23 Dekabr 2024, Bazar ertəsi

On iki il əvvəl yaradılmış Kəngərli rayonunun sosial-iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı məhsulları istehsalı mühüm yer tutur. Rayonun təbii və torpaq sərvətləri, əmək ehtiyatları burada tikinti materiallarından duz hasilatınadək genişprofilli məhsullar istehsalına şərait yaradır. Muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı bu rayonda da kiçik və orta biznesin inkişafına şərait yaradıb, bir çox yeni emal müəssisələri fəaliyyətə başlayıb. 

Regional inkişafda yerli xammalın emalı əsasında istehsal müəssisələrinin yaradılması mühüm rol oynayır. Bu həm iqtisadiyyatın şaxələndirilməsi, həm də daxili tələbatın təmin olunması prinsipləri baxımından ən sərfəli iqtisadi qərarlardan biridir. Buna görə də muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasət tədbirləri arasında xüsusən bölgələrdə emalyönümlü istehsal müəssisələrinin yaradılması dövlətin əsas prioritetlərindən biri sayılır. Coğrafi cəhətdən əlverişli mövqedə yerləşən rayonun yol-nəqliyyat imkanları burada istehsal olunmuş məhsulların bazar imkanlarını da genişləndirir. Kəngərlidə fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər saldıqda, burada onların rayonun əksər yaşayış məntəqələrində olduğunu görməkdəyik. Bu, bir tərəfdən yerli işçi qüvvəsinin imkanlarından, digər tərəfdən də mövcud xammal və enerji potensialından maksimum istifadəyə imkan yaradır. Son illər rayon ərazisində yaradılmış bir sıra mühüm istehsal müəssisələri onu deməyə əsas verir ki, burada emal sənayesi üzrə geniş perspektivlər vardır.

Hazırda Kəngərlidə yerli xammal əsasında sement və daş məhsulları istehsal olunur. Burada istehsal olunan Naxçıvan sementinin, Çalxanqala mərmərinin, Qarabağlar travertininin keyfiyyəti və iqtisadi əhəmiyyəti haqqında çox deyilib. Bundan əlavə, Qarabağlar kəndindəki “Asnı” balıqçılıq təsərrüfatı, Böyükdüz kəndindəki “Naxçıvan bağları” istixana kompleksi də rayon ərazisində yerləşən mühüm əhəmiyyətli istehsal müəssisələrindəndir. Bunlarla yanaşı, Kəngərli rayonunun mərkəzində və digər kəndlərdə yaradılmış müxtəlif kiçik sahibkarlıq subyektləri də vardır ki, bu müəssisələrdə mebel, kərpic, şirniyyat məhsulları, çörək istehsal olunmaqda, onlarla sayda yerli sakin iş yerləri ilə təmin edilməkdədir. Rayon mərkəzi Qıvraq qəsəbəsindəki “Şahanə” Mebel İstehsal Müəssisəsi, Qabıllı kəndində müxtəlif çeşidlərdə limonad istehsal edib muxtar respublikamızda daxili bazara məhsul çıxaran “Fitonad” Kiçik Müəssisəsi, Xok kəndində fəaliyyət göstərən “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsi, Çalxanqala, Qabıllı, Xok, Qarabağlar kəndlərindəki çörək istehsalı sahələri belə emal müəssisələrindəndir.
“Şahanə” Mebel İstehsalı Müəssisəsi cari ilin əvvəlində sahibkar Əli Cəfərov tərəfindən yaradılıb. Burada hazırda ofis, mətbəx, yataq və yumşaq mebel olmaqla, 4 çeşiddə məhsul istehsal olunur. Türkiyədən gətirilmiş müasir istehsal avadanlığının istehsal gücü gün ərzində bir dəst mebel sifarişini tam yerinə yetirməyə imkan verir. Artan tələbatı ödəmək üçün gələcəkdə işlərin genişləndirilməsi planlaşdırılır. Müəssisədə yığılmış mebel dəstləri onun internet səhifəsində də reklam olunur. İstehsal edilmiş mebellər alıcıların ünvanlarına çatdırılır. Burada işçilər üçün müasir iş və istirahət şəraiti də yaradılıb.
“Fitonad” Kiçik Müəssisəsi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmaqla müxtəlifhəcmli plastik və şüşə taralarda 5 növdə – tərxun, armud, üzüm, qızılgül, portağal şirələrindən hazırlanmış “Fitonad” limonadları istehsal edilir. “Fitonad” əmtəə nişanı ilə satışa çıxarılan məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bu müəssisədə 5 nəfər daimi işlə təmin olunub.
Xok kəndində fəaliyyət göstərən “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsi üçün müasir istehsal şəraiti yaradılıb. Müəssisədə bütün texnoloji proseslərə, texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl edilir. Daxili bazarın tələbatına uyğun olaraq istehlakçılara müxtəlif çeşidlərdə məhsullar təqdim edən müəssisədə lavaş, kürə çörəyi, Şərq, milli və Avropa şirniyyatları istehsalı təşkil olunub. Ümumilikdə, burada 60-a yaxın çeşiddə məhsul istehsal olunur. Burada on bir nəfər daimi işlə təmin edilib.
Kəngərlilər işgüzar insanlardır. Bu rayonun sakinləri müxtəlif məhsulların emalı və istehsalı üzrə geniş imkanlara malikdir. Fərdi təsərrüfatlarda istehsal olunan ət və süd məhsullarının, meyvə və tərəvəzin, giləmeyvənin emal olunub yüksəkkeyfiyyətli yerli məhsul kimi bazara çıxarılması üçün də yaxşı şərait və əlverişli biznes mühiti vardır. Bütün bunlar Kəngərlidə kiçik sahibkarlıq üçün geniş imkanlar açır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR