24 Dekabr 2024, Çərşənbə axşamı

Dünənim, bu günüm, sabahım. İnkişafım, intibahım. 50 ildən artıq bir dövrü gözlərim önündə keçən doğma yurd yerim, qibləgahım. Sənin tərənnümünə hardan başlayım? Bu gününü vəsf etməyə şair qələmi, rəssam fırçası, bəstəkar duyğusu lazımdır ki, səni olduğun kimi əbədiləşdirə bilsin. Hüsnünə qoşulan söz, gözəlliyini yaşadan rəsm, səni vəsf edən bəstə sənə layiq olsun. Gecələri gündüzündən, qışı yazından seçilməyən, tarixi 7 min əvvələ aid olan və gündən-günə yeniləşən qədim Ordubad! Dünənimiz bizə bu günümüzün qədrini bilməyi, bu torpağı beləcə saxlamağı tövsiyə edir.

Füsunkar gözəlliklərə malik olan Ordubada tarixi mənbələrdə oxuduğumuz, coğrafiyaşünasların, səyyahların və digər görkəmli şəxsiyyət­lərin verdiyi qiymət heç də təsadüfi deyil. Belə təşbehlər saysız-hesabsızdır – qədim yurd yeri, tarixi abidələr diyarı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgə, alimlər yetirən torpaq. Ordubada ən böyük qiyməti isə ulu öndərimiz Heydər Əliyev verib: “Azərbaycanın incisi”. Fikrimizcə, bu qiymət digər təşbehlərin hamısının fövqündə dayanır.

Bu qiyməti Ordubada ümummilli lider hələ sovet dönəmində vermişdi. Müstəqillik illərində bu bölgədə gedən sürətli sosial-iqtisadi inkişaf rayonun təbii gözəlliklərinə sözlə deyilməsi mümkün olmayan çalarlar gətirib.
Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərinə səfər edən amerikalı jurnalist və tədqiqatçı Peter Tase yazır: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infra­struktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində XVI əsrə aid olan bazarın yanında hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası yerləşir. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binaları Səmərqənd və Təbrizdədir.
Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.
Bir şəhər, 3 qəsəbə, 43 kənd yaşayış məntəqəsi olan rayonun özünəməxsus gözəllikləri Ordubadı qonaqlı-qaralı bir bölgəyə çevirib. Muxtar respublikanın ən yüksək zirvəsi hesab olunan Qapıcıq dağı (3904 metr), “Gəmiqaya” Tarixi-Bədii Qoruğu, Ordubad Rayon Tarixi-Memarlıq Qoruğu, 5 muzey rayonun bu günü, bölgənin yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq və təbii abidələri haqqında ətraflı bilgilər verir.
Neçə illərdir ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına rayonun ən ucqar dağ və sərhəd kəndləri də müasir yaşayış məntəqəsinə çevrilib. Belə tədbirlərin həcmi getdikcə artır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan rayonda elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefi mürəkkəbdir. Bu amil burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da artırır.
Cari ilin ötən dövründə əldə olunan uğurlar bölgənin yuxarıda bəhs etdiyimiz dinamik inkişafının göstəriciləridir.
Bu ilin birinci rübündə rayonda 2 milyon 17,1 min manatlıq sənaye məhsulu istehsal olunub. 377 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 162 hektarını dənli və dənli­-paxlalılar (qarğıdalısız), 138 hektarını kartof, 50 hektarını tərəvəz, 15 hektarını cari ilin çoxillik otları, 12 hektarını birillik otlar təşkil edir. Kənd və balıqçılıq təsərrüfatlarında 2 milyon 594,4 min manatlıq məhsul istehsal olunub.
İlin ilk üç ayı ərzində rayonda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 349 min ton yük, 1 milyon 751,1 min nəfər sərnişin daşınıb.
Pərakəndə əmtəə dövriyyəsinin həcmi 16 milyon 34,3 min manata çatıb. Bunun 707,4 min manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3 milyon 311 min manat olub. Pullu xidmətlərin 18 faizi və yaxud 597,2 min manatı məişət xidmətlərinin payına düşür. Rayonda 24 yeni iş yeri açılıb ki, bunun 22-si daimi iş yeridir. Bu dövrdə 795 min 751 manat məcburi dövlət sosial sığortahaqqı toplanılıb, pensiya və müavinətlərin ödənilməsinə 2 milyon 846 min 355 manat vəsait xərclənib.
Bəhs olunan dövrdə rayonda 61 nəfər işlə təmin olunub. Onların 3 nəfəri sağlamlıq imkanları məhdud, 8 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlardır.
Qeyd edək ki, bütün sahələr üzrə ilin ilk 3 ayında əldə olunan nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksəkdir. Nail olunmuş göstəricilər rayonun müasir tarixinə yeni səhifələr yazıb. Bunu ordubadlılar da təsdiqləyirlər. Ordubad şəhərindəki 1 nömrəli tam orta məktəbin direktoru Könül İsmayılova deyir ki, sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq Ordubadın da qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Çünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Mos­kvadan Naxçıvana qayıdandan sonra Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların ulu öndərimizi necə qarşılaması indi də gözlərim önündədir. Bu gün qazandıqlarımızın təməlində muxtar respublikada görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinə sadiqlik dayanır. Ordubadın bu səviyyədə inkişafı da bu sadiqliyin bəhrəsidir və qədirbilən ordubadlılar ümummilli lideri daim minnətdarlıqla xatırlayırlar.
Sabir Ramazanov Ordubada Lənkəran rayonundan gəlib. Oğlu Samir burada əsgəri borcunu yerinə yetirir. Bu qədim və müasir rayon Sabir Ramazanovun çox xoşuna gəlib. Deyir ki, bununla ikinci dəfədir, onu görməyə gəlirəm. Ölkəmizin çox yerlərini gəzmişəm. Ordubadda gördüklərim mənə əfsanələrdə təsvir olunan gözəllikləri xatırladır. Bu kiçik rayonun böyük dövlət qayğısı əhatəsində olduğunu hər addımda görmək mümkündür. Onu da deyim ki, ordubadlılar çox mühafizəkar insanlardır. Qurulub-yaradılanları özlərinin şəxsi malı kimi qoruyurlar. Bir də ki elə tikilən yeni obyektlər ordubadlılara məxsus deyilmi? Rayon mərkəzində tanış olduğum Rizvan adlı birisi ilə bu barədə söhbət edəndə dedi ki, dövlətimiz bu işlərin görülməsinə külli miqdarda vəsait sərf edir. Sərf edir ki, ordubadlıların problemi olmasın, onlar yaxşı yaşasınlar. Biz də bunu görürük. Çalışırıq ki, dövlətimizə dəstək olaq.
50 ilə yaxın bir müddətdə Ordubad rayonunda yerquruluşçusu işləmiş təqaüdçü Hüseyn Seyidovun doğulub boya-başa çatdığı qədim yurd yeri ilə qürur duyduğunu hiss etmək çətin deyil. Onun dediklərindən:
– Bütün kəndləri qarış-qarış gəzmişəm. Yəni bu qədim bölgənin dünənini də görmüşəm, bu gününü də görmək mənə qismət olub. Müqayisə aparmaq fikrində deyiləm. Bu heç mümkün də deyil. Bu gün rayonun ən ucqar yaşayış məntəqələri olan Nürgüt, Tivi, Ələhi və digər kəndlərdə tikilmiş yeni məktəb binaları Naxçıvan şəhərində tikilmiş binalarla bir sırada dayanır və sovet dönəmində Ordubad şəhərində nümunəvi sayılan məktəb binasından qat-qat yüksək səviyyədədir. Həmin məktəblərin maddi-texniki bazasına söz ola bilməz. Sözsüz ki, bütün bunlar tarixən güclü maarifçilik ənənələri olan Ordubadda təhsilin inkişafında daha böyük uğurlar qazanılmasına səbəb olub. Elə başqa sahələrdə görülən tikinti-quruculuq işləri də müasir standartlara cavab verir. Yolların təmiri, yeni körpülərin salınması, müxtəlif idarə və müəssisələr üçün inzibati binaların tikintisi, ictimai yaşayış binalarının təmiri bu gün Ordubadın simasını tamamilə dəyişib. Bütün bunlar bizə göstərilən böyük dövlət qayğısıdır.
Bu gün müstəqil ölkəmizin müasir bölgələrindən birinə çevrilmiş Ordubad rayonunun cari ilin ötən dövründə keçdiyi yolun təməli 20 il bundan əvvəl qoyulub. Bu 20 ildə isə əsrə bərabər yol keçilib. Ona görə də saatbasaat, günbəgün gözəlləşən Ordubad bu gün ayrı büsatdadır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR