Torpaqla ünsiyyət qurmağı bacaran, necə deyərlər, onun dilini bilən sahibkarlar haqqında yazı hazırlamaq məqsədilə üz tutdum Kəngərliyə. Rayon mərkəzində söhbətləşdiyim adamlar, – belə sahibkarlar çoxdur, ancaq Xaləddin daha təcrübəlidir, işgüzarlığı ilə seçilir, – deyib onunla görüşməyi məsləhət gördülər. Söhbətimizə qulaq asan Dostəli onun mobil telefon nömrəsini tapıb əlaqə saxlamağa köməklik etdi.
– Sahədəyəm, taxıl biçininə başlamışıq. Kəndə günortadan sonra, daha dəqiq desəm, saat 5-də dönəcəyəm. Görüşərik.
Biz də eləmədik tənbəllik, elə Dostəlinin bələdçiliyi ilə getdik Xaləddinin “iş yerinə” – taxıl zəmisinə. Xok kəndindən Araz çayına tərəf irəlilədikcə gözəl bir mənzərənin şahidi olduq. Bir vaxtlar susuzluqdan cadar-cadar olan, əkilib-becərilməyən torpaqlar indi əkilib-becərilib, yaşıllıqlar salınıb. Bolluq, bərəkət rəmzi olan, qızılı rəngə boyanmış sarı kəhrəba zəmiləri sərin meh əsən kimi sanki yırğalanır, insana xoş təsir bağışlayırdı. Elə insan zəhmətilə ərsəyə gətirilən bu təbiət gözəlliyini seyr edə-edə çatdıq Xaləddin Zeynalovun əkin keçirdiyi “Şəşəm” deyilən əraziyə. Artıq arpa zəmisində biçin başa çatmaq üzrə idi.
– Bərəkətli olsun, – deyib hündürboy, qarabəniz olan Xaləddinlə salamlaşıb görüşdük. Əlim daş kimi əlinin içində itdi. Bir az da bərk sıxsaydı, barmaqlarım həkimlik olacaqdı. Amma üzümdəki ifadədən oxudu ki, səmimi görüşün axırı istehsalatda qəza ilə nəticələnə bilər. Barmaqlarını boşaldıb: – Xoş gəlmisiniz. Qardaş, çox narahat olmadın? – dedi.
– Xeyr. Yaxşı qurtardım. Bir az da gec tərpənsəydin, müsahibəni sol əlimlə yazmalı olacaqdım.
Xeyli güldü.
Gücünə heyrətləndim. Marağımı da gizlətmədim:
– Neçə yaşınız var? – deyə soruşdum.
– 1960-cı il təvəllüdəm.
– Maşallah, gümrah qalmısınız. Elə bil 20-22 yaşında gənc oğlansınız.
– Maşallah gününüz olsun, gümrah qalmağımın bir səbəbi var, o da zəhmətdir, torpağa bağlılıqdır. Gənc yaşlarımdan torpağa bağlandım, bəhrəsini də gördüm. Özümə yaxşı gün-güzəran qurdum. Uşaqlarımı böyüdüb yerbəyer etdim. Bütün bunlar zəhmətin və dövlətin göstərdiyi qayğı sayəsində mümkün olub. 1998-ci ildə “Xok” kəndli-fermer təsərrüfatını yaradıb ildən-ilə əkin sahələrini genişləndirdim. Bu ilin məhsulu üçün ötən ilin payızında 60, bu ilin yazında isə 20 hektar sahədə taxıl əkmişəm.
– Texnika, suvarma suyu sarıdan problem olmur ki? – deyə soruşdum.
