Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən hər il iyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmiş, Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi xeyli artmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılmış, Araz və Arpaçay kimi böyük su anbarları tikilmişdir. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, kənd təsərrüfatının inkişafı, meliorativ tədbirlərin genişləndirilməsinə diqqət artırılmışdır. Nəticədə, iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, müasir texnikalar alınıb istifadəyə verilmiş, rayon suvarma sistemləri idarələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafına şərait yaradan əsas amillərdəndir. Son illər muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilmişdir. Belə ki, Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası və suvarma şəbəkəsinin hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır. Kəngərli rayonu ərazisində torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Uzunoba gölündən Böyükdüz kəndinin ərazisinə suvarma suyunun verilməsi məqsədilə 16,4 kilometr qoşa boru xətti çəkilərək nasos stansiyası tikilmiş, bunun nəticəsində 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Şərur rayonunun Xanlıqlar, Ələkli və Vərməziyar kəndlərinə suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından 3 kilometr yeni boru xətti çəkilmiş, 590 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunmuşdur. Ordubad rayonunun “Şıxı yurdu” adlanan ərazisindən 4,6 kilometr məsafədə kanal çəkilərək Ordubad çayına su verilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Bənəniyar gölündən Güznüt, Çeşməbasar, Nehrəm kəndlərinin torpaq sahələrinə suvarma suyunun itkisiz verilməsi üçün 8,3 kilometr yeni suvarma boru xətti çəkilmişdir.
Muxtar respublikada mütərəqqi suvarma sistemlərinin qurulması da diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilmiş, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilmiş, 6,5 kilometrlik kollektor bərpa olunmuşdur. Kəngərli rayonunun Kərki və Xok kəndlərində 200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi, Böyükdüz kəndi ərazisində isə 400 hektarlıq qapalı suvarma və kollektor-drenaj şəbəkəsi bərpa olunmuşdur. Hazırda Böyükdüz və Xok kəndlərinin 107 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında nasos stansiyalarından və subartezian quyularından geniş istifadə olunur. Son illər muxtar respublikada 51 subartezian quyusu və 7 nasos stansiyası tikilərək istismara verilmişdir. Hazırda muxtar respublikada 102 nasos stansiyası və 882 subartezian quyusu vardır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri də torpaqlarda meliorativ tədbirlərin görülməsidir. Şoranlaşmaya və bataqlaşmaya meyilli torpaq sahələrinin müəyyənləşdirilməsi, torpaq mülkiyyətçiləri arasında mütərəqqi əkin və suvarma metodlarından istifadə ilə bağlı maarifləndirici söhbətlərin aparılması diqqət mərkəzindədir. Aid təşkilatlarla birlikdə bu sahədə işlər davam etdirilmiş, şoranlaşmış və bataqlaşmış sahələr müəyyən edilərək 223 kilometr kollektor, 14 kilometr açıq drenaj kanalı təmir olunmuş, yeni drenaj xətti çəkilmişdir. Həmçinin daşqın və selə qarşı mübarizə məqsədilə muxtar respublikanın çay və selovlarında 76,1 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayında 54 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır.
Suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən də geniş istifadə olunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın şəhər, rayon və kəndlərində 332 kəhriz istismar olunur. Son illər muxtar respublikada 19 kəhriz təmir edilərək istismara verilmişdir. Hazırda 6 kəhrizdə təmir işləri davam edir. Kəhrizlərin bərpa edilməsi su təchizatının yaxşılaşdırılması ilə yanaşı, həm də tariximizin və mədəni irsimizin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də əhalinin içməli suya olan tələbatını ödəmək, insanları sağlam və ekoloji cəhətdən təmiz su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür, kaptajlar bərpa olunur, yeni içməli su xətləri çəkilir, mənzillər keyfiyyətli içməli su ilə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksinin, eləcə də Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan şəhərində 224,8 kilometr müxtəlif diametrli içməli su və 219 kilometr kanalizasiya xətlərinin tikintisi aparılmış, mənzillər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Bu işlər təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın rayonlarında da içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi bundan sonra da meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması sahəsində fəaliyyətini davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti