23 Dekabr 2024, Bazar ertəsi

Bu il Şərur rayonunda 7637 hektar sahədən məhsul götürüləcək

Çörək müqəddəsdir, heç nə ilə əvəz olunmayan ən qiymətli ərzaq məhsulu, süfrələrimizin şahıdır. Çörəyin hazırlandığı taxılı əkib-becərməyin özü də müqəddəs bir iş sayılır. Bu iş halallıq sevir, düzlük sevir. Elə buradaca bir el ağsaqqalının sözlərini xatırlayıram: əkəcəyin taxıl toxumu halallıqla əldə edilməlidir. Toxuma haramlıq qatılarsa, əziyyət çəksən də, məhsulun məhsul olmayacaq, çəkdiyin zəhmət hədər gedəcək.

Şərur rayonunun Danyeri kənd sakini, yaxın günlərdə 43 hektar taxıl sahəsindən məhsul tədarükünə başlayacaq Ramiz Əliyevə el ağsaqqallarının bu qənaətini xatırladanda üzünə təbəssüm qondu:
– Ağsaqqallar onu da deyiblər ki, taxılın toxumu torpağa səpiləndən məhsul tədarükünə, məhsulu dəyirmana aparana qədər halallıq olmalıdır.
Müsahibim söhbəti bu günə gətirir:
– Deyirlər ki, yüksək reproduksiyalı toxum. Düzdür, bol məhsul üçün başlıca amillərdən biridir. Başqa amillər də var axı. Şum dərindən aparılmalıdır, taxıl iki yay görməlidir, sudan doymalıdır.

... Muxtar diyarımızda taxıl əkib-becərənlər bu amillərə ciddi əməl edirlər. Neçə illərdir ki, regionun taxılçılıqla məşğul olan yaşayış məntəqələrini, necə deyərlər, qarış-qarış gəzirəm, torpaq mülkiyyətçiləri ilə görüşürəm. Onlarla söhbətlərdə əmin olmuşam ki, taxıl əkib-becərmək, bəzilərinin düşündüyü kimi, heç də digər əkinçilik sahələri ilə bir deyil. Xüsusilə də vegetasiya dövründə taxılçının işi bir qədər də artır. Bəziləri düşünürlər ki, payızda sahəni şumlatdın, toxumu səpdin, bir neçə dəfə suvardın, bununla da iş bitdi. Elə deyil. Burada təcrübəli təsərrüfatçı Tofiq Abutalıbovun sözləri yadıma düşür: – Taxıl əkib-becərmək limona və ya bal arısına qulluq kimi çətindir. Muxtar respublikada bu çətinliyin öhdəsindən gələn yüzlərlə taxılçı yetişib. Bu sahənin inkişafına maraq isə ildən-ilə artır.
Bu günlər muxtar respublikamızın taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin, sahibkarlarının sevincinin həddi-hüdudu yoxdur. Daha bir taxıl tədarükü mövsümü uğurla davam etdirilir. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də öz taxılımızın çörəyi ilə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq.
Bunun təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən aqrar siyasət dayanıb. Bu siyasətin muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük irəliləyişlərə nail olunduğunu görərik. Sevindirici haldır ki, bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradır. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, ölkə­mizin iqtisadiyyatının güclənməsinə çalışırlar.
Muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərurda da taxıl tədarükü sürətini gündən-günə artırır.
Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin müdiri Asif Hüseynovla söhbətimiz bölgədə taxıl biçininin başlandığı ərəfədədir.
– Taxılçılıq şərurluların ata-babadanqalma məşğuliyyət sahəsidir. Sovet dönəmində bu sahə ilə ictimai təsərrüfatlar məşğul olsa da, camaat bu işdə xeyli təcrübə qazanmışdı. İndiki dövrdə şərurluların taxılçılıqda qazandıqları uğurların təməlində bir tərəfdən davamlı dövlət qayğısı dayanırsa, digər tərəfdən qazanılmış təcrübə də az rol oynamır. Bu il rayonda 7637 hektar sahədə taxıl əkilib ki, bunun 7321 hektarı buğda, 316 hektarı arpadır. Bu günədək torpaq adamlarına, ümumilikdə, 174 min manat kredit verilib ki, bunun da böyük hissəsindən taxılçılıq üçün istifadə edilib. Bundan başqa, taxılçılıqla məşğul olan hər bir torpaq mülkiyyətçisinə 1 hektar üçün sürtkü yağı alınmasına görə 50 manat, biçin üçün 40 manat vəsait ödənilib. Sahələrə herbisid verilməsi diqqətdə saxlanılıb, hər hektara 10 manatlıq dərman səpilib.
Taxılçılar yüksək reproduksiyalı toxumla təmin ediliblər. Şərur rayonunda fəaliyyət göstərən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatı bu sahədə mühüm rol oynayır. Artıq bir neçə ildir ki, bəzi taxılçılar özlərinin istehsal etdikləri toxumlardan da istifadə edirlər.
Müsahibim deyir ki, rayonun Yaycı kənd sakini Kamil Bağırov 42, Düdəngə kənd sakini Faiq Ağayev 30, Xanlıqlar kənd sakinləri İsa Salmanov 38, Musa Salmanov 17, Oğlanqala kənd sakini Madar Abdullayev 17 hektar sahədə taxıl əkiblər. Sahələrdə bol məhsul yetişib. Bir neçə gündür ki, taxıl tədarükünə başlanılıb. Hələlik 20 kombaynın gücündən istifadə olunur ki, bunun 10-u fiziki şəxslərə, 10-u isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon bazasına məxsusdur.
Hazırda rayonun Qorçulu, Oğuzkənd, Xətai kəndlərində elin sərvəti toplanılır.