– Xeyr. Suvarma suyu vaxtlı-vaxtında verilir. Bir də ki mən ehtiyatlı adamam. Zəmilərin kənarındakı balaca gölü göstərib: – Suvarma suyuna ehtiyac olmayan mövsümlərdə ehtiyat yaradıram. Bir də ki suvarma suyundan səmərəli istifadə olunmasında, məhsuldarlığın artırılmasında və torpağın şoranlaşmasının qarşısının alınmasında mühüm rol oynayan şırım üsulu ilə, məhsuldar toxum sortlarına üstünlük verməklə əkin keçirirəm. Bu da öz bəhrəsini verib. Qaldı ki, texnikaya, bu sarıdan da heç bir problemim yoxdur. “Naxçıvan Aqrolizinq”dən “Belarus” markalı traktor, kotan, şırımaçan, gübrəsəpən və kipvuran almışam. 2014-cü ildə lizinqin şərtlərində dəyişiklik edilərək texnikaların ümumi dəyərinin 40 faizi həcmində dövlət tərəfindən güzəşt olundu. Bütün torpaq mülkiyyətçiləri kimi, mən də bu qayğıdan bəhrələndim. Bu, ailə büdcəmizə xeyli kömək etdi. Həmin texnikalarla əkin-səpin işlərimi görürəm. Hətta digər torpaq mülkiyyətçilərinə də köməklik edirəm. Qaldı ki, biçinə, onu da “Naxçıvan Aqrolizinq”in Kəngərli rayon bazasında olan müasir kombaynlarla vaxtında aparır, məhsulu itkisiz toplayırıq. Topladığımız məhsulun alıcısı da, necə deyərlər, başının üstündədir. Hər kiloqramını 30 qəpikdən “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi”nə təhvil verib, pulunu da nağd alırıq. Elə əkin üçün də hərtərəfli köməklik olunur. Əkilən hər hektar sahə üçün sərf olunan yanacağa görə dövlət tərəfindən 40 manat ödənilir. Məhsuldarlığın artırılmasında mühüm rol oynayan gübrələr ötən ildən 70 faiz güzəştlə verilir. Yəni kəndlinin torpağı əkib-becərməsində, istehsal etdiyi məhsulun satılmasında heç bir problem yoxdur. Bundan yaxşı nə olar?
– Bəs hektardan məhsuldarlıq nə qədər olur?
– Orta hesabla 25 sentner.
– Şərur rayonunda göstərici bundan yüksəkdir, – dedim.
– Elədir, – deyib təsdiqlədi və nə isə xatırlayaraq sözünə davam etdi:
– Şərurda bir sahibkar dostum var. Həmişə zarafatla deyər ki, ay Xaləddin, yazda yadıma sal Şərurdan torpaq verim gətir Kəngərlidə gübrə kimi əkin sahələrinə səp ki, məhsulun daha bol olsun. Dostumun zarafatla dediyi bu sözdə böyük həqiqət var. Şərur rayonunda məhsul qara torpaqda, Kəngərlidə isə gəcin üstündə yetişdirilir, – deyib əlinə bir ovuc torpaq götürüb göstərdi: – Amma bu, o demək deyil ki, biz əlimizi əlimizin üstünə qoyub oturmalıyıq. Xeyr, hər birimiz torpağın münbitləşdirilməsi üçün əlimizdən gələni əsirgəmir, mineral və üzvi gübrələrdən istifadə edirik.
– Jurnalist qardaş, gedək kəndə söhbətimizi süfrə başında, çay içə-içə davam etdirək, – deyib maşına tərəf yönəldi.
Əvvəlcədən xəbər verdiyi üçün çayı çox gözləmədik. Xaləddinin texniki park adlandırdığı yerdə, artezian quyusunun yanında süfrə açıb, samovar qaynadılmışdı. Elə söhbətimizə də arteziandan başladıq.
– Xaləddin, bu artezianı nə üçün vurdurmusan?
– Həm içməli, həm də təsərrüfat suyu kimi istifadə edirəm, – deyib sözünə ara verdi. Sonra da əlavə etdi ki, mən tək taxılçı yox, həm də yaxşı bağbanam. Bu marağımın həyata keçirilməsində həmişə olduğu kimi, bu dəfə də dövlət dəstək oldu. 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 40 min manat güzəştli kredit ayrıldı. Elə bu vəsaitlə də “Xanın çayı” adlanan ərazidə 6 mindən çox ting əkib-becərdim. 10 hektar sahədə meyvə bağı saldım. Bu il bəzi tinglər nubarına məhsul da gətirib.
– Hər bir insan kimi mən də çəkdiyim zəhmətin bəhrəsini gördüyümə görə çox sevinirəm, – deyib süfrəyə düzülmüş meyvələri göstərərək, – öz bağımızdandır, buyurun dadına baxın, – dedi.
Beləcə, bir zəhmət adamı ilə keçirdiyimiz birgünlük zaman da başa çatdı. Xudahafizləşib ayrıldıq. Üz tutduq Naxçıvan şəhərinə. Naxçıvan-Sədərək magistralının kənarında sıralanan yaşıllıqların, Xok, Yeni Kərki, Böyükdüz kəndlərindəki quruculuq ərməğanlarının, Böyükdüz massivində salınmış sənaye şəhərciyinin, dağların köksünə sığınmış Duzdağın yaratdığı ecazkar mənzərəni seyr edə-edə.
Kərəm Həsənov