Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə həyatın hər bir sahəsinin inkişafını təmin edib. Dahi rəhbərin böyük önəm verdiyi tədbirlər sırasında meliorasiya və irriqasiya işləri də mühüm yer tuturdu. Ulu öndər belə tədbirlərin həyata keçirilməsini ona görə vacib sayırdı ki, məhsuldar torpaq sahələrimiz əkilməmiş qalmasın, şoranlaşmanın qarşısı alınsın, əhalinin yerli əkinçilik məhsullarına tələbatı daxili imkanlar hesabına ödənilsin, ərzaq təhlükəsizliyi təmin edilsin. Bu tədbirlər ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə edirdi. O dövrə qısa ekskurs etsək, görərik ki, əgər 1970-ci ilə qədər muxtar respublikada kiçik və az əhəmiyyətli bir neçə su anbarı yaradılıbsa, 1970-ci ildən sonra ümumi tutumu 1 milyard 477 milyon kubmetr olan 20 su anbarı tikilib. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib.
1971-ci ildə Araz çayı üzərində qonşu İran İslam Respublikası ilə birgə tikilmiş dəryaçanın ümumi su tutumu 1254 milyon kubmetr, faydalı su həcmi 1150 milyon kubmetrdir. O dövrdə Araz çayı üzərində üzən nasos stansiyası quraşdırılıb, bu da Naxçıvan şəhərinin, indiki Kəngərli və Babək rayonlarının Araz çayı boyunca yerləşən torpaq sahələrinin suvarılmasına imkan yaradıb.
1971-ci ildə Şahbuz rayonunun Nurs, Babək rayonunun Dizə, 1979-1980-ci illərdə Cəhri, Məzrə, Payız, Çənnəb, Dəstə, Gilan və sair su anbarları tikilib istifadəyə verilib.
1977-ci ildə istifadəyə verilən Arpaçay dəryaçasının ümumi su tutumu 150 milyon kubmetr, faydalı həcmi 140 milyon kubmetrdir. Bu, Şərur rayonunun torpaq sahələrinin su ilə təminatına imkan verib. 1980-ci ildə istifadəyə verilən 12 milyon kubmetr tutumu olan Sirab Su Anbarı Babək rayonu ərazisində 3 min hektara yaxın, 17 milyon kubmetr tutumu olan Bənəniyar Su Anbarı isə Culfa və Babək rayonları ərazisində, təxminən, 4 min hektar əkin sahəsinin suvarılmasına imkan yaradıb.
Bütövlükdə muxtar respublikada 1970-ci ildən sonra istifadəyə verilmiş su anbarları 55 min hektara yaxın torpaq sahəsinin suvarılmasına xidmət edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “Muxtar respublikada istifadəyə verilən su anbarları və başqa əhəmiyyətli suvarma obyektləri məhsuldar qüvvələrin inkişafında mühüm rol oynamışdır... Həmin dövrdə görülən irimiqyaslı meliorasiya və irriqasiya tədbirləri məhsul bolluğuna təminat yaratmış, muxtar respublikanın kəndləri simasını dəyişmiş, adamların güzəranı yaxşılaşmışdır. Bir sözlə, muxtar respublikada iri sututarların, dəryaçayların inşa olunması, sadəcə, tikinti proqramlarının yerinə yetirilməsi demək deyildi. Bu, eyni zamanda uzun müddətə hesablanmış strateji proqram idi”.
Heydər Əliyev Su Anbarı da görkəmli dövlət xadiminin həyata keçirdiyi böyük iqtisadi layihələrdən biridir. 2005-ci il dekabr ayının 19-da istifadəyə verilən Heydər Əliyev Su Anbarının açılışında ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.
Məlumat üçün bildirək ki, yüz milyon kubmetr su tutumu olan bu anbarın tikintisinə hələ sovet dönəmində, 1982-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdı. Su anbarı muxtar respublikada 16 min 830 hektar sahənin suvarılmasına imkan verəcəkdi ki, bunun da 6 min 919 hektarı yeni əkin dövriyyəsinə qatılan torpaqlar olacaqdı.
Lakin ötən əsrin 80-ci illərinin sonlarında inşaat işləri yarımçıq qaldı. Ancaq öz şəxsi ambisiyalarını düşünən ovaxtkı Azərbaycan rəhbərliyi bu layihənin muxtar respublikaya, nəticə etibarilə, ölkəmizə verəcəyi iqtisadi səmərəni düşünmək qabiliyyətindən uzaq idi. Yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu nəhəng obyektin tikintisinin davam etdirilməsi məqsədilə 2002-ci il avqust ayının 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində görkəmli dövlət xadiminin sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə ulu öndər Heydər Əliyev demişdir: “Mən bu dəfə Naxçıvana gələndə bəyan etdim ki, Naxçıvanda bir neçə böyük problemlərin həll edilməsi ilə məşğul olacağam. Görürsünüz ki, ayın 10-da buraya gələndən bunu edirəm. Bu problemlərdən biri Naxçıvan Muxtar Respublikası üçün çox böyük əhəmiyyəti olan Vayxır su anbarının tikilib başa çatdırılması və layihəyə uyğun olaraq istismara verilməsidir...
Hələ 1981-ci ildə onun layihəsi hazırlanmışdır. Ancaq belə bir su anbarının yaranması haqqında qərarı biz Azərbaycanda bundan bir neçə il öncə qəbul etmişdik. Yəni belə böyük tikintiləri biz özümüz həll edə, onları öz vəsaitimizlə inşa edə bilmirdik. Bunlar Azərbaycanın büdcəsinə daxil ola bilmirdilər. Bunların hamısını biz o vaxtlar ümumittifaq büdcəsindən və ümumittifaq iqtisadiyyatının müxtəlif sahələrindən istifadə edərək həyata keçirirdik. Ona görə Vayxır su anbarının tikilməsinin ideyası çoxdandır və bu işin görülməsi haqqında da hələ xeyli zaman layihə işlərinə başlanmamışdan əvvəl biz lazımi qərarlar qəbul etmişdik. Nəhayət, 1981-ci ildə bu layihələşdirildi, 1982-1983-cü illərdə inşaat işlərinə başlandı. Ancaq indi 2002-ci ildir. 20 il keçib, bu, yarımçıq qalıbdır. Təbiidir ki, indi zamanı gəlib, yəqin bizim imkanlarımız buna şərait yaradır ki, bu böyük layihəni tamamilə həyata keçirək”.
Bu iş üçün külli miqdarda vəsait ayrıldı, tikintiyə səriştəli mütəxəssislər və texnika cəlb olundu. Böyük səylər hesabına vaxtında başa çatan bu anbarın tikintisində başlıca məqsəd ondan ibarət idi ki, muxtar respublikanın məhsuldar torpaq sahələrindən səmərəli istifadə edilsin, bol məhsul yetişdirilsin. Baha qiymətə başa gələn, mənbəyi bəlli olmayan, regionumuza başqa yerlərdən gətirilən qida məhsullarının qarşısı alınsın. Bu gün dahi rəhbərin arzuları reallığa çevrilib. Yüksək texniki göstəricilərə malik olan anbarda suvarma suyunun minimum itki ilə rayonlara verilməsini təmin etmək məqsədilə su sərfi saniyədə 20 kubmetr olan aparıcı beton kanal və kanalın üzərində subölücü qurğu tikilib. Subölücü qurğudan su uzunluğu 30,5 kilometr, sərfi saniyədə 13 kub olan sol, sərfi saniyədə 7 kub, uzunluğu 24,2 kilometr olan sağ sahil kanallarına verilir. Sağ və sol sahil kanallar üzərində 60 ədəd suburaxıcı qurğular, kanalların üzərində müxtəlif hidrotexniki qurğularla bərabər suvarılan torpaq sahəsini su ilə təmin etmək üçün qapılar qoyulub.
Anbar istifadəyə verildikdən sonra Şahbuz, Culfa, Babək rayonlarının suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb. Belə ki, Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Heydər Əliyev Su Anbarı vasitəsilə bu gün, ümumilikdə, 16830 hektar əkin sahəsi suvarılır. Daha dəqiq desək, sağ sahil kanalı ilə Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Babək rayonunun Cəhri, Uzunoba, Şıxmahmud, Nəzərabad, Didivar, Xəlilli kəndləri, sol sahil kanalı ilə isə rayonun Vayxır, Sirab, Qahab, Xal-xal, Məzrə, Qaraqala, Məmmədrzadizə, Kültəpə, Kərimbəyli, Zeynəddin, Nəcəfəlidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad, Nehrəm, Çeşməbasar, Güznüt kəndlərinin, Babək qəsəbəsinin torpaq sahələri suvarma suyu ilə təmin olunur. Su anbarından çəkilən kanallar hesabına Babək rayonunun 13869 hektar torpaq sahəsi suvarılır. Culfa rayonunun Ərəzin və Bənəniyar kəndlərinin 2311 hektar torpaq sahələrinə sol sahil kanalı vasitəsi ilə suvarma suyu verilir. Aparıcı kanal üzərində tikilmiş “Əcəmi 1” nasosu ilə Şahbuz rayonunun 650 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilir...
...Dahi rəhbərin müəllifi, qurucusu və yaradıcısı olduğu müstəqil Azərbaycanın hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət xadimi Heydər Əliyevin yaratdıqlarının sayı-hesabı ölçüyəgəlməzdir. Onların hər biri ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Bu siyasətin təməlində duran başlıca amil xalqın inkişaf və tərəqqisini təmin etmək olub. Və həyata keçirilən tədbirlər, qazanılan cahanşümul qələbələr də bu amilə xidmət edib. Qədirbilən xalqımız dahi rəhbərin Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız üçün etdiklərini unutmur, Onun qurub-yaratdıqlarını ən qiymətli yadigar hesab edirlər.
Bu gün ümummilli liderimizdən bizə ərməğan qalan belə qiymətli yadigarları Onun əsərləri hesab etmək olar və belə yadigarların bir çoxu görkəmli dövlət xadiminin adını daşıyır. Heydər Əliyev Su Anbarı da ulu öndərin böyük əsərlərindən biridir.
Muxtar Məmmədov