* * *

Üz tuturuq Qorçulu kəndinə. Bu Arazqırağı yaşayış məntəqəsində bu mövsümdə 30 hektar sahədən taxıl tədarük ediləcək. Budur, Malik Qurbanovun taxıl zəmisində kombayn sonuncu şırımı başa vurub yaxınlıqda dayanmış yük maşınına yaxınlaşır, məhsulu boşaldır. Məhsuldarlıqla maraqlanırıq: 40 sentner. Malik Qurbanov deyir ki, neçə illərdir, taxılçılıqla məşğul olur. Bu sahə üçün dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən təyinatı üzrə istifadə edib. Çəkdiyi zəhmət də hədər getməyib.
Torpaq mülkiyyətçisini yüksək nəticə münasibətilə təbrik edirik.
Kombayn Fətulla Əliyevin sahəsinə üz tutur. Fətulla 5 hektar sahədə taxıl əkib. Onun zəmisində də yaxşı məhsul yetişib...
Fətulla dayı bir qədər həyəcanlıdır. Ancaq mexanizator sahəyə girmə­miş bir neçə sünbülü əlində ovaraq razılıqla deyir ki, onun sahəsinin də məhsuldarlığı yüksək olacaq.
Fətulla Əliyevin söhbəti: – Sovet dönəmində ümidimizi bağlamışdıq dükanlara gətirilən una. Bu gün dövlətimiz öz qapımızda bizə hər cür şərait yaradıb. Torpaq verib, su verir, gübrə verir, texnika verir, yardım edir, dəyirman da nə qədər istəsən... Daha nə lazımdır? Qalır ki, zəhmətə qatlaşasan, əziyyət çəkəsən ki, süfrən də bol olsun. Kim ki zəhmətdən qorxmur, canına cəfa verməyi bacarır, onun gün-güzəranı da istədiyi kimidir, kimsə ələbaxımlılıq xəstəliyinə tutulub, özündən küssün... Bu gün Şərurun hansı kəndinə üz tutsaq, taxılçılığa böyük önəm verildiyini görərik. Bu da onunla bağlıdır ki, insanlar öz istehsalları olan məhsuldan istifadəyə üstünlük verirlər.

* * *

Beləcə, taxıl tədarükünün ilk günlərinin nəticələri, sözün həqiqi mənasında, yüksəkdir. Bu da yuxarıda bəhs etdiyimiz amillərlə bağlıdır və prosesin sonuna kimi daha da yüksək məhsuldarlığa nail olunacağı qənaəti yaradır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR