Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex mayın 15-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində avstriyalı qonaq Naxçıvanın gəzməli-görməli yerləri, təhsil, səhiyyə, mədəniyyət, yerli istehsal və emal müəssisələri ilə tanış olub.
Mayın 16-da Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində olan səfir sonra Naxçıvan Biznes Mərkəzinə gedib. Səfirə məlumat verilib ki, mərkəzin əsas məqsədi muxtar respublikada sahibkarlığın inkişafına dəstək göstərməkdən ibarətdir. Hazırda burada muxtar respublikada istehsal olunan məhsullar nümayiş etdirilir, eyni zamanda yerli sahibkarlarla müxtəlif görüş və treninqlərin keçirilməsi, onlara biznes məsləhətlərin verilməsi, metodoloji köməkliklərin göstərilməsi təmin olunur. 900-dən çox çeşiddə müxtəlif yerli məhsulların nümayiş etdirildiyi Naxçıvan Biznes Mərkəzi həm də muxtar respublikanın iqtisadi potensialı ilə tanışlıq baxımından əsas ünvanlardan biridir.
Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex həmin gün “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli cəmiyyətlərində, “Cahan Holdinq” Şirkətlər İttifaqının plastik məmulatlar və tütün istehsalı müəssisələrində yerli istehsalla tanış olub, bu müəssisələrin fəaliyyəti ilə maraqlanıb. Bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması özəl sektorun inkişafına mühüm təsir göstərib. Bu da, öz növbəsində, muxtar respublikada yeni müəssisələrin yaradılmasına, onların keyfiyyətli və ixracyönümlü məhsullar istehsal etməsinə imkan verib.
Həmin gün avstriyalı diplomat Şahtaxtı sərhəd-keçid kompleksində də olub, muxtar respublikanın xarici əlaqələrində mühüm rol oynayan kompleksin imkanları haqqında məlumatlandırılıb.
Duzdağ Fizioterapiya Mərkəzində səfirə bu müalicə obyektinin fəaliyyəti, mərkəzin muxtar respublikanın turizm potensialında yeri barədə məlumat verilib.
Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex mayın 17-də Şahbuz rayonunda fəaliyyət göstərən “İşgəsu” balıqçılıq təsərrüfatında olub, müəssisənin fəaliyyəti, istehsal imkanları haqqında məlumatlar alıb.
Şahbuz rayonu ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzi və Batabat kurort zonası ilə tanışlıq isə avstriyalı səfirin muxtar respublikanın ecazkar təbiəti və turizm potensialı haqqında ətraflı məlumatlar almasına imkan verib.
Səfir həmin gün Babək rayonu ərazisində yaradılmış Naxçıvan Günəş Elektrik Stansiyası ilə də tanış olub.
Dünən isə avstriyalı səfir muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olub, Naxçıvan şəhərinin tarixi abidələrini ziyarət edib.
Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Heydər Əliyev Sarayı və Rəsm Qalereyası, Xatirə Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan qonaq Naxçıvanın tarixi və mədəniyyətini yaşadan bu müəssisələrdən yüksək təəssüratla ayrılıb.
Qeyd edək ki, səfir Aksel Vexin muxtar respublikaya səfəri bu gün başa çatır.
Səbuhi Həsənov