Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Son illər bütün yaşayış məntəqələrində müasir avtomobil yolları salınıb, avtomobillərin rahat hərəkəti təmin edilib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda Naxçıvan-Ordubad magistralından Culfa şəhərinə qədər olan avtomobil yolu yenidən qurulur.
Yolun yenidən qurulmasına cari ilin aprel ayının sonundan başlanılıb. Qısa müddətdə “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Bayraq Meydanından Culfa şəhərinədək uzunluğu 2 kilometr olan avtomobil yolunun asfalt örtüyü götürülüb, yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb. Hazırda yol yatağında bərkitmə işləri aparılır, avtomobil yolu üzərindəki körpü yenidən qurulur. Həyata keçirilən tədbirlərin növbəti mərhələsində yol kənarları abadlaşdırılacaq, piyadaların hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaqdır.
Avtomobil yolunun yenidən qurulması Culfa şəhərinə və əks istiqamətdə piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini, həmçinin rahatlığını təmin edəcək.
Xəbərlər şöbəsi