Naxçıvan Dövlət Universitetində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyu vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yüksək vəzifələrdə çalışdığı illərdə qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.
Saleh Məhərrəmov deyib ki, ümummilli liderimizin 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı, 1991-ci il sentyabrın 3-də xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə ölkəmiz üçün mühüm bir hadisəyə çevrilib.
Universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarlı, fəlsəfə elmləri doktoru, professor Məhəmməd Hacıyev çıxış edərək bildiriblər ki, ölkəmizə ikinci dəfə rəhbərliyi illərində də ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəməyib. Naxçıvanda isə 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti fəal, yaradıcı surətdə davam etdirilib. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə bir idarəetmə modeli kimi tarixə düşüb. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır.