23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə böyük imkanlar açıb. Təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin və müasir kənd təsərrüfatı texnikalarının verilməsi, aqrotexniki xidmət sarıdan köməkliklərin göstərilməsi bu sahəyə olan dövlət qayğısının daha bir nümunəsidir. 

Təbii ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan torpaq mülkiyyətçilərinin və fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin olunması olduqca vacib məsələlərdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə fermerlərə verilməsini təmin edir. Müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınıb gətirilməsi istiqamətində də işlər uğurla davam etdirilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 53 ədədi 2016-cı ildə olmaqla, cəmi 1738 ədəd müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqları alınıb gətirilib.
Mövcud texnika və texnoloji avadanlıqların saxlanılmasına və yüksək­keyfiyyətli aqroservis xidmətinin göstərilməsinə əlverişli şərait yaradılıb, 2010-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun Şərur, Culfa, 2011-ci ildə Sədərək, Kəngərli, Ordubad, 2013-cü ildə isə Şahbuz bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazalarında 294 ədəd müxtəlif texnika və avadanlıq vardır. Bunun 26 ədədi Şərur, 37 ədədi Babək, 25 ədədi Culfa, 10 ədədi Sədərək, 9 ədədi Ordubad, 14 ədədi Şahbuz, 15 ədədi isə Kəngərli bazalarına icarəyə verilib. Onu da qeyd edək ki, cari ilin əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsi və sahələrdə yetişdirilən məhsulun optimal müddətə itkisiz toplanılması üçün kompleks tədbirlər həyata keçirilib, lazımi ehtiyat hissələri alınıb, texnikalara baxış keçirilərək mövsümə hazır vəziyyətə gətirilib.
Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dövlət tərəfindən ödənilməsi təmin edilib. Məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələrin alınaraq muxtar respublikaya gətirilməsi və torpaq mülkiyyətçilərinə çatdırılması da diqqət mərkəzində saxlanılıb. Həmçinin sərəncama əsasən, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasına da güzəştlər tətbiq olunub. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib, dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılıb. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılıb. Hazırda texnikaların ilkin dəyəri 20 faiz ödənilməklə dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaradıb, 2016-cı ildə 7 ədədi nağd və köçürmə, 62 ədədi lizinq yolu ilə olmaqla, ümumilikdə, 1444 ədəd texnika satılıb. Həmçinin məhsuldarlığı artırmaq məqsədilə torpaq mülkiyyətçiləri 4905,2 ton mineral gübrə ilə təmin olunub.
Torpaq mülkiyyətçiləri, fermer və fərdi sahibkarlar daxili bazarı yüksəkkeyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə edir, göstərilən dövlət qayğısından bəhrələnməklə aqrar bölmənin inkişafına öz töhfələrini verirlər. Bu, sahibkarların maddi rifahının daha da yaxşılaşdırılmasına şərait yaratmaqla bərabər, ölkəmizin, o cümlədən muxtar respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR