23 Dekabr 2024, Bazar ertəsi

Qərbə açılan qapımız olan Sədərək sərhəd-keçid məntəqəsindən reportaj

Zəngin təbiətə, qədim tarixi abidələrə, dünyada nadir olan təbii şəfa mənbələrinə, inkişaf etmiş Qərb ölkələrinə xas yüksək infrastruktura malik olan muxtar respublikamızın turizm potensialından səmərəli istifadə etmək bu günün aktual məsələlərindən biridir. Təbii sərvətlərdən fərqli olaraq turizm elə bir sahədir ki, necə deyərlər, bu sahədə tükənmə ehtimalı yoxdur. Əksinə, turist səfərlərinin sayı artdıqca, regionumuz kifayət qədər tanındıqca, xarici və ya yerli qonağın sayı da davamlı olaraq artır. Ona görə də turizm bu gün özünün əhəmiyyətinə görə bir sıra digər sahələri artıq geridə qoyub. Səbəb isə odur ki, turizmin inkişafı digər sahələrin də inkişafına ciddi təkan verir, yeni-yeni uğurlara yol açır.

Hər bir turistin istənilən ölkə, bölgə barədə ilk təəssüratları isə, heç şübhəsiz, sərhəd-keçid məntəqələrindən başlayır. Muxtar respublikamızdakı həmin məntəqələrdən ən əhəmiyyətlilərindən biri də Sədərək sərhəd-keçid məntəqəsidir. Qardaş Türkiyədən, o cümlədən Qərb ölkələrindən avtomobil yolu ilə muxtar respublikamıza gələn turistlər, həmçinin Şərq ölkələrinə səyahətə çıxanlar məhz Sədərək gömrük-keçid məntəqəsindən muxtar respublikamıza daxil olurlar.

Bu isə o deməkdir ki, istənilən çatışmazlığı dərhal sezmək və dostları ilə bunları müzakirə etmək kimi xüsusiyyətlərə malik olan, tənqidə meyilli xarici ölkə vətəndaşlarının muxtar respublikamız barədə ilk təəssüratları da məhz buradan formalaşmağa başlayır. Sosial şəbəkələrin bütün dünyanı əhatə etdiyi bir dövrdə həmin “informasiya daşıyıcıları”nın rəyləri isə nəticəyə birbaşa təsir göstərir. Bütün bunları nəzərə alaraq Sədərək sərhəd-keçid məntəqəsindəki şəraitlə, buradakı mövcud vəziyyətlə tanış olmaq üçün ötən günlərdə Naxçıvan şəhərindən muxtar respublikamızın Türkiyə Respublikası ilə sərhədinə doğru yola çıxdıq.
Asfalt yolla şütüyən avtomobillə qısa zamanda xeyli yol qət etdik. Həqiqətən də, bu gün Naxçıvan-Sədərək magistral yolu yüksək səviyyədə qurulub. Magistral yolun hər iki tərəfində yaşıllıq zolaqlarının salınması Naxçıvanın möcüzəli təbiətinə ayrı bir yaraşıq verib. Ötən illəri xatırladım. Keçən əsrin 90-cı illərinin əvvəllərində, işığın, qazın olmadığı bir dövrdə muxtar respublika əhalisi məcburiyyət qarşısında qalaraq yanacaq kimi ağaclardan istifadə edirdi. O zaman yol kənarlarında bir dənə də olsun ağac qalmamışdı. Həmin vaxtı hər birimiz bu mənzərəni ürək­ağrısı ilə seyr edirdik. Bu gün isə yaşıllıqları görəndə insanın qəlbi dağa dönür... O vaxt desəydin ki, muxtar respublikada yol infrastrukturu bu səviyyəyə çatacaq, Naxçıvan-Sədərək yolu 4 şəridli olacaq, yol kənarları başdan-başa yaşıllıqlara bürünəcək, həkim məsləhəti olmadan adamı birbaşa psixiatrik xəstəxanaya aparardılar. Həm də aparan insana bərk-bərk tapşırardılar ki, bu adam çarəsiz dərdə düçar olduğu üçün yolda fikrini dəyişib geri gətirmə, yazıqdır, qoy müalicə olunsun...
Budur, artıq Sədərək sərhəd-keçid məntəqəsinə yaxınlaşırıq. Uzaqdan diqqətimi burada aparılan quruculuq işləri cəlb edir. Dövlətimiz tərəfindən Sədərək sərhəd-keçid məntəqəsinin fəaliyyətinə və lazımi maddi-texniki bazanın yaradılmasına daim yüksək diqqət və qayğı göstərilib. 2005-ci ilin aprelində Sədərək Gömrük İdarəsi üçün yeni infra­struktur istifadəyə verilib, 2008-ci ilin iyun ayından isə Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi 24 saatlıq iş rejiminə keçirilib. Burada aparılan quruculuq işləri isə İpək Yolu üzərində yerləşən muxtar respublikanın tranzit imkanlarını daha da artıracaq və turizm potensialından səmərəli istifadəyə şərait yaradacaqdır. Sədərək Gömrük İdarəsi üçün yeni və müasir gömrük kompleksinin inşasına başlanılması da bu məqsədi daşıyır.
Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleksin inşası və xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. 18 hektara yaxın ərazidə inşa olunan yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksidir.
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək. Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində olacaq. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaqdır.
Gömrük nəzarətindən güzəştli qaydada keçməli olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada tikinti işləri artıq yekunlaşdırılıb. Hazırda inzibati binanın, anbar və rəsmiləşdirmə zalının tikintisi davam etdirilir.
Sədərək sərhəd-keçid məntəqəsi üçün yeni gömrük kompleksinin qurulması xidmətin təşkili üçün lazımi şərait yaradacaq, gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsini təmin edəcək.
Buradakı yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tranzit və idxal istiqamətində gələn və əks-istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulub. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulub.
Sərhəd-keçid məntəqəsinə doğru gedirik. Burada Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov əməkdaşlarla söhbət edir, onları təlimatlandırır. Onunla sərhəd-keçid məntəqəsindəki yeniliklər barədə söhbət edirik. Deyir ki, muxtar respublikamızın digər sərhəd-keçid məntəqələrində olduğu kimi, Sədərəkdə də xidmətin səmərəli təşkili, gömrük nəzarətinin və rəsmiləşdirilməsinin avtomatlaşdırılmış qaydada minimum vaxt çərçivəsində həyata keçirilməsi Naxçıvana gələn turistlərin işini xeyli asanlaşdırıb. Belə ki, gömrük-keçid məntəqələrində sərhədi keçən şəxslərin gömrük qanunvericiliyinə dair məlumatlandırılması üçün Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən info-köşklər qurulub. Sərhədi keçən şəxslər bəyanetməni sərhəddə və ya sərhədi keçməmişdən əvvəl elektron qaydada həyata keçirə bilərlər. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet portalı üzərindən (www.dgk.nmr.az) vətəndaşların, turistlərin, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçılarının işinin asanlaşmasını təmin edən elektron xidmətlər göstərilir.
Sərhəd-keçid məntəqələrində xarici vətəndaşların qeydiyyatı üçün ayrıca zolaqlar vardır. Sərnişin avtobuslarının, o cümlədən turist qismində muxtar respublikaya öz avtonəqliyyat vasitəsilə gələn xarici vətəndaşların sürətli keçidini təmin etmək üçün marşrut avtobusları və nəqliyyat vasitələri xüsusi ayrılmış xətlə gömrük nəzarəti zonasına daxil olurlar.
Sərhəd-keçid məntəqələrində tətbiq olunan “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla gömrük ödənişləri alınmadan keçirilir. Mirməhəmməd Seyidov qeyd edir ki, fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmaması və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Konklyudent bəyanetmə deyilən bu forma o mallara şamil edilir ki, həmin malların miqdarı və dəyəri Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi ilə həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və dəyərindən artıq olmasın. Həmçinin həmin mallara qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Qeyd edək ki, bütün sərhəd-keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq qadağalar və ya məhdudiyyətlər qoyulan mallarla bağlı lövhələr asılıb.
Digər əhəmiyyətli bir fakt da ondan ibarətdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş müvafiq dəyişikliklərə əsasən, cari ildən ölkəmizdə “Yaşıl Kart” sistemi tətbiq olunur. Yeni sistemin tətbiqi öz avtomobili ilə xaricə gedənlərin, o cümlədən ölkəmizə gələn xarici avtonəqliyyat vasitəsi sahiblərinin işini xeyli sadələşdirməklə yanaşı, sərhəd-keçid məntəqələrində əlavə vaxt itkisinin də qarşısını almış olur. İndi xarici avtonəqliyyat vasitələri muxtar respublikanın ərazisinə daxil olarkən sürücü tərəfindən “Yaşıl Kart” təqdim olunduqda, sərhəd sığorta müqaviləsi bağlanmadan buraxılış həyata keçirilir.
Ümumiyyətlə, muxtar respublika gömrük infrastrukturunun modernləşdirilməsi, Azərbaycan gömrük sistemində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, müasir texniki nəzarət vasitələrindən və digər yoxlama-baxış sistemlərindən istifadə, bir sıra gömrük xidmətlərinin elektron qaydada da göstərilməsi sərhəd-keçid məntəqələrində turistlərin rahatlığını təmin edir. Bu gün Naxçıvana gələn turistlər gömrük sərhədini minimum vaxt çərçivəsində və rahatlıqla keçə bilirlər.
Digər tərəfdən, muxtar respublikamız region üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşdiyindən onun ərazisində çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Bu məqsədlə 2011-ci ildən etibarən miqrasiya proseslərinə ilkin nəzarət mexanizmini həyata keçirmək üçün sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti təmin olunub. Muxtar respublika ərazisinə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə gəlmək üçün uzaq məsafə qət etmə­məsi, xüsusilə ölkədə miqrasiya proseslərini ciddi nəzarətdə saxlamaq məqsədilə yaradılmış miqrasiya bölmələrindən biri də Sədərək sərhəd-buraxılış məntəqəsində fəaliyyət göstərir. Miqrasiya bölməsi giriş istiqamətində muxtar respublika ərazisinə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasını, çıxış istiqamətində isə dövlət nəzarətini həyata keçirir.
Bundan əlavə, Dövlət Miqrasiya Xidməti tərəfindən maarifləndirmənin müxtəlif istiqamətlərdə aparılması üçün bölmədə elektron məlumat köşkünün yerləşdirilməsi ilə miqrasiya sahəsi üzrə xidmət növləri 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli şəkildə vətəndaşlara çatdırılır. Həmçinin Sədərək sərhəd-keçid məntəqəsindən muxtar respublika ərazisinə daxil olan hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya bölməsinin əməkdaşları tərəfindən onun pasport və ya digər sərhədkeçmə sənədləri yoxlanılarkən miqrasiya sahəsi üzrə təlimatlandırılmaqla şəxsin qeyri-leqal miqranta çevrilməsinin qarşısı alınır.
Bütün bunlar rəsmi şəxslərin bizə verdikləri məlumatlardır. Reallıqda işlərin necə aparıldığını isə, təbii ki, ən yaxşı turistlər deyə bilərlər. Qardaş ölkənin Bursa şəhərindən gələn Fatih Eryaşla söhbət edirik. İlk dəfədir, muxtar respublikaya gələn Fatih bəy deyir ki, Sədərək sərhəd-keçid məntəqəsindən çox rahat bir şəkildə Naxçıvana giriş edib: “Bilmədiyimiz nə varsa, əlaqədar şəxslər bizə dedilər, istiqamət verdilər. Bizimlə nəzakət qaydaları çərçivəsində söhbət etdilər, hörmət bəslədilər. Bu, çox yaxşı haldır”.
“Bir turist kimi Naxçıvanın turizm potensialı barədə ümumi məlumatınız varmı?” sualıma isə Fatih bəy belə cavab verdi: – Çox təəssüf ki, Naxçıvan barədə internetdə məlumatlar azdır. Olan məlumatların böyük bir qismi Azərbaycan türkcəsindədir. Qalanı ya ingilis, ya da rus dilindədir. İngilis dilində olması yaxşıdır. Amma Naxçıvana daha çox qonşu ölkələrdən turist gələ bilər. Bu ölkələr isə Türkiyə və İrandır. Məsələn, Türkiyədə hamı ingilis dilində bilmir. Sadə bir Türkiyə vətəndaşı internetdə Naxçıvan barədə məlumat almaq istəsə, hansı saytdan alacaq? Mən dostlarım vasitəsilə buradakı tarixi abidələr, gəzməli-görməli yerlər barədə məlumat almasaydım, heç nə bilməyəcəkdim. Yəni turizmin inkişafı üçün hədəf ölkələr, xalqlar seçilməlidir və bu istiqamətdə işlər aparılmalıdır.
İqdır vilayətindən gələn Ramazan Turanla, Hasan İlterlə, Erkan Erdemlə söhbətimizdə onlar da Fatih Eryaşın qeyd etdiyi məqamlara toxunaraq dedilər ki, bu gün Naxçıvanda infrastruktur yüksək səviyyədədir, şəhərlər, kəndlər abadlaşıb. Hər tərəf gül-çiçək, yaşıllıqdır, gözəl təbiət mənzərələri var. Tarixi abidələr min illərdən soraq verir, səhiyyə turizmi üçün geniş imkanlar var. Ancaq bütün bunların tanıtımı zəifdir. Sərhəd-keçid məntəqəsində söhbətləşdiyim Türkiyə vətəndaşları burada onlara göstərilən xidmətdən, yaradılan şəraitdən razılıqla danışdılar.

Artıq Sədərək sərhəd-keçid məntəqəsindən Naxçıvan şəhərinə doğru yol alırıq. Qardaş ölkədən gələn qonaqların dedikləri sözləri bir daha düşünürəm. Bir mənada onlara haqq qazandırıram. Bu gün bizim çox geniş turizm potensialımız var, lakin bunun təqdimatında hələ də çatışmazlıqlar mövcuddur. Naxçıvanda turizmlə bağlı çoxsaylı tədbirlərin keçirilməsi yaxşı haldır. Ancaq təkcə tədbir keçirməklə turizm sahəsini inkişaf etdirməyin mümkün olmadığını hamımız çox yaxşı bilirik. Göycə festivalı kimi regiona səs salan festivalların keçirilməsi, sosial şəbəkələrdə Naxçıvanın tanıtımı ilə bağlı, heç olmasa, qonşu ölkələrin əhalisinin danışdığı dillərdə səhifələrin aktiv fəaliyyəti təbliğat işinə töhfə verərdi. Məsələn, Türkiyə mətbuatının aparıcı nümayəndələrindən ibarət heyətin Naxçıvana dəvət edilərək gəzməli-görməli yerlərlə tanış edilmələri gözəl yurdumuzun turizm potensialının qardaş ölkədə tanıdılması baxımından müsbət nəticələr verə bilər.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR