23 Dekabr 2024, Bazar ertəsi

Daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasının ayaqqabı fabrikidir.
Sahibkar Namiq Əliyev bizimlə söhbətində qeyd etdi ki, 1994-cü ildə “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasını yaradıb ticarətlə məşğul olurduq. Lakin hələ gənc yaşlarımdan ayaqqabı istehsalına marağım olduğundan 2000-ci ildə kiçik bir sexdə ayaqqabı istehsalına başladıq. Satışa çıxarılan məhsullara tələbat artdı. Daha çox və keyfiyyətli məhsul istehsal etmək üçün ayaqqabı fabrikinin inşa olunması, müasir texnoloji avadanlıqların alınıb quraşdırılması zərurəti yarandı. Digər sahibkarlar kimi, biz də dövlət qayğısından bəhrələndik. Yeni istehsal sahəsi qurmaq üçün biznes-plan hazırlayıb Sahibkarlığa Kömək Fonduna təqdim etdik. 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 70 min manat dövlət maliyyə dəstəyi göstərildi. Son illər Naxçıvan şəhərində yaradılan sənaye şəhərciyində 750 kvadratmetr torpaq sahəsi ayrıldı ki, burada da müəssisə üçün 2 mərtəbəli bina inşa olundu. Binada ayrı-ayrı iş otaqları, 5 istehsal sexi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar istifadəyə verilib. Müasir texnoloji avadanlıqların alınması üçün 2008-ci ildə Sahibkarlığa Kömək Fondundan 44 min manat güzəştli kredit ayrılıb. Bu vəsaitlə Almaniya, Macarıstan, Yaponiya, Tailand, İran və Türkiyə mənşəli 16 adda müasir texnoloji avadanlıq alınıb gətirilərək quraşdırılıb. Bir sözlə, müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün hər cür şərait yaradılıb.

Müəssisədə yeni istehsal sahəsinin yaradılması məqsədilə 2009-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 60 min manat dövlət maliyyə dəstəyi göstərildiyini bildirən müsahibim onu da qeyd etdi ki, Türkiyənin “Teker” firmasının istehsalı olan ayaqqabı altlıqları istehsal edən avadanlıq, köməkçi dəzgahlar, müxtəlifölçülü və müxtəlifmodelli qəliblər alınıb gətirilərək quraşdırılıb. Gündəlik istehsal gücü 400-500 cüt olan ayaqqabı altlıqları istehsalı sahəsi 2009-cu ilin may ayından fəaliyyətə başlayıb. Ümumilikdə, quruculuq tədbirlərinə və texnoloji avadanlıqların alınıb quraşdırılmasına 380 min manat vəsait sərf olunub ki, bunun da 206 min manatı daxili imkanlar hesabına ödənilib. Gündəlik istehsal gücü 350-400 cüt ayaqqabı olan müəssisədə tələbata uyğun olaraq müxtəlif çeşidlərdə ayaqqabı istehsal edilir. Hazır­da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, “Gəmiqaya”, “Cahan” və “Dizayn” Holdinq Şirkətlər ittifaqlarının, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin sifarişlərinə uyğun olaraq, müxtəlif çeşiddə ayaqqabılar istehsal olunur. Artıq ali, orta ixtisas və ümumtəhsil məktəblərinin formalarına uyğun ayaqqabı istehsal etmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayaqqabı istehsalçıları ilə əlaqələr qurulub, müxtəlif yaş qruplarına uyğun müxtəlif ölçülərdə və modellərdə qəliblər sifariş verilib. Yeni avadanlıqların alınması üçün ayrı-ayrı şirkətlərlə müqavilələr bağlanılıb. Yaxın vaxtlarda daha müasir avadanlıqlar alınıb gətiriləcək, yeni modellərdə məktəbli ayaqqabılarının istehsalına başlanılacaq. Onu da qeyd edək ki, müəssisədə istehsal olunan müxtəlif çeşiddə qadın və kişi ayaqqabılarının topdansatışı həyata keçirilir. Həmçinin müəssisədə istehsal olunan ayaqqabıların pərakəndə satışını təmin etmək məqsədilə Naxçıvan şəhərində firma mağazasının açılması da nəzərdə tutulur.
Ayaqqabı altlıqları istehsalı üçün lazım olan material xammal şəklində, dəri, astar, yapışqan və sap isə hazır məhsul şəklində Türkiyə Respublikasından alınıb gətirilir. Təbii ki, müəssisənin maliyyə imkanları genişləndikcə dəridən hazırlanan digər məhsulların da istehsal olunması və əlavə işçi qüvvəsinin cəlb edilməsi planlaşdırılır.
Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Müəssisədə istehsal olunan ayaqqabıların ölkəmizin digər regionlarında satışa çıxarılması və xarici bazarda tanıdılması istiqamətində işlər davam etdirilir. Paytaxt Bakı şəhərində və xarici ölkələrdə keçirilən biznes forumlarda və sərgilərdə yaxından iştirak edilir. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkət və firmalarla əlaqələr qurulur ki, bu da gələcəkdə yerli məhsulların xarici bazara çıxarılmasına əlverişli şərait yaradır.
Ayrı-ayrı istehlakçıların bu yerli məhsula olan münasibətini öyrəndik: – “Şirvanşahlar” Ayaqqabı Fabrikinin istehsal etdiyi, təmiz dəridən hazırlanmış ayaqqabılar keyfiyyəti ilə seçilir, çox rahatdır, – dedilər.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR