Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Bu gün ölkəmizdə təsdiq olunmuş Dövlət proqramları, həyata keçirilən layihələr nəticəsində tikinti işlərinin həcmi ildən-ilə artır. Nəticədə, minlərlə yeni iş yeri açılır, məşğulluq problemi aradan qaldırılır, əhalinin rifah halı yaxşılaşdırılır. Belə bir dövrdə həyata keçirilən quruculuq işlərinin bilavasitə iştirakçısı olan inşaatçılar öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, bu işlərə böyük əmək sərf edirlər.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhər və rayonlarımızda müasir binalar ucaldılır, qədim tikililər bərpa edilir. Son illər inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi xeyli artırılmış, muxtar respublikanın uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçılarını öz ətrafında birləşdirən tikinti təşkilatları qısa müddətdə böyük qurucu qüvvəyə çevrilmişdir. Nəticədə, muxtar respublikanın sosial-iqtisadi uğurlarında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində inşaat sektoru önəmli rol oynamağa başlamışdır. Qurub-yaratmaq əzmilə çalışan inşaatçılarımız şəhər və kəndlərimizdə aparılan quruculuq işlərində səylə çalışırlar. Bu gün qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. İnşaatçıların köməyi ilə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni istehsal sahələri, sosial infrastruktur yaradılmış, qədim və köhnə tikililər təmir olunmuş, zəruri kommunikasiyalar yenilənmişdir. Məhz bu baxımdan son illər iqtisadi inkişafda diqqəti cəlb edən əsas amillərdən biri də Ümumi Daxili Məhsul istehsalında tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı yüksəlişidir.
Bu gün Naxçıvan inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları yerinə yetirirlər. Təkcə 2012-ci ilin göstəricilərinə diqqət yetirsək, görərik ki, muxtar respublikada bu istiqamətdə görülən işlərin həcmi ilə yanaşı, coğrafiyası da xeyli genişdir. Ötən il muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 982 milyon 264 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 874 milyon 542 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Muxtar respublikada həyata keçirilən tikinti işləri təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Son 17 ildə yeni-yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilib istifadəyə verilmişdir. 1995-2012-ci illərdə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 3 milyard 780 milyon manatdan çox olmuşdur. Bu investisiyanın sərfi nəticəsində 167 elm və təhsil ocağı, 154 səhiyyə müəssisəsi, 178 mədəniyyət obyekti, 22 idman obyekti, 69 qəsəbə və kənd mərkəzi tikilərək, 116 elm və təhsil ocağı, 47 səhiyyə müəssisəsi, 145 mədəniyyət, 15 idman obyekti, 15 qəsəbə və kənd mərkəzi yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada iqtisadi və sosial inkişafa kompleks yanaşma üzrə diversifikasiya olunmuş iqtisadiyyatın formalaşdırılması istiqamətində də həyata keçirilən islahatlar investisiya qoyuluşlarının çoxşaxəliliyi ilə dəstəklənməkdədir. Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin mühüm elementi qismində inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmış və ümumilikdə, muxtar respublikada 456 inzibati bina inşa olunmuşdur.
Naxçıvan tarixən yüksək keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə tanınıb. Yerli əhali həmişə bu məhsulların istehlakına üstünlük verib. Bu baxımdan məhsulların istehsalı ilə yanaşı, onların il boyu yüksək keyfiyyətdə saxlanılması və istehlakçılara çatdırılması məqsədilə soyuducu anbarların tikilərək istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılmış, 2012-ci ildə tutumu 2 min ton olan daha bir soyuducu anbar istifadəyə verilmiş, inşa olunan anbarların sayı 15-ə, həcmi isə 11 min 720 tona çatdırılmışdır.
Kənd təsərrüfatının əsas qolu olan əkinçiliyin muxtar respublikada geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Ona görə də bu sahədə tədbirlər intensivləşdirilmiş, 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarı tikilmiş, 150 milyon kubmetr həcmi olan Arpaçay Su Anbarında isə əsaslı təmir işləri aparılmışdır. Bu su anbarlarının istifadəyə verilməsi ilə muxtar respublikada min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, suvarma tədbirləri yaxşılaşdırılmışdır. Meliorasiya-irriqasiya sistemlərinin gücləndirilməsi və yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, ötən il 2 nasos stansiyasının, 11 subartezian quyusunun tikintisi, 3 nasos stansiyasının yenidən qurulması başa çatdırılmışdır. Muxtar respublikada əhalinin kommunal-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində su və kanalizasiya sistemləri də yenidən qurulur. Hazırda Naxçıvan şəhərinin, rayon mərkəzlərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.
Uzun müddət ərzində enerji resurslarına çıxış imkanlarının məhdudluğu muxtar respublikada blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa mənfi təsir göstərmişdir. Ötən illər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində bu sahənin infrastrukturu müasir standartlar səviyyəsində yenilənmişdir ki, bu da son nəticədə enerji təhlükəsizliyinin səmərəli qurulmasını şərtləndirmişdir. Əgər 17 il bundan əvvəl muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar nəticəsində muxtar respublikada elektrik enerjisi istehsal edən müəssisələrin sayı 5-ə çatdırılmışdır. Ötən dövr ərzində ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan Su Elektrik Stansiyası, 2010-cu ildə gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verilmiş, ümumi gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə yenidən qurulmuşdur. 2011-ci ildən tikintisi aparılan və gücü 20,5 meqavat olan Arpaçay Su Elektrik Stansiyasında son tamamlama işləri görülür. Hazırda Ordubad rayonunda gücü 36 meqavat olan derivasiyatipli su elektrik stansiyasının tikintisi davam etdirilir.
Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu gün muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Hazırda şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində müasir yollar çəkilir, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulur, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilir. 2010-cu ildə Naxçıvan-Sədərək, 2012-ci ildə isə Naxçıvan-Culfa magistral avtomobil yolları və bu yolları birləşdirən Naxçıvan şəhər dairəvi avtomobil yolu yenidən qurularaq istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 2 sentyabr tarixli “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, ötən il 57,6 kilometr uzunluğunda Çeşməbasar-Boyəhməd və 39,2 kilometr uzunluğunda Təzəkənd-Çalxanqala-Qıvraq avtomobil yolları yenidən qurulmuşdur. Təkcə 2012-ci ildə muxtar respublikada ümumi uzunluğu 139,4 kilometr olan yeni avtomobil yolları istifadəyə verilmişdir. Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən, hazırda Hacıvar-Vayxır-Sirab avtomobil yolu yenidən qurulur.
Tikinti sektorunda çalışan işçilərin sağlamlığının qorunması muxtar respublikada insan amilinə göstərilən qayğının təzahürü kimi diqqəti çəkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı keçirilən müşavirələrdə tikinti sektorunda bu qaydalara riayət olunması məsələləri müzakirə edilmiş, muxtar respublikanın tikinti-quruculuq təşkilatlarında çalışan insanların sağlamlığının qorunması önə çəkilmiş, bu istiqamətdə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir. Bütün bunlar isə bir daha təsdiq edir ki, muxtar respublikada çalışan hər bir inşaatçının sağlamlığının qorunması tikinti təşkilatları qarşısında duran prioritet vəzifədir. Bu isə muxtar respublikamızın çiçəklənməsi üçün əmək sərf edən insanlara, onların əməyinə dövlətimiz tərəfindən verilən dəyərin ən yüksək ifadəsidir.
Tikinti-quruculuq və abadlıq işlərini yüksək zövqlə, müasir və qədim memarlıq elementlərindən istifadə etməklə şəhərsalma və məskunlaşma mədəniyyətinin tələblərinə uyğun şəkildə həyata keçirən inşaatçılar bundan sonra da muxtar respublikamızın quruculuq xəritəsinin genişlənməsində əzmlə çalışacaq, 2013-cü ildə də yeni sosial infrastruktur obyektlərinin tikintisini yüksək zövqlə aparacaqlar.
Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti