Yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Ərəfsə kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin mahiyyəti və İnzibati Xətalar Məcəlləsində prokuror nəzarəti” mövzusunda çıxış edib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsi ölkəmizin hüquq sistemində məsuliyyət müəyyən edən qanunlardan biridir. Azərbaycan Respublikasının əvvəlki İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyulun 11-də qəbul edilib və indiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib.
29 dekabr 2015-ci ildə qəbul edilmiş və 1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir. Məzmun və struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 609 maddə və 40 fəsildən ibarətdir. Əvvəlki Məcəllə ilə müqayisədə yeni Məcəllədə 5 fəsil və 151 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb və bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.
“Yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilməklə əvvəlki inzibati qanunvericiliyin məzmununun dəyişdirilməsi ilə yanaşı, bir sıra yeni qaydalar nəzərdə tutulub, yeni məsuliyyət müəyyən edən müddəalar əlavə edilib və qanunvericilik daha da zənginləşdirilib. Məcəllədə nəzərdə tutulmuş 27 maddə üzrə inzibati xətalar haqqında işlər üzrə icraat başlamaq səlahiyyəti yalnız prokurora verilib. Qalan inzibati xətalar haqqında işlər üzrə icraat başlamaq hüququ isə həm prokurora, həm də onun müavini və köməkçilərinə verilib”, – deyən Əli Adıgözəlov Məcəllənin ayrı-ayrı maddələri ilə bağlı ətraflı söhbət açıb.
Sonra Culfa rayon prokurorunun köməkçisi Afət Kərimli “Ayrı-ayrı inzibati xətalara görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi