Xəbər verdiyimiz kimi, mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçirilib.
Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər.
Layihə üzrə tərəf-müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Avstriyadan olan beynəlxalq ekspertləri Robert Glökl və Heinz Shneider sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat veriblər. Ekspertlər müasir sərhəd idarəçiliyi modelləri barədə də danışıblar.
Əvvəlcə növbəti mərhələlərdə iştirak üçün qruplar yaradılıb, komandaların formalaşdırılması sahəsində nəzəri biliklərin artırılması məsələlərinə toxunulub. İştirakçılar ünsiyyət bacarıqlarını nümayiş etdirdikdən sonra təlimçilərlə birgə Albert Merabianın ünsiyyət qaydaları modeli üzərində işləyiblər. Motivasiya nəzəriyyəsindən çıxış edərək işçilərin motivasiyası və onun digərlərinə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.
“Frontal mühazirə” mövzusu ilə bağlı təlimçilərin ətraflı məlumatından sonra qruplardakı iştirakçılar bu mövzunu müzakirə ediblər, nəzəri cəhətdən münaqişələrin həlli məsələlərini diqqətdə saxlayıblar. Təlimçilər videoçarx vasitəsilə müxtəlif təşkilatlar haqqında nəzəri bilikləri təqdim ediblər, qurumlarda idarə heyətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması üçün lazımi məlumatlar veriblər. “Hindistan modeli”ndən istifadə edərək iştirakçıların təlim haqqında fikir və rəylərini öyrənən təlimçilər onlarla birlikdə sərhəd mühafizəsi əməliyyatını planlaşdırıblar.
“Müasir sərhəd və miqrasiya siyasəti – qabaqcıl təcrübələr” mövzusunda keçirilən növbəti hissədə Avropa Birliyinə istiqamətlənmiş miqrasiya proseslərinin inkişaf tendensiyaları və birliyə üzv olan ölkələrin atdığı qabaqlayıcı addımlar barədə, eyni zamanda qurumun əsas tərəfdaşı olan beynəlxalq təşkilatların vəzifələri və məsuliyyətləri haqqında məlumat verilib.
Sonda iştirakçılar əməkdaşlığa dair beynəlxalq təcrübəni müzakirə edərək belə əməkdaşlığın səmərəliliyi və icra mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
“Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən milli təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbərlər şöbəsi