Bəs bu vacib işi necə təşkil edirik?
Rifahımız üçün hazırlanan məhsulların keyfiyyəti, göstərilən xidmətlərin səviyyəsi onun sahibkarının göstəricisidir. Bazarda uğur qazanmaq hər bir iş adamının əsas hədəfi olduğu kimi, güclü sahibkarlıq təbəqəsinə sahib olmaq da hər bir dövlətin əsas məqsədidir. Ona görə də güclü iqtisadiyyata malik olmaq üçün görülən işin reklamı da zamanın tələbi kimi qarşımızda durur. Reklam müasir həyatımızda hər yerdə vardır. Belə ki, əksər hallarda yeni olan məhsul və xidmətlər haqqında məhz reklamlar vasitəsilə xəbər tuturuq. Hər gün həyatımıza daxil olan belə yeniliklərdən vaxtında xəbər tutduğumuzda onların nə qədər faydalı olduğunu da görmüşük. Ona görə də yaddaqalan reklamlara hər kəs maraqlıdır.
Reklam işi həm də bir biznes sahəsidir. Azad bazar iqtisadiyyatına xas olan rəqabət mühitində reklam və reklam bazarı bizdə də genişlənməkdə, firma və müəssisələr öz uğurları üçün onun gücündən istifadə etməkdədirlər. İndi ölkəmizin və muxtar respublikamızın daxili bazarında dərman preparatlarından tutmuş avtomobillərə qədər idxal olunmuş mal və məhsullarla yanaşı, yerli məhsullarımızın və xidmətlərimizin də reklamlarını görməkdəyik. Ancaq inkişafımızın ümumi səviyyəsinə və strateji hədəflərə baxdıqda yerli kənd təsərrüfatı və sənaye məhsullarımızın, xidmətlərimizin, turizm ehtiyatlarımızın hələ də çox az reklam olunduğu qənaətinə gəlirik.
Daxili bazarımızda ölkəmizin və muxtar respublikamızın inkişafından xəbər verən keyfiyyətli yerli məhsullarımız vardır. Belə ki, hər dəfə üzərində “Azərbaycanda istehsal edilmişdir” yazıları ilə etiketlənmiş malları görəndə dərhal dolğun təəssüratlarımız formalaşır. Bu mallara xaricdə rast gəldikdə isə bu təəssürat ikiqat artır. Belə ki, hələ 2013-cü ildə bir təhsil layihəsi üzrə səfər etdiyimiz Latviyanın paytaxtı Riqa şəhərindəki iri supermarketdə Avropa İttifaqı standartlarına uyğun şəkildə hazırlanıb qablaşdırılmış Bakı lavaşını görəndə digər azərbaycanlı müəllim həmkarlarımla birgə bu əvəzsiz nemətə necə həyəcanla baxdığımızı indi də xatırlayıram. Amma düşünəndə ki, bu keşgə Naxçıvan lavaşı olsaydı, onda bütün Avropa əhli çörəkbişirmə ənənələrinin Azərbaycanın bütün bölgələrində necə inkişaf etdiyinin şahidi olar, damağının dadını bilərdi. Reklam sarıdan geriliyimizdir ki, bu gün ətirli Naxçıvan lavaşını biz nəinki Avropada, heç Bakıda da geniş tanıda bilməmiş, onun patent və brendləmə işlərini indiyə qədər təşkil etməmişik. Nəticədə, ölkəmizin digər yerlərində hər qonaq getdiyimiz evin süfrəsində “Naxçıvan lavaşı” adı altında müxtəlif saxta məhsullarla rastlaşmaqdayıq.
Hazırda bizim hasilat sənayemizin, yaxud turizm ehtiyatlarımızın və olduqca təmiz kənd təsərrüfatı məhsullarımızın reklamı üçün geniş imkanlar vardır. Ancaq bizim bir çox sahibkarlarımız, bələdiyyələrimiz və icra orqanlarımız hələ də reklama dırnaqarası baxır, bunun eyni zamanda vətənpərvərlik vəzifəsi olduğunu unudurlar. Elə bu səbəbdəndir ki, cari ilin fevral ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə demişdir: “İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, onların xarici bazarlara çıxış imkanlarını asanlaşdırmaq lazımdır. Eyni zamanda sahibkarlıq subyektləri də gözləmə mövqeyində dayanmamalı, öz məhsullarının muxtar respublikadan kənarda satışının təşkili məqsədilə marketinq araşdırmaları aparmalı, bu məhsulların təbliği üçün internet resursları və kütləvi informasiya vasitələrinin imkanlarından faydalanmalıdırlar”.
Bəs ölkəmizdə qeyri-neft sektoru üzrə ixrac potensialımızın artırılması məqsədini güdən sahələrdə marketinq və reklam işləri üzrə fəallığın artırılması nə üçün belə vacibdir? Şübhəsiz, nəinki sahibkar, hətta sadə bir istehlakçı da yaxşı bilir ki, ölkəmizə idxal olunan hər bir mal və xidmət strateji valyuta ehtiyatlarımızın xərclənməsi hesabına başa gəlir. Bu fakt, hətta, orta təhsilli hər bir vətəndaşa, ən azından ona 9-11-ci siniflərdə tədris olunmuş İqtisadiyyatın əsasları fənnindən də yaxşı məlumdur. Buna görə də, əlimizdə olan imkanlardan maksimum istifadə etməklə valyuta ehtiyatlarımızın artırılmasına yönəlmiş ixracyönümlü fəaliyyət və ya iqtisadi nəticəsinə görə ona tamamən bərabər olan idxaləvəzləyici istehsalın genişləndirilməsi aktuallıq kəsb edir. Buna da uğur qazandıran mühüm amillərdən biri reklam fəaliyyətidir.
Səmərəli reklam işi üçün hazırda əlimizdə bütün imkanlar vardır. Bu sahə üzrə ölkəmizdə qanunvericilik bazası yaradılıb, reklam resurslarının yerləşdirilməsi üçün bütün növ informasiya çıxışlarına sərbəstlik təmin olunub. Ancaq reklam resurslarının yaradılması və onların müvafiq informasiya kanallarında yerləşdirilməsi məsələsinə gəldikdə, bütün problemlər, deyəsən, burada görünməkdədir. Halbuki çox gözəl reklam çarxları ilə turizm xidmətlərimizi, Naxçıvanın brendi ola biləcək məhsulları Avropa və ya dünya miqyasında yayımlanan televiziya kanallarında reklam etmək üçün yaxşı imkanlara malikik. Ən azından qardaş Türkiyə kanallarında. Amma real vəziyyət odur ki, bu iş heç ölkə və yerli telekanallarda da lazımınca təşkil olunmayıb.
İndi bütün dünyada hər bir ölkənin, yaxud onun regionunun brend məhsullarla tanınması ənənəsi vardır. Məsələn, hər kəs yaxşı bilir ki, bütün dünyanı gəzsən də Naxçıvan göycəsinin analoqu yoxdur və ya Naxçıvan Duzdağının, Naxçıvanda hasil olunan “Sirab” və “Badamlı” sularının hansı müalicəvi keyfiyyətləri vardır. Dərindən araşdırma aparsaq, sırf Naxçıvana məxsus olan belə nemətlərimiz onlarca saydadır. Deməli, səmərəli və məqsədli reklam və təbliğat işləri apara bilsək, Naxçıvan kimi böyük olmayan bir regiondan dünya əhəmiyyətli ixrac fəaliyyəti aparmaq mümkündür. Ancaq təkcə ixrac fəaliyyəti üçünmü? Gündəlik müşahidə göstərir ki, bu gün daxili bazarımızda öz keyfiyyətinə görə xarici analoqlarından çox üstün olan bir çox yerli məhsullarımız sırf özünün primitiv qablaşdırma və zəif dizaynına görə bazardakı idxal mənşəli rəqiblərinə uduzur. Dəfələrlə özümüz də görmüşük ki, xüsusən uşaqlarla birlikdə bazar və marketlərdə alış-veriş edərkən eyni rəfdəki yerli məhsulların yanındakı idxal malları alırıq. Xammalı, mineral tərkibi öz torpağımızın məhsulu olan bəzi yerli mallarımız isə ya heç qablaşdırılmadığından, ya da bu iş keyfiyyətsiz və zövqsüz olduğundan elə rəfdəcə məlumatsız alıcının gözündən düşür, istifadə vaxtı keçir. Bu da bəzi sahibkarların öz məhsulunun reklamına dırnaqarası baxmasının nəticəsidir.
Bununla belə, reklam və təbliğat sahəsindəki fəaliyyətsizliyi təkcə gözəl dizayn və qablaşdırmada axtarmaq düzgün olmazdı. Təcrübə göstərir ki, reklam işi daha çox təəssübkeşlik və yaxşı mənada yerliçilik hissləri də tələb edən bir fəaliyyətdir. Yəni bir süfrə arxasında əyləşdiyimiz qonaqla söhbət zamanı Naxçıvanın əvəzolunmaz nemətləri haqqında ağızdolusu danışırıqsa, bax, bu, ən yaxşı reklamdır. Amma gəlin görək bu işdə nə qədər vətənpərvərik? Etiraf edək ki, toylarımızda və yaxud digər ziyafətlərdə imkan olan kimi dərhal masaları idxal məhsullarla bəzəmək istəyimiz hələ də qalmaqdadır. Düzdür, indi bazar iqtisadiyyatı, sərbəstlik dövrüdür. Amma bazara, dükana daxil olanda bir az da milli təəssübkeşliyimizi ortaya qoymaq zamanı çoxdan gəlib. Bu, ən azından öz övladlarımızın gələcək davranışlarına da bir nümunə olmalıdır. Yoxsa belə təəssüb hissləri olmasa, onda həm canlı, həm də virtual reklam işində yenə də geridə qalacağıq.
Reklamla bağlı virtual aləmdə görülən işlər isə bu sahədə kimin nə qədər bacarıqlı olduğunu dərhal üzə çıxarır. Elə buna görə də cari ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublikada elektron məkanda reklam fəaliyyətinin genişləndirilməsi müvafiq təşkilatlar qarşısında ciddi bir tapşırıq kimi qoyulub. İndi, gəlin görək, keçən müddət ərzində icra hakimiyyətlərimiz, şəhər bələdiyyəmiz və digər müvafiq qurumlar öz saytlarında və ya sosial şəbəkə səhifələrində Naxçıvanın turizm potensialının təbliği ilə bağlı hansı yeni elektron resurslar yerləşdiriblər? Axtarsaq, çox az məlumat tapa bilərik. Halbuki bizdə bu işi təşkil etmək üçün kifayət qədər reklam materialı və təcrübə vardır. Belə bir təcrübə üçün heç də uzağa getmək lazım deyil. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının saytına daxil olduqda şirkət, onun məhsulları haqqında müasir internet istifadəçisinə lazım olan bütün yenilənmiş məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bu baxımdan ötən həftələrdə muxtar respublikamıza səfər etmiş və Naxçıvan şəhəri ilə yaxından tanış olmuş yapon, rumıniyalı və avstriyalı qonaqlarla bağlı iki dildə təqdim olunan məlumatları bir nümunə kimi Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Bələdiyyəsinin diqqətinə çatdırırıq. Reklam vasitəsilə, əslində, cəmiyyətlə sıx əməkdaşlıq nümunəsi kimi tək bircə şirkətimizi qeyd etmirik. “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq” Kommersiya Şirkətləri ittifaqları, “Ləzzət Qida Sənaye” MMC və digər şirkətlər öz veb səhifələri vasitəsilə müasir tələbkar istehlakçıya lazım olan məlumatları çatdırırlar. Bunlardan əlavə, ölkə və yerli telekanallarda, müxtəlif sponsorluq tədbirlərində bu şirkətlərin istehsalı olan Naxçıvanın brend məhsullarının reklamını da görməkdəyik ki, bunlar da çox sevindiricidir. Lakin hazırkı imkanlarımıza baxdıqda görürük ki, bu, çox azdır. Misal üçün, hər bir naxçıvanlı istər ki, Avropa telekanallarını açanda “Sirab”ın, “Badamlı”nın, Duzdağın, Darıdağın reklamına, yaxud Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanmış “Naxçıvana xoş gəlmişsiniz” adlı videoçarxa rast gəlsin.
Muxtar respublikamızda çox sayda özəl qurum fəaliyyət göstərsə də, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, onlardan yalnız 50-yə yaxını öz veb səhifələri və sosial şəbəkə vasitəsilə məhsul və xidmətləri haqqında müəyyən məlumatlar verirlər. Ona görə yalnız müəyyən məlumatlar deyə bilirik ki, bu saytların əksəriyyəti müasir istehlakçının tələblərindən xeyli uzaqdır. Belə ki, əksər şirkətlərin saytlarının ana səhifələrinin həddən artıq ağır olması, yaxud belə saytlarda onların əsas missiyasından kənar olan lüzumsuz informasiyaların yerləşdirilməsi, boş keçidlərə rast gəlinməsi, dilimizin qrammatik qaydalarının kobud şəkildə pozulması və xarici dillərdə olan sözlərə yer verilməsi hallarına rast gəlinməsi təkcə peşəkarlığın zəifliyini deyil, eyni zamanda onların, sadəcə, verilmiş tövsiyələrə əməl olunması xatirinə hazırlandığını göstərir. Yəqin ki, bu iş peşəkarcasına aparılsaydı, Şərur rayonunda fəaliyyət göstərən Elçin Tağıyevə məxsus “Məmməd-Tağı” MMC-nin boş olan internet səhifəsinin də adı www.mammad-tagi.az olmazdı. Həmişə bir veb səhifəsinə baxarkən orada verilən informasiya məhz həmin resursun tanıtımı kimi yadda qalır. Ona görə də yaxşı olardı ki, sahibkar Elçin Tağıyev də veb səhifəsinin adını istehsal etdiyi məhsulun adı ilə tanıtsın. Hər halda müasir dünyada aparılan marketinq işləri də belə qurulur.
Nazirlikdən aldığımız arayışa əsasən, qısa bir ümumiləşdirmə aparsaq, özəl şirkətlərimizin elektron məkanda təbliği vəziyyətini aşağıdakı kimi qiymətləndirmək olar. Bunlardan birincisi kimi www.cahan.az, www.gemikaya.com, www.dizaynholding.com, www.neqsicahan.az, www.lezzet.az, www.sirab.com, www.nati.az, www.agronax.az, www.prestij-np.com, www.dekorqrup.com, www.rahibsirniyyat.com adlı veb səhifələrin təmsil etdikləri şirkətlərin fəaliyyəti, missiyası, reklam çağırışı və saytın dizaynı ilə müasir dövrün elektron marketinq tələblərinə cavab verdiyini görürük. İkinci qrupda isə tərtibatı, məzmunu, dil və reklam çağırışı baxımından kifayət qədər qüsur və çatışmazlıqları olan müəssisələrin veb saytlarını görürük. Məsələn, “Naxçıvan Duz İstehsalı” MMC-nin veb səhifəsində yerləşdirilmiş mənzərənin Naxçıvanın hansı yerində olduğu və saytın əlaqə bölməsində təyin olunmamış telefon nömrələrinin hansı məqsədlə yerləşdirilməsi maraq doğurur. Eynitipli problemi “Ordubad Qənnadı Məmulatları” MMC-nin www.ordubadnemetleri.az saytında da görməkdəyik. Saytdakı çox ciddi qüsurlarla yanaşı, ana səhifədə əks olunmuş böyük təbiət mənzərəsinin də Ordubada aid olmadığı görünür. “Zümrüd” Kiçik Müəssisəsinin www.zumrud-km.com saytında ilk görünən şəkil isə Naxçıvanda olan bir kiçik müəssisədən çox, hardasa fəaliyyət göstərən beynəlmiləl bir şirkətdən xəbər verir. Arzu edirik bu da olsun. Amma belə marketinq-reklam strategiyası ilə çətin ki... Kəngərli rayonunda fəaliyyət göstərən, “Fitonad” limonad istehsalı müəssisəsinin www.korabulaq.com saytında isə onun köhnə, həm də o qədər də uğurlu olmamış “Korabulaq” əmtəə nişanı ilə istehsal edilmiş məhsulların reklamı da bu sahədəki mövcud problemləri göstərir. “Şərur-3” MMC-nin veb səhifəsi olan www.serur-3.com da isə burada tətbiq edilən gümüş filtr texnologiyası və istehsal olunan spirtli içkilərin hansı müalicəvi əhəmiyyətə malik olduğu qeyd olunsaydı, yaxşı olardı. Babək rayonunda fəaliyyət göstərən “Bizim qida” MMC-yə aid olduğu göstərilən veb səhifəsinin www.azersun.com kimi təqdim olunması isə tamamilə sual doğuran bir məsələdir. Eyni rayondakı süd məhsulları emalı ilə məşğul olan “İlham” MMC-nin www.ilhammmc.com saytı müəssisə haqqında heç bir fikir yaratmır. Eyni iradları “Fərda” və “Damla” şirniyyat müəssisələri haqqında da demək olar. Naxçıvan şəhərində fəaliyyət göstərən “Azad” Şirniyyat Şirkətinin www.azadsirniyyat.az saytında isə hədəflərinin “Bakını tamamilə “Şirin Zona”ya çevirmək” olduğu göstərilir! Buna isə, sadəcə, “uğurlar” deyə bilərik. “Nursu-1” MMC-nin saytındakı təmtəraqlı çıxış yerinə isə, yaxşı olardı ki, müəssisənin ünvanı düzgün yazılardı.
Göründüyü kimi, bir çox şirkətlərimiz təsirli reklamın təşkilində internetin imkanlarından tam istifadə etmirlər. İstehsal müəssisələrimizin fəaliyyətini tənzimləyən müvafiq qurumların reklam baxımından üzərlərində heç bir təşkilati-metodoloji dəstəyinin hiss olunmadığı belə şirkətlərimiz təkcə bəyənilən veb səhifəsi yaratmaqda deyil, sosial şəbəkələrdə də lazımınca təbliğ olunmaqda axsayırlar. Misal üçün, “Naxçıvan Avtomobil Zavodu” MMC kimi yerli istehsal müəssisələrimizin əksəriyyətinin sosial şəbəkələrdə öz səhifəsinin olmaması təəccüb doğurur. Halbuki müasir dövrdə əsas tanıtım-təbliğat işləri sosial şəbəkələr vasitəsilə aparılır. Bunlardan əlavə, ödəniş ucbatından veb səhifələri bağlanmış olan Naxçıvan şəhərindəki “Araz Holdinq LTD” MMC, “Məişət Xidməti” MMC, “Danyeri” dondurma istehsalı müəssisəsi, Şahbuz rayonundakı “Çınqıllı Bulaq” MMC və digər şirkətlərimiz də vardır. Bu vəziyyəti görəndə onların ya işlərinin yaxşı getdiyini, ya da ki, reklama ehtiyacı olmadığını düşünürük. Amma belə şirkətlərimizin nəzərinə çatdırırıq ki, biz qlobal rəqabətin bir parçasıyıq və bu gün onların bazardakı uğurlarının davamlı olması bizi də maraqlandırır. İstehsal etdiyi məhsulların reklamını düzgün təşkil etməyən müəssisələr bilməlidir ki, bunsuz nəinki xarici bazarlara çıxmaq, heç daxili bazarda da möhkəmlənmək çətindir.
Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrinin qarşısında xarici bazarlara məhsul çıxarmaq vəzifəsi qoyulduğu bir vaxtda muxtar respublikamızda yerli istehsalın stimullaşdırılması üçün göstərilən dövlət dəstəyinə istehsal müəssisələrimiz də əməli işlə cavab verməli, məhsulların geniş tanıtımını təşkil etməlidir. Əks təqdirdə, bizim keyfiyyətli yerli məhsullarımız mağazaların vitrinlərində vaxtı keçmiş mallara çevriləcəkdir.
Əli Cabbarov