Laçın işğal olunanda 17 yaşım olub. 1992-ci ilin yazında, Naxçıvanın özünün də çətin günlərdə olduğu bir vaxtda Şuşa şəhərinin işğal olunması, bundan sonra isə Laçın rayonunun düşmən tapdağı altında qalması yaddaşımda silinməz izlər buraxıb. Həmin vaxt evimizdəki ağ-qara televizorun ekranında aparıcının “Laçın düşmən nəzarətinə keçdi” deməsi ölkəmizin gələcəyi ilə bağlı bütün ağ, işıqlı düşüncələrimi, xəyallarımı, arzularımı silmiş, şüuruma yanmış evlərin tüstüsü, divarları kimi qapqara fikirlər hakim kəsilmişdi. Televizorun önündə diz çöküb sonsuz bir çarəsizlik, ümidsizliklə boğazımda düyünlənən qəhəri çətinliklə udanda, yaşlı insanların ayaqyalın, başıaçıq yollara düşdüyünü, uşaqların külə dönən evlərinə necə həsrətlə və təəccüblə baxdıqlarını görəndə həyatımın 17-ci ilinin bəxş etdiyi coşqunluqla, qəzəblə and içmişdim ki, fürsət düşəndə bir ermənidən də olsa, bu vəhşiliklərin qisasını alacağam.
İndi o hadisələrin üzərindən, necə deyərlər, “bir igidin ömrü” qədər vaxt keçib. Xalqıma vurulan, qanayan, ağrı-acı verən yaralar qaysaqlayıb, ancaq sağalmayıb. “Bütün yaralar zaman ötdükcə sağalar, zaman hər şeyin əlacıdır”, – deyirlər. Ancaq bu yara elə yaralardandır ki, onu əlində cürbəcür məlhəm olan həkim yox, əlində iti, kəskin süngülü silah olan nər kimi oğullar sağalda bilər. Elə Laçın da 24 ildir ki, belə oğulların yolunu gözləyir. Bəlkə də hiss edib ki, həsrətinə, sonsuz nigarançılığına tezliklə elə o oğullar tərəfindən son qoyulacaq, tank və top mərmilərilə, raketlərlə, minalarla dağlanmış sinəsi məlhəmlənib sağalacaq. Laçın yenə də əvvəlki Laçın olacaq, dağlarının yamaclarında ona doğma olan xalqın uşaqları qaçdı-tutdu oynayacaq, torpaqları əvvəllərdə olduğu kimi yenə də əkiləcək, səhraya dönmüş çölləri gülüstanlığa çevriləcək, evləri, küçələri abadlaşacaq, çəmənlərindən qoyun-quzu mələşməsinin, ağ yapıncılı çobanın tütəyindən həzin musiqinin səsi gələcək, evlərin pəncərəsindən gələn işığın hərarəti Laçınımın ürəyini isidəcək, işdən evinə qayıdıb gündəlik məişət qayğılarıyla maraqlanan insanların, laçınlı balacaların şən-şaqraq səsi küçələrə yayılacaq. Bir sözlə, hər şey yoluna düşəcək. Hələliksə...
Tarixdən boylanan Laçın...
...1992-ci ilin yazında Laçında – Kiçik Qafqaz dağlarının bu füsunkar təbiətə malik ərazilərində açılan güllər ömrünü yaşamamış soldu, erməni vandalizmi və vəhşiliyi 18 uşağın həyatını yarıda qoydu, 31 körpə hər iki valideynini itirib yetim, kimsəsiz qaldı, 300 nəfərdən çox insan şəhidlik zirvəsinə ucaldı, 103 nəfər əbədi əlil arabasına məhkum oldu. Millət olaraq biz isə o gün əzəli türk yurdu olan Laçını – Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji ünvanı itirdik. Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması mümkünsüz olacaqdı. Çünki Ermənistandan Qarabağa gedən yeganə və əsas nəqliyyat dəhlizi Laçın idi.
İndi bizi bizim Laçından 24 illik məsafə ayırır. Əvvəllər “Abdallar” adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb.
Müasir dövrümüzdən, təxminən, 200 il əvvələ dönüb baxanda görürük ki, 1828-ci il Rusiya-İran müharibəsindən sonra Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılıb. O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törədib və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam edir. Erməni komandanı Andranik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andranik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləyib. Bu məsələdən əvvəlcədən xəbər tutan bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə salıb. Burada bir gündən çox qanlı döyüşlər gedib. Bu döyüşlər zamanı Andranik, demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapıb.
O vaxt Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərir. Aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlayır. Lakin tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olunur. 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölünür. Nəticədə, Zəngəzur qəzasının 6 min 742 kvadratverstlik ərazisindən 3 min 105 kvadratversti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadratverstlik hissəsi isə Ermənistana verilir.
Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etmiş, qısa zaman kəsiyində Laçının sürətli inkişafına nail olunmuşdu. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmağa başlayıblar. 1992-ci il may ayının 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə əraziyə daxil olub. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal edilən rayonlarımızın sırasına Laçın da daxil olub.
Son hadisələr torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı artırıb
Artıq 24 ildir ki, işğalçı erməni dövləti beynəlxalq hüquq normalarına, işğal olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşma aparır. Bütün Azərbaycan xalqı kimi, laçınlılar da inanırlar ki, münaqişənin həlli ilə bağlı ölkə rəhbərinin yeritdiyi məqsədyönlü siyasət öz bəhrəsini verəcək, onlar doğma yurdlarına qayıdacaqlar. 24 ildir, məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, məğrurluqlarını, gələcəyə olan inamlarını itirməyən laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək. Aprel ayının əvvəllərində baş verən hadisələr də göstərdi ki, torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Ordusunun gücü istənilən qədərdir. Son döyüşlərdə xalqımız onun da şahidi oldu ki, Qarabağ dərdi millətin bütün təbəqələrini Ali Baş Komandanın ətrafında sıx biləşdirib, heç bir qüvvənin məğlub edə bilməyəcəyi sarsılmaz milli iradə formalaşıb.
Azərbaycan sülh tərəfdarıdır
Onu da qeyd edək ki, Azərbaycan münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini yerinə yetirməyəcəksə, o zaman biz Dağlıq Qarabağ probleminin həllində digər yolları arayacağıq. Məlum aprel hadisələri zamanı vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar hərbi gərginliyi aradan qaldırmaq üçün Azərbaycana israrlı xahişlər etdilər, təkliflər irəli sürdülər, yüksək səviyyəli təmsilçilər ölkəmizə səfər etdilər. Rəsmi Bakı dərhal atəşkəs elan etdi və sülh prosesinə sadiqliyini isbatlayaraq ordumuzun irəliləməsini dayandırdı. Beynəlxalq miqyasda bir daha sübut olundu ki, Ermənistan nizamlama prosesinin normal məcrada gedişinə maneə yaratmaqda israrlıdır, Azərbaycan isə Qarabağdakı hərbi status-kvonu öz xeyrinə dəyişdirmək imkanında olsa da, problemin sülh yolu ilə həllinə tərəfdardır. Mayın 16-da ölkə başçısının Avstriyaya işgüzar səfər etməsi, həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etməsi regionda sülhün tərəfdarı olduğumuzu bir daha sübuta yetirir. “Qarabağ münaqişəsi qısa müddətdə, Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll edilməlidir” – indi danışıqlar prosesində bu tələbdən başqa variant səslənmir. Əsas nailiyyət isə odur ki, bu görüşə ölkəmiz hərbi üstünlüyü, siyasi uğurları və diplomatik qalibiyyəti ilə qatılıb.
Ermənistanın yenidən hansısa təxribata əl atması, yaxud bəhanələrlə müzakirələri yarımçıq kəsməsi halında, şübhəsiz ki, məsuliyyəti işğalçı rejimlə yanaşı həm də vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar daşıyacaq. Belə olan təqdirdə artıq vasitəçilər rəsmi Bakıdan hərbi əməliyyatları dayandırmaq barədə növbəti dəfə xahiş edə bilməyəcəklər. Bu, Azərbaycanın – Prezident İlham Əliyevin son mövqeyidir!
Əks təqdirdə...
Xatirinizdədirsə, yazımın əvvəlində “Hələliksə” yazıb sonra üç nöqtə qoymuşdum. Yazının sonunda nöqtələrin yerini doldurmaq, fikrimi tamamlayaraq demək istərdim ki, mutant canlılara bənzəyən düşmənlər Laçına torpağımızın bir parçası kimi yox, özlərinin, qondarma Qarabağ Respublikasının şah damarı kimi baxırlar. Onlar hələ də başa düşmürlər ki, yurdumuzun hər bir parçası, eləcə də Laçın millət fədailəri üçün nə anlam kəsb edir, bunun üçün onlar nəinki ermənilərin, hətta onların havadarlarının belə şah damarını kəsməyə qadir və müntəzirdirlər. Ya Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmaqla bütöv olacaq, ya da onların başı bəladan əskik olmayacaq. Onlar xalqımın, qəhrəmanlığı dastanlara mövzu olmuş millətimin hər qarış torpaq uğrunda niyə canından keçdiyini bir anlığa dərk edib anlasaydılar, heç bir zaman torpaqlara sahib ola bilməyəcəklərini hiss etsəydilər çoxdan şələ-şülələrini yığışdırıb geri, qaraçı kimi həyat sürdükləri torpaqlara qayıdardılar. Başa düşməyəni, başa düşmək istəməyəni başa salmaq vəzifəsi isə bu gün Azərbaycan Silahlı Qüvvələrinin, hayqırtısı dağlara lərzə salan, Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan, el-obanın namusunu, şərəfini hər şeydən uca tutan igid oğullarımızın ixtiyarına verilib. Artıq, necə deyərlər, qılınc qınından çıxıb. Əminik ki, igid Azərbaycan əsgəri bu vəzifənin öhdəsindən layiqincə gələcək.
Səbuhi Hüseynov