İyunun 14-də “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Birliyin üzvü Rasim Ələkbərovun sədrliyi ilə keçirilən yığıncaqda birliyin nizamnaməsinə dəyişikliklər edilməsi, idarə heyətinin, sədrinin və sədr müavininin seçilməsi məsələləri müzakirə olunub. 97 nəfər nümayəndənin iştirak etdiyi yığıncaqda birliyin nizamnaməsinə dəyişikliklər edilib, Vaqif Məmmədov “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri, Fikrət Məmmədov isə müavini seçilib.
Sonra birliyin ümumi yığıncağının qərarı qəbul olunub.
Birliyin yeni sədri Vaqif Məmmədov çıxış edərək ona göstərilən etimadı doğrultmaq, arıçılığı daha da inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edib. Bildirilib ki, son illər muxtar respublikada arıçılıq dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahənin inkişafına göstərdiyi qayğının nəticəsidir ki, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artmaqdadır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada əhalinin etibarlı ərzaq təminatına dair dövlət proqramında arıçılığın inkişaf etdirilməsi üzrə tədbirlərin nəzərdə tutulması, bu sahədə damazlıq işinin yaxşılaşdırılması, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanılması, yeni cinslərin yetişdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, son nəticə olaraq, arıçılıq məhsullarının istehsal həcminin artmasına səbəb olub. Arı ailələrinin sayının artırılması, eləcə də məhsuldarlığının yüksəldilməsi tədbirlərinə dəstək məqsədilə son beş il ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə 2 milyon 313 min manat həcmində kreditlərin verilməsi təmin olunub. Bütövlükdə, 2000-2015-ci illər ərzində dövlət maliyyə dəstəyi ilə 103 arıçılıq layihəsi həyata keçirilib, Sahibkarlığa Kömək Fondunun güzəştli kreditləri hesabına 6 mindən artıq arı ailəsi alınıb.
Qeyd olunub ki, muxtar respublikada aqrar islahatların həyata keçirilməsindən əvvəl ictimai və fərdi təsərrüfatlarda cəmi 6045 arı ailəsi mövcud olubsa, göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin əvvəlinə arı ailələrinin sayı 11,6 dəfə artaraq 70 min 396-ya çatdırılıb. Hazırda muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğul olur ki, onlardan da 748-nin 20-350 arası arı ailəsi vardır. Bildirilib ki, muxtar respublikada arı ailələrinin miqdarı ilə yanaşı, istehsal olunan balın həcmində də artım müşahidə olunub. Əgər 2003-cü ildə 154,5 ton bal istehsal olunubsa, ötən il bu göstərici 9 dəfə artaraq 1396 ton təşkil edib. Hazırda muxtar respublikada balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi fəaliyyət göstərir.
Arı xəstəliklərinin müalicəsi üçün hər il arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə pulsuz dərman preparatlarının verilməsi, istehsal etdikləri məhsulları satmaq üçün hər həftənin şənbə-bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda şərait yaradılması arıçılığın inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
Rəfael Babayev qeyd edib ki, Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq arıçılığın problemləri və inkişaf perspektivləri ilə bağlı hər il muxtar respublikada beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi bu sahədə özünü doğrultmuş təcrübənin mənimsənilməsinə, arıçılar arasında təcrübə mübadiləsinin aparılmasına imkan yaradıb.
Vurğulanıb ki, 2008-ci ilin aprel ayında təsis olunmuş “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemləri ümumiləşdirərək onların həllinə nail olmaq məqsədilə yaradılsa da, ötən müddət ərzində birlik tərəfindən arıçılığın inkişafı ilə bağlı, demək olar ki, heç bir iş görülməyib. Ümid edirik ki, birliyin yeni rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində bu qədim və çox əhəmiyyətli təsərrüfat sahəsinə göstərilən dövlət qayğısından bəhrələnərək arıçılıq muxtar respublikada daha yüksək inkişaf mərhələsinə qədəm qoyacaqdır.
Əli Cabbarov