23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının təmin olunmasında həyata keçirilən tikinti-quruculuq tədbirləri mühüm rol oynayır. Bu sahədə  görülən işlərin nəticəsidir ki, hər il muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində yeni obyektlər istifadəyə verilir, əhalinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə xidmət edən infrastruktur sahələri yaradılır. Cari ildə də bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda Naxçıvan şəhər inzibati ərazi dairəsində yerləşən Tumbul və Bulqan kəndlərində kompleks quruculuq işləri aparılır. 

Tumbul kəndindəki üçmərtəbəli məktəb binası və ikimərtəbəli kənd mərkəzinin tikintisinə bu ilin aprel ayından başlanılıb. 324 yerlik kənd tam orta məktəbinin binasında birinci mərtəbədə hörgü işləri başa çatdırılıb, ikinci mərtəbədə isə beton-qəlib işləri görülür. İşlər tamamlandıqdan sonra məktəb binasının birinci mərtəbəsində kitabxana, fənn laboratoriyaları, idman zalı, şahmat və hərbi hazırlıq sinifləri, ikinci mərtəbədə siniflər, üçüncü mərtəbədə isə üç elektron lövhəli sinif, iki kompüter sinfi, müəllimlər otağı, şahmat sinfi yerləşəcək.

Kənd mərkəzinin binasında isə hörgü işləri yekunlaşdırılıb. Mərkəzin birinci mərtəbəsində kitabxana, rabitə xidməti, baytarlıq, polis və tibb məntəqələri, ikinci mərtəbədə isə bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, YAP ərazi ilk təşkilatı üçün otaqlar ayrılacaq. Bundan əlavə, kənddə yeni xidmət mərkəzi üçün də binanın tikilməsi planlaşdırılır.
Qeyd edək ki, hər iki obyektin tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən aparılır.
Bulqan kəndində də yeni kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılan tikinti işlərinə 2015-ci ilin ortalarından başlanılıb. Ötən müddət ərzində ikimərtəbəli kənd mərkəzində hörgü işləri başa çatdırılıb, binanın dam örtüyü vurulub, pəncərələr salınıb. Hazırda binanın daxilində yerə daş döşənir, fasad hissədə isə suvaq işləri aparılır, pəncərələrin kənarları və binanın künc­ləri milli memarlıq nümunələrindən istifadə edilməklə travertin daşla üzlənir. Yeni binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli şərait yaradılacaq.
Buradakı xidmət mərkəzi üçün tikilən binada da əsas işlər görülüb. Belə ki, dam örtüyü vurulub, binanın fasad hissəsi suvanıb. Hazırda daxildə suvaq işləri aparılır, yaxın günlərdə isə qapı və pəncərələrin salınmasına başlanılacaq. Eyni zamanda hər iki binanın həyətində də abadlıq işləri görüləcək, yerə dekorativ daşlar döşənəcək, yeni gülkarlıqlar salınacaq. Bina istifadəyə verildikdən sonra burada ərzaq və təsərrüfat mallarının satışı üçün iki mağaza, bərbər, gözəllik salonu və ət satışı mağazası fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR