Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbələrin iştirakı ilə keçirilən dəyirmi masada ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu gün dünya Azərbaycanı nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik bir ölkə kimi tanıyır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi həmin ənənələrin qorunması məqsədi daşıyır. Bu, mahiyyət etibarilə mühüm əhəmiyyət daşıyan hadisə kimi bir daha sübut etdi ki, xalqımız hər zaman insanlıq meyarını üstün tutur, keçmiş ənənələri müasir dövrdə yeni müstəvidə bütün dünyaya təqdim edir.
Dəyirmi masada ali təhsil ocağının Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova çıxış edərək multikulturalizmin dünyanın 11 ölkəsinin nüfuzlu ali təhsil müəssisələrində, Azərbaycanın isə 20 ali məktəbində tədris olunduğunu vurğulayıblar. Çıxış edənlər Naxçıvan Dövlət Universitetində də Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənlərinin tədris olunduğunu bildirib, mədəni, etnik, dini və sair müxtəlifliklərin tənzimlənməsində düzgün siyasət modellərindən birinin də multikulturalizm olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, multikulturalizm dövlətlərin daxili siyasətində mühüm amilə çevrildiyi kimi, xarici siyasətin formalaşmasına da güclü təsir göstərir.
Dəyirmi masada mövzu ilə əlaqədar tələbələr fəal şəkildə rəy və münasibətlərini bildiriblər, suallar cavablandırılıb, eyni zamanda slaydlar nümayiş olunub.
Mina Qasımova