23 Dekabr 2024, Bazar ertəsi

Son dövrdə aparılan iqtisadi islahatlar çərçivəsində muxtar respublikada biznes və investisiya mühitinin yaxşılaşdırılmasına mühüm önəm verilir. Lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının problemlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şurasının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması bunun bariz ifadəsidir.

İnvestisiya fəaliyyətinin genişləndirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Bütün bunlar isə sahibkarlar tərəfindən muxtar respublika iqtisadiyyatına yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdırmaq məqsədi daşıyır.

Qeyd edilən sənədləri almış sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergilər Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştlərdən istifadəetmə hüququ əldə edirlər. Bu güzəştlər, əsasən, vergi və gömrük azadolmalarından ibarətdir. Belə ki, sahibkarlıq subyektinin əldə etdiyi gəlirin və mənfəətin 50 faizi 7 il müddətinə müvafiq vergilərdən, əmlakı isə 7 il müddətində əmlak vergisindən tam azad olunur. Həmçinin sahibkarlıq subyektləri tərəfindən xaricdən gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumları və ƏDV-dən azad edilirlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası investisiya fəaliyyətinin həyata keçirildiyi inzibati ərazi vahidləri üzrə təsnifatda 5-ci regiona daxil edilib. Bu isə o deməkdir ki, muxtar respublikamız investisiya qoyuluşlarına tətbiq edilən minimal məbləğ baxımından ən yüksək güzəştlərə malik olan region hesab olunur.
İnvestisiyaların təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yerli və xarici investorlar arasında görüşlər keçirilib və investisiyanın təşviqi haqqında sahibkarlara geniş məlumat verilib. Belə ki, muxtar respublikada prioritet hesab olunan 30 investisiya layihəsi, eləcə də investisiya mühiti barədə zəruri məlumatları Azərbaycan və ingilis dillərində özündə əks etdirən elektron kataloq hazır­lanmaqdadır. Yerli sahibkarlar arasında mütəmadi olaraq seminarlar, güzəşt mexanizminin təfərrüatları barədə məlumat xarakterli görüşlər keçirilir.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin ilkin müraciətləri əsasında muxtar respublikada avtomobil şinlərinin üzlənməsi və şin tullantılarının yenidən emalı, qeyri-nəcib metallardan qaynaq elektrodlarının istehsalı, müasir texnologiyaların tətbiqi ilə intensiv bostançılıq, süd emalı və xama istehsalı, zərgərlik məmulatlarının istehsalı və bir sıra digər iqtisadi fəaliyyət sahələri üzrə layihələrin monitorinqi başa çatdırılıb. Yaxın günlərdə həmin layihələrin investisiya təşviqi sənədi və təsdiqedici sənədlə təmin edilməsi nəzərdə tutulub.
Yeni icra edilməyə başlayan bu layihələrin təşviq mexanizmlərindən istifadə edilməsi istehsal olunan məhsulların rəqabət, müəssisələrin isə manevr qabiliyyətini xeyli artıracaqdır. Güzəştlərdən düzgün istifadə edən sahibkarlıq subyektləri dövlət tərəfindən tətbiq olunan dəstək mexanizmlərindən ciddi şəkildə bəhrələnəcəklər.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR