Naxçıvan Muxtar Respublikası tarixən aqrar sektorun inkişaf etdirildiyi regionlardan olub. Buna əsas səbəb bölgənin münbit torpaq sahələrinə, su ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik olmasıdırsa, digər tərəfdən burada yetişdirilən meyvə və tərəvəz növlərinin özünəməxsusluğu ilə seçilməsidir. Təbii ki, bu özünəməxsusluq zaman-zaman buradakı kənd təsərrüfatı məhsullarının ixracında da mühüm rol oynayıb, Naxçıvanın zəhmətkeş insanları kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsinə daha çox maraq göstəriblər. Ancaq ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr iqtisadiyyatın bütün sahələrinə, o cümlədən kənd təsərrüfatına böyük ziyan vurub. Nəticədə, Naxçıvanın yüz illər boyu formalaşmış təsərrüfatçılıq ənənələri, meyvəçilik və tərəvəzçilik sahəsində əldə etdiyi təcrübələr bir neçə il ərzində iflas vəziyyətinədək gəlib çatıb. Amma sevindirici haldır ki, son 20 il ərzində muxtar respublikada bütün sahələrə göstərilən qayğı kənd təsərrüfatını da əhatə edib.
Qeyd edək ki, Naxçıvanın torpaq-iqlim şəraiti müxtəlif meyvə ağaclarının inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Məhz bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub və ötən il icrası uğurla başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, proqramın icrası dövründə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına bağçılığın inkişafı məqsədilə 63 layihə üzrə 1 milyon 363 min manatdan çox kredit verilib. Muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələri yaradılıb. 2012-2015-ci illər ərzində muxtar respublika üzrə 751 hektar ərazidə 660 minə yaxın ting əkilib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi məqsədilə müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi üçün Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 3 milyon 840 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılması da diqqət mərkəzində saxlanılıb, ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 12 min 730 ton olan 22 soyuducu anbar istifadəyə verilib. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafını diqqət mərkəzində saxlamaq, məhsul istehsalını daha da artırmaq üçün bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ikinci dəfə məlum sahənin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramının təsdiq edildiyinin şahidi olduq. Belə ki, Ali Məclis Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” regionda aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasından xəbər verir. Əvvəlki proqramda olduğu kimi, bu dövlət proqramında da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirdilər ki, proqramın icrası istiqamətində 2016-cı ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, meyvə bağları salan sahibkarlara güzəştli kreditlər verilib, yaranan çətinliklərlə bağlı onlara əməli köməkliklər göstərilib. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada bank və bank olmayan kredit təşkilatları tərəfindən bitkiçilik sahəsində çalışan sahibkarlara 315 min 700 manat kredit verilib. Cari ilin ötən dövrü ərzində kartof əkini məqsədilə 509 istehsalçı tərəfindən 480 ton keyfiyyətli toxumluq kartofun gətirilməsi təmin edilib. Bu ilin yaz əkini dövründə Kəngərli rayonu ərazisində 50 hektar püstə bağı salınıb, ümumilikdə, muxtar respublika ərazisində 114,5 hektar sahədə 107 min 900 ədəd meyvə tingi əkilib.
Məlumatda qeyd olunur ki, meliorasiya-irriqasiya sistemlərinin daim təkmilləşdirilməsi məhsul artımının əsas şərtlərindən biridir. Bu baxımdan Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi, Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin, Babək rayonunun Nehrəm kəndində kollektorun təmizlənməsi, Şərur rayonunun Ələkli kəndinə suvarma xəttinin çəkilişi, Babək rayonunun Vayxır kəndi ərazisində, “Qahab” selovunda, Naxçıvançayda və Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilib.
Muxtar respublikada əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində sahibkarlarla iş aparılıb. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində bir istixana təsərrüfatı yaradılıb, bir istixana təsərrüfatının genişləndirilməsinə 60 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Hazırda ümumi sahəsi 121,732 kvadratmetr olan 20 istixana kompleksi fəaliyyət göstərir ki, burada istehsal olunan tərəvəz məhsulları qış aylarında əhalinin tələbatının ödənilməsində xüsusi əhəmiyyətə malikdir. 2016-cı ilin ilk 5 ayında istixana komplekslərində 6940,0 ton məhsul istehsal edilərək satışı həyata keçirilib. Məlumatda o da qeyd olunur ki, əhalinin ucuz və kеyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsi, istеhsalçıların öz məhsullarını birbaşa istеhlakçılara çatdırması məqsədilə Naxçıvan şəhərinin Xətai küçəsində yеrləşən Mərkəzi bazarda kənd təsərrüfatı və sənayе məhsullarının satışı yarmarkasının təşkil olunması davam etdirilib, məhsulların bazar qiymətlərindən 10-20 faiz aşağı qiymətə satışına mütəmadi olaraq nəzarət olunub. 2016-cı ilin ötən dövrü ərzində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında istehsalçılar tərəfindən əhaliyə 49 ton kənd təsərrüfatı və sənaye məhsulları təklif edilib.
Göründüyü kimi, aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsi əhalinin yerli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Qeyd etmək istərdik ki, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş hər iki dövlət proqramı çox böyük mahiyyət kəsb edir. İlk növbədə, bu proqramlar muxtar respublikanın özünəməxsus və region üçün xas kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, beləliklə də, təsərrüfatçılıq ənənələrinin yaşadılmasına və təbliğinə şərait yaradır. Digər tərəfdən yerli məhsulların həcminin artırılması məşğulluq məsələlərinin həllinə və əhalinin təbii qida məhsulları ilə təminatına töhfə verir. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də sağlam həyatımıza qoyulan investisiya kimi düşünülməlidir. Və nəhayət, yerli meyvə və tərəvəz məhsullarının həcminin artırılması muxtar respublikanın turizm potensialında önəmli rol oynaya bilər. Çünki aparıcı turizm şirkətlərinin araşdırmalarına görə günəşli ölkələrə səfər edən əcnəbi turistlərin (əsasən şimal ölkələrin vətəndaşları) əksəriyyətinin gündəlik qida rasionunda bu cür kənd təsərrüfatı məhsulları xüsusi paya malikdir. Belə qida rasionuna təbii meyvə və tərəvəz şirələrindən tutmuş onlardan hazırlanan müxtəlif salat və yemək növlərinədək çox şey daxildir. Hətta bəzi ölkələr bu sahədə daha da irəli gedərək turistlər üçün müxtəlif vegeterian mağaza və restoranların açılmasınadək sektorda mühüm nailiyyətlər əldə etməyi bacarıblar. Buna görə də meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır.
Səbuhi Həsənov