23 Dekabr 2024, Bazar ertəsi

Yüksəkkeyfiyyətli məhsulları ilə istehlakçıların rəğbətini qazanan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan çay” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildən fəaliyyətə başlayıb. Müəssisədə ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlar quraşdırılmaqla və qabaqcıl texnologiya tətbiq olunmaqla “Əlincə”, “Eleqant”, “Tudor”, “Araz çay” adlı məhsullar istehsal edilir. Muxtar respublikamızda, ölkəmizin paytaxtı Bakı şəhərində və digər regionlarda satışa çıxarılan çay alıcıların rəğbətini qazanıb.
İstehsal prosesi tam avtomatlaşdırılmış müəssisədə xammalın qəbulundan son məhsuladək olan texnoloji proseslərə, texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Çay yarpağı dünyanın bir sıra ölkələrindən, o cümlədən Çindən və Seylon adasından xammalın növündən asılı olaraq 26-55 kiloqramlıq xüsusi mühafizə olunmuş taralarda idxal olunur. Müəssisədə Seylon çayının 4 növü qablaşdırılır. Seylon adasından çayın ixracına görə birinci yeri tutan “Akbar Brothers” LTD (Şri-Lanka) Şirkəti ilə tərəfdaşlıq sayəsində “Cahan çay” həm “Akbar” brendinin Azərbaycanda paylanması, həm də yüksəkkeyfiyyətli Seylon çay yarpağı əsasında öz brendlərinin istehsalı ilə məşğuldur. Bu səbəbdəndir ki, “Cahan çay” çay forumlarının, festivalların və sərgilərin daimi iştirakçısıdır.

Bazar iqtisadiyyatının tələblərinə uyğun yüksəkkeyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilən “Cahan çay” MMC çay bazarında özünəməxsus yer tutub. Müəssisədə istehsal olunan məhsullara artan tələbatı ödəmək üçün mövcud imkanlardan səmərəli istifadə olunur, daha müasir texnoloji avadanlıqlar tətbiq edilir, müəssisənin istehsal gücünün artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Müəssisədə Türkiyədən alınmış istehsal gücü dəqiqədə 20-25 və istehsal gücü dəqiqədə 15-20 paket olan müasirtipli vertikal paketləmə avadanlıqları quraşdırılıb. Yeni çeşiddə çay istehsalı da diqqət mərkəzində saxlanılıb, 2012-ci ildə “Tudor” çayının daha 3 çeşiddə – iriyarpaqlı, berqamot ətirli çay və yaşıl çay, 2013-cü ildə “Tudor” çayının dəmir qutularda 4, birdəfəlik istifadə üçün paketlərdə isə 3 növdə istehsalına başlanılıb. Bunun üçün Macarıstan və Türkiyədən son model texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb, kifayət qədər xammal və material ehtiyatı yaradılıb. Dəmir taralar Türkiyə və Çin Xalq Respublikasından alınır. Ümumilikdə, 3 istehsal xətti mövcud olan müəssisədə daha 2 istehsal xətti – birdəfəlik istifadə üçün paketləmə və dəmir qutulara qablaşdırma xətti istifadəyə verilib. İstehsal prosesinin təkmilləşdirilməsi məqsədilə müasir texnoloji avadanlıqların alınması cari ildə də diqqət mərkəzində saxlanılıb. Paketləmə sahəsində Almaniyanın “Benexx” şirkətindən alınmış kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılıb. Hazırda tam avtomatlaşdırılmış istehsal xəttində sınaq-yoxlama işləri aparılır.

Təbii ki, müasir texnoloji avadanlıqların tətbiq olunması yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, müəssisənin istehsal gücünün artmasına da geniş imkanlar açıb. “Cahan çay” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan çaylar 100, 250 və 500 qramlıq alüminium falqalarda paketləndikdən sonra karton və dəmir taralara qablaşdırılaraq satışa çıxarılır.
Daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edilən müəssisədə 25 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı, xüsusi geyim formaları, gündə bir dəfə isti yemək və nəqliyyat xidməti ilə təmin olunublar.
Azərbaycan bazarında 10 ildir ki, fəaliyyət göstərən şirkətdə məhsulun keyfiyyəti və etibarlı tərəfdaşlığı bütün dövrlərdə biznesin uğurunu təmin edən vacib amil olub. Elə bu səbəbdəndir ki, şirkət böyüdükcə tərəfdaşların sayı da artır. “Cahan çay” çay satışına görə respublikada aparıcı yerlərdən birini tutur. Bunu təkcə gündən-günə artan istehlakçılar deyil, rəqabət aparan şirkətlər də təsdiq edir. Müəssisədə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da planlaşdırılır.
Elə buradaca maraqlı bir haşiyə çıxım. Adətən, Vətənimizə, ocağımıza gələn qonağımıza, ilk olaraq bir stəkan çay təklif edər, asudə vaxtlarımızı məhz çay süfrəsi arxasında keçirərik. Bir neçə il bundan əvvəl Rusiyadan gələn qonaqlarımı ənənəmizə uyğun olaraq çay süfrəsi arxasında söhbətə tutdum. Yayın 40 dərəcə istisi, isti çay... Nə isə, öz ənənəmizə uyğun qurduğumuz çay süfrəsindən sonra qonaqların adət-ənənəsinə uyğun süfrə də açdıq. Bir neçə ildən sonra Rusiyada onların qonağı oldum. Təsəvvür edin, qışın 40 dərəcə şaxtasında dondurma sifariş verdilər. Elə bildim ki, zarafat edirlər.
Bir neçə dəqiqədən sonra dondurma gətirildi. Başladılar şirin-şirin yeməyə. Yanaşı əyləşdiyim dostum: – Sən niyə yemirsən? – deyə təəccüblə soruşdu.
– Qardaş, qışın 40 dərəcə şaxtasında dondurma olar? – deyə dostumun üzünə baxdım.
Güldü.
– Bəs Naxçıvanda qızmar yay günündə, 40 dərəcə istidə çay olar, Moskvada 40 dərəcə şaxtada dondurma olmaz?
Söhbətimizə qulaq asan dostlarımız da güldülər.
Bəli, hər bir millətin, hər bir xalqın özünəməxsus adət-ənənəsi, süfrəsi var. Çay da bizim süfrəmizin bəzəyidir. Rahatlığımızı təmin edən, yorğunluğu aradan qaldıran mühüm vasitələrdən biridir. Bir mahnıda da deyildiyi kimi:
Kimin ağrıyır canı
Bir çay içsin mərcanı.
Min bir dərdin dərmanı,
Çay, çay, çay.
Özü də “Cahan çay”ın istehsal etdiyi “Əlincə”, “Eleqant”, “Araz”, “Tudor” çayları.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR