Xəbər verdiyimiz kimi, Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex mayın 15-dən 19-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Aksel Vex səfər çərçivəsində muxtar respublikanın tarixi, mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri ilə tanış olub.
Mayın 19-da səfir “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Darıdağ Arsenli Su Müalicəxanası, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanış olub.
“Əlincəqala” tarixi abidəsinə gələn Aksel Vexə abidə barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən bərpa olunur. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub.
Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əlincəqalada olarkən “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi və səfər təəssüratları barədə danışıb. O deyib:
– Bu səfərdə səfirliyimizin nümayəndələri ilə yanaşı, hərbi, polis, ticarət atteşeləri, iqtisadi dairələrin nümayəndələri də iştirak edirdilər. Məqsəd Naxçıvan Muxtar Respublikası ilə Avstriyanın Ştiriya Federal Əyaləti arasında olan mövcud münasibətləri daha da genişləndirmək, inkişaf etdirməkdir.Səfər çərçivəsində Naxçıvanı yaxından tanımaq arzusundaydım.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri çox müasir, gözəl və böyük şəhərdir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də gözəlliyi, təmizliyi və yaşıllığı ilə seçilir.
Biz muxtar respublikanın heyranedici məkanları ilə tanış olduq. Batabat gölü, Duzdağ və digər yerlər bizə çox gözəl təəssürat bəxş etdi.
Naxçıvan Muxtar Respublikasının təbiəti ilə yanaşı, havası da çox təmiz və gözəldir. Budur, Əlincəqalaya gəlmişik və biz yalnız 2500 pilləkəni çıxandan sonra qalaya çata bilmişik. Bu çətin yüksəkliyə çıxarkən təmiz havanın təsiri ilə heç bir yorğunluq hissi keçirmədik.
Biz Əshabi-Kəhf ziyarətgahında da olduq. Bu məkan bizə xoş təəssüratlar bəxş etdi. Bura mənəvi cəhətdən təsirli bir yerdir.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da maraqlı oldu. Buradakı yeraltı tunel, sabit temperatur, duzun spesifik iyi qeyri-adi təəssürat yaradır. Tuneldəki ağ duz layları insanı cəlb edir.
Sizin gözəl, maraqlı, qədim tarixə malik olan şəhərləriniz, yaşayış yerləriniz, tarixi abidələriniz vardır. Duzdağ kimi təbii şəfa mənbəyiniz mövcuddur. Bu, Naxçıvanda həm də səhiyyə turizminin inkişafına geniş şərait yaradır. Bu sahədə ardıcıl iş aparılarsa, Qərb ölkələrindən muxtar respublikaya çoxsaylı turistlər gələ bilər. Naxçıvanın təbliğinə, tanıdılmasına mən də öz töhfəmi verəcəyəm. Bu gün geniş sosial şəbəkəyə malik olan facebookdakı səhifəmdə Naxçıvan barədə statuslar yazacaq, şəkillər paylaşacağam.
Sonda qeyd etmək istərdim ki, Avstriya ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı müsbət tendensiya üzrə davam edir. Bununla belə, mən çalışıram ki, bizim münasibətlərimiz bundan sonra daha da inkişaf etsin və biz bu sahədə böyük nailiyyətlər əldə edək.
Mayın 19-da Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin muxtar respublikaya səfəri başa çatıb.
Xəbərlər şöbəsi