23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkə­mizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmişdir.
Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xətti istifadəyə verilmişdir. Bundan başqa, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla yenidən çəkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar olaraq müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Birliyin şəhər, rayon qaz istismarı idarələrinin qəza dispetçer xidmətləri istehlakçılardan daxil olmuş çağırışlara uyğun vaxtında tədbirlər görür, qəzaların qarşısı alınır, mavi yanacağın fasiləsiz nəqli təmin edilir.
Birlik tərəfindən təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılmış və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür. Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə həyata keçirilmiş, cari təmir işləri görülmüş, nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin maşın-mexanizmlər, qaynaq və digər avadanlıqların texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı istismar üçün hazır vəziyyətə gətirilmişdir. Mütəmadi olaraq yeraltı xətlərdə korroziyaya uğrayan hissələr yeni borularla əvəz olunmuş, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına nəzarət olunmuş, xətlərdəki potensial fərqi ölçülərək nəzarətdə saxlanılmışdır.
Muxtar respublikada qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır. Bu günə qədər 10 min 533 ədəd smartkarttipli elektron qaz sayğacı quraşdırılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq “Naxçıvanqaz” İstehsalat Birliyində muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası qurulmuşdur.
Kadr potensialının artırılması, qaz istismar sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşə kursları yaradılmış və şəhər, rayon qaz istismarı idarələrinin işçiləri müntəzəm qaydada kurslara cəlb olunmuşdur.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir.
Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması, qazın nəqli və paylanmasında operativliyin təmin edilməsi, istismar və texniki təhlükəsizliyə nəzarətin gücləndirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaratmışdır. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır.

Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR