“Sirab” mineral su yatağı Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. “Sirab” mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Həmin hövzələr Şorsudərə, Kalbayağıl və Kütandağ mineral su hövzələridir.
“Sirab” əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətli olur, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə müsbət təsir edir.
“Sirab” Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilib. Beş hektar ərazini əhatə edən müəssisədə 2 mərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir.
Müasir texnoloji avadanlıqlarla təmin olunmuş bu müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və yeni istehsal sahəsinin – qazsız su istehsalı sahəsinin yaradılması üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin fevral ayında 700 min manat, aprel ayında isə 350 min manat güzəştli kredit ayrılıb. Bundan sonra bir sıra tədbirlər həyata keçirilib, müəssisədə 625 kvadratmetr sahəsi olan binada əsaslı təmir və yenidənqurma işləri aparılıb, Türkiyə Respublikasının “Ersey Makina” şirkətindən istehsal gücü saatda 11 min ədəd 0,5, 9 min ədəd 1, 8 min ədəd 1,5 litrlik butulkalarda, 5, 10 və 19 litrlik taralarda qazsız su olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. Bundan başqa, müəssisədə müasir texnoloji avadanlıqlarla təmin olunmuş xüsusi bakterioloji laboratoriya istifadəyə verilib. Yeni istehsal sexində lazerlə tarixvurma avadanlığı quraşdırılıb ki, bu da ölkəmizdə 3 böyük şirkətdə mövcuddur. Ümumilikdə, yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 1 milyon 350 min manat vəsait sərf olunub. Bunun da 300 min manatı daxili imkanlar hesabına ödənilib. Bu istiqamətdə işlər uğurla davam etdirilib, 2014-cü ilin mart ayında “Sirab premium” adında 4 çeşiddə qazlı və qazsız mineral su istehsalına başlanılıb. Qeyd edək ki, “Sirab premium” adı ilə satışa çıxarılan mineral su qablaşdırma üsulu ilə seçilir.
Burada istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 16 çeşiddə məhsul istehsal olunur.
“Sirab” mineral suyu 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq forumun “İş təcrübəsində yüksək keyfiyyətlərə görə” adlı qızıl medalına, 2009-cu ilin oktyabr ayında Ukrayna Respublikasında keçirilən XII beynəlxalq sərgidə qızıl medala, 2010-cu ilin fevral ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XVII beynəlxalq sərgidə gümüş medala, 2011-ci ildə yenə Moskva şəhərində və Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən beynəlxalq sərgilərdə qızıl medallara layiq görülüb. Həmçinin bu əvəzsiz təbii sərvətimizin Avropa ölkələrində və digər xarici ölkələrdə satışını təmin etmək üçün möhkəm baza yaradılıb. Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000 və İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb.
Kollektiv cari ilin ilk 5 ayında 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,33, 0,5 litrlik şüşə butulkalarda qazlı, 5, 10 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, 2 milyon 988 min 627 ədəd butulka və taralarda mineral su istehsal edib. Bunun 54 min 880 ədədi sifarişə uyğun olaraq muxtar respublika ərazisində satılıb, 2 milyon 719 min 719 ədədi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə yola salınıb, 214 min 28 ədədi isə Rusiya Federasiyasına, Ukrayna, Türkiyə və Litva respublikalarına göndərilib. Beləliklə, istehsal olunan ümumi məhsulun 2 faizi muxtar respublikada, 91 faizi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində, 7 faizi isə xarici ölkələrdə satışa çıxarılıb. Gələcəkdə digər xarici ölkələrdə də “Sirab” suyunun satışa çıxarılması nəzərdə tutulur. “Sirab” mineral suyunun Avropa bazarına çıxarılması, mineral su ixracatçısı olan Rusiya Federasiyasına və Türkiyə Respublikasına ixrac olunması və su bazarında özünəməxsus yer tutması bu əvəzsiz təbii sərvətimizin yüksək keyfiyyəti və müalicəvi əhəmiyyəti ilə bağlı olub, Babək “Sirab” ASC-nin bazar iqtisadiyyatının tələblərinə uyğun yüksəkkeyfiyyətli məhsul istehsal edib rəqabətqabiliyyətli müəssisəyə çevrildiyinin göstəricisidir.
Kərəm Həsənov