Son illər Naxçıvanda yaradılan istehsal müəssisələrindən biri də “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər istehsalı sahələrində İtaliyanın “Omma” və “Osoma”, Almaniyanın “İdm”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb.
Hər birinin aylıq istehsal gücü 10 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər ölkəmizdə, o cümlədən muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.
Mebel istehsalı müəssisələrini yüksəkkeyfiyyətli mebel materialları ilə təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Müəssisədə ağac yonqarları lövhələrinin boyanması sahəsi və anbar binalarının layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün 1860 kvadratmetr, anbar binasının inşası üçün isə 1645 kvadratmetr torpaq sahəsi ayrılıb, əraziyə kommunikasiya xətləri çəkilib. Müasir tələblərə cavab verən anbar binası inşa olunub, ətrafında abadlıq işləri aparılıb. Hazırda ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün binanın inşasına hazırlıq işləri görülür.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Gələcəkdə müəssisədə melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya da mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, dünyada məşhur olan Almaniyanın “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır. Hazırda istehsal edilən mebel materiallarının xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər görülür. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik şirkətlərlə təcrübə mübadilələri aparılır, biznes əlaqələri qurulur ki, bu da Naxçıvan məhsullarının xarici bazarlara ixrac olunmasına imkan verəcək. Ayrı-ayrı şirkətlərlə bağlanmış müqaviləyə uyğun olaraq, “Dekor Qrup” MMC-də istehsal edilən mebel materialları yaxın vaxtlarda xarici bazara çıxarılacaq.
Kərəm Həsənov