Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən muxtar respublikamızda bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Kənd əhalisi onlara verilən torpaq sahələrindən səmərəli istifadə edərək taxılçılığın inkişafına üstünlük verir. Artıq torpaq mülkiyyətçiləri və fermerlər əkib-becərdikləri taxılın biçilməsinə hazırlaşırlar. Biçin mövsümündə qarşıya qoyulan vəzifələrdən biri də tədarük edilən məhsulların yanğından qorunması, yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir. Birinci növbədə qeyd olunmalıdır ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də kənd təsərrüfatında çalışan bütün insanların – traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin və sürücülərin ümdə vəzifəsidir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə məhsul tədarükü ilə məşğul olanlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək onlar yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla bağlı torpaq sahibləri arasında müvafiq maarifləndirmə işlərinə geniş yer verməlidirlər.
Taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda həmin traktorlar da mütləq qığılcımsöndürənlərlə təmin edilməlidirlər.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə örtüksüz və ya örtüyü açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Kombayn, traktor və özühərəkətedən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plastmas borularla mühafizə olunmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən, yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə saxlanması yolverilməzdir.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.
Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində “Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.
Biçin zamanı taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Kombaynların diyircəklərinin və digər sürtünən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır.
Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o, böyük zəhmət hesabına yetişdirilir.
Taxıl biçini dövründə hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.
Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı