Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmışdır. Bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər də davam etdirilmişdir. Belə ki, muxtar respublikanın şəhər və kəndlərində 3 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 4,5 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, 1 kilometr uzunluqlu hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmiş, Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 8 transformator təmir olunmuşdur.
Muxtar respublikanın enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutmuşdur. Belə ki, ay ərzində elektrik şəbəkələrinə buraxılan enerjinin 82,7 faizi su elektrik stansiyalarında, 7,6 faizi isə Günəş elektrik stansiyasında istehsal olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri davam etdirilmiş, 430 ədəd belə sayğac quraşdırılmışdır. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılmış, yaşayış məntəqələrində mütəmadi olaraq reydlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin
mətbuat xidməti