Naxçıvanın sürətli iqtisadi inkişafı, buradakı sabitlik muxtar respublikanı cazibə mərkəzinə çevirib.
Bu gün özündən kiçik ölkələrə yuxarıdan aşağı baxmağa adət edən Avropa və Qərb üçün müasir Azərbaycan güclü bir dövlət, qüdrətli tərəfdaş və sürətli iqtisadi, siyasi inkişaf modelinə malik, yüksək gələcək perspektivi olan bir ölkədir. Bu ölkənin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının özü isə ayrıca nümunə modelidir. Məhz elə bu səbəbdəndir ki, artıq beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri, müxtəlif ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Naxçıvana tez-tez səfər edirlər. Təbii ki, ilk növbədə, məqsəd muxtar respublika ilə tanışlıq və onun iqtisadiyyatını, sosial-mədəni həyatını yaxından öyrənməkdir.
Təkcə bu ilin ötən dövrü ərzində rəsmi şəkildə Naxçıvana səfər edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və onu müşayiət edən nümayəndə heyəti, Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder, Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu Naxçıvanda rəsmi görüşlər keçirib və muxtar respublikanın iqtisadiyyatı, turizm potensialı, abidələri, təhsil sistemi ilə yaxından tanış olublar. Maraqlı burasıdır ki, bu rəsmi qonaqların hər biri Naxçıvan haqqında özünəməxsus ifadələr işlədib, muxtar respublikanın inkişaf tempini, şəhərsalma mədəniyyətini, ictimai-siyasi sabitliyi, ekoloji təmizliyi dünya səviyyəsində gedən proseslərlə müqayisə edərək yüksək qiymətləndiriblər. Muxtar respublikadakı qonaqpərvərliyi, qonağa isti münasibəti, keçmişə bağlılığı görən Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit özünün Naxçıvan kökənli olması ilə fəxr etdiyini dilə gətirib. Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu 3 günlük səfəri çərçivəsində daha geniş proqramla Naxçıvanı gəzib. Əgər nəzərə alsaq ki, Rumıniyanın ölkəmizdəki səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndiricisidir, onda bu səfərin həm də NATO çərçivəsində maraqlı olduğu qənaətinə gəlmək olar. Nəticədə isə dünyanın ən nüfuzlu hərbi gücünün Naxçıvandakı hərtərəfli və iqtisadi inkişafı yüksək qiymətləndirdiyi faktı ortaya çıxır.
Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase isə hətta özünün son illər Amerikada məhz Naxçıvanla bağlı yazdığı yazılara görə populyarlığının daha da artdığını etiraf edib. Çünki dünyada Naxçıvanı Nuh Peyğəmbərlə bağlı bir məkan, tolerantlıq nümunəsi olan unikal yer olmaqla bərabər, həm də ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vətəni kimi də tanıyırlar.
Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-Qyu Naxçıvanı gəzdikdən, onun tarixi abidələri ilə tanış olduqdan sonra uzaq Koreya xalqı ilə azərbaycanlıların ortaq tarixi köklərə malik olduğunu fərəhlə qeyd edib. Naxçıvanda heyrətamiz inkişafın şahidi olduğunu bildirən Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken burada öz işini bilən savadlı, bacarıqlı kadrların fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.
İnsan hüquqlarının qorunması, ictimai təhlükəsizlik və tolerantlıq bugünkü Naxçıvan və naxçıvanlılar üçün həyatın bir hissəsi, yaşam tərzidir. Muxtar respublika ərazisində yerləşən dini obyektlərin bir çoxunun tarixi abidə kimi qorunması, Ordubad şəhərindəki qədim məbədin son illər yenidən qurulması məhz bu faktın bariz nümunəsidir. Dövlət səviyyəsində vətəndaşların hüququnun müdafiəsi, dövlət müəssisələri, rəsmi qurumlarla vətəndaşlar arasında əlaqələrin gücləndirilməsi, elektron hökumətin tam gücü ilə işləməsi üçün atılan addımlar beynəlxalq səviyyədə diqqəti çəkən məqamlardandır. Muxtar respublikada yaşayan əcnəbilərin yerli mühitə uyğunlaşması üçün onlarla aparılan müvafiq işlər, bəlkə də, dünya təcrübəsində bir ilkdir. Odur ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Naxçıvana səfəri zamanı deyib: “Bu gün muxtar respublikada miqrasiya sahəsində qabaqcıl təcrübə formalaşıb. Biz bu təcrübəni öyrənirik”. Onların milli dəyərlərimizlə sistemli şəkildə tanış edilməsi, muzeyləri, mədəniyyət müəssisələrini gəzmələri üçün göstərilən qayğı, sözsüz ki, Beynəlxalq Miqrasiya Təşkilatı üçün bir yenilikdir. O da faktdır ki, müasir dünyada hər bir dövlət və müxtəlif qurumları təmsil edən hər kəs öz maraqlarından çıxış edir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu, ölkəmizin inkişafı üçün vaxtında işləyib bizə yadigar qoyduğu və gələcəyə hesablanan proqramlar ilə qurulan Naxçıvanda məqsəd birdir – bu gözəl, tarixi məkanımızı hərtərəfli şəkildə dünyaya tanıtmaq. Əgər iş varsa, deməli deməyə söz də var.
20 ildir, kərpic-kərpic qurulan, abadlaşan, gözümüzün önündəcə dəyişilən, öz gözəlliyi, tarixiliyi, müasirliyi ilə inkişaf edən bir Naxçıvan yaradanların arzusu və məqsədi bu gün hamıya bəlli olur. Dünyanın ən nüfuzlu təşkilatlarından, inkişaf etmiş ölkələrdən gələn insanları heyran edən müasir Naxçıvan Vətən sevgisinin və xalqa bağlılığın bəhrəsidir.
Səməd Canbaxşıyev