Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən xarici ticarət əlaqələrinə öz müsbət təsirini göstərir.
Mövcud müəssisələrin istehsal potensialının genişləndirilməsi, məhsul çeşidlərinin artırılması həmin məhsulların təbliği və realizasiyası üçün müasir üsullardan istifadə zərurəti yaradıb. Bu istiqamətdə məhsulların daha geniş məkanda, intensiv təbliği və realizasiyasına köməklik göstərilməsi məqsədilə internet məkanından səmərəli istifadə olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən, muxtar respublikada istehsal olunan, ixrac baxımından perspektivli hesab edilən məhsulların və xalq yaradıcılığı nümunələrinin, o cümlədən sənətkarların əl işlərinin və sənət əsərlərinin elektron kataloqları hazırlanıb. Kataloqlarda məhsulların və sənət əsərlərinin fotoşəkilləri, istehsalçıları haqqında Azərbaycan və ingilis dillərində müvafiq məlumatlar yerləşdirilib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, xalq yaradıcılığı nümunələri və əl işlərinin kataloqunda muxtar respublikada fəaliyyət göstərən xalçatoxuma üzrə 35, ağac üzərində oyma sənəti üzrə 50, dekorativ-tətbiqi sənət üzrə 60, papaqçılıq üzrə 20, mis üzərində döymə sənəti üzrə 30, xəttatlıq üzrə 4, rəssamlıq üzrə 285 olmaqla, ümumilikdə, 484 ədəd əl işi və sənət əsəri yerləşdirilib.
Naxçıvan məhsullarının ixrac kataloqunda isə muxtar respublikada fəaliyyət göstərən 37 ixrac potensiallı müəssisəyə aid ərzaq və qeyri-ərzaq olmaqla, 339 çeşiddə məhsulun nümayişi təmin olunub.
Muxtar respublikada məhsul çeşidləri artdıqca elektron kataloqların daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Xəbərlər şöbəsi