Mayın 18-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlimə başlanılıb.
Təlim Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan Hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak edirlər.
Birləşmiş Millətlər Təşkilatının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, yeni və müasir sərhəd infrastrukturunun yaradılması baxımından Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında mühüm işlər görülüb.
Məzahir Əfəndiyev deyib ki, sərhəd idarəçiliyi prosesinin əsas elementlərindən biri sərhəd idarəçiliyini həyata keçirən qurumlarda idarəçilik modellərinin ən qabaqcıl beynəlxalq təcrübələrə əsaslanaraq mütəmadi təkmilləşdirilməsidir. Təlimdə də məhz bu məsələlərə diqqət yönəldiləcəkdir. Məqsəd sərhəd idarəçiliyində iştirak edən orqanlarda idarəetmə və rəhbərlik bacarıqlarının gücləndirilməsinə dair nəzəri biliklərin artırılmasıdır. Bundan başqa, bu sahədə motivasiya, birgə fəaliyyət və struktur quruculuğu, idarəçilik üslubu, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsinin gücləndirilməsi məsələləri də əsas məqsədlərdən biridir. Təlimin sonunda iştirakçılar bu sahədə əməkdaşlığa dair beynəlxalq təcrübəni müzakirə edərək belə əməkdaşlığın səmərəliliyi və icra mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Birləşmiş Millətlər Təşkilatının Strateji Əməkdaşlıq üzrə müşaviri təlim iştirakçılarına uğurlar arzulayıb.
Layihə üzrə tərəf-müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Avstriyadan olan beynəlxalq ekspertləri Robert Glökl və Heinz Shneider sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və bu sahədə beynəlxalq aləmdə gedən proseslər barədə ətraflı məlumat veriblər. Ekspertlər müasir sərhəd idarəçiliyi modelləri barədə danışıblar.
Üç gün davam edəcək təlimin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunacaq.
Rauf Əliyev