeni emal müəssisələri yaradacaqlar.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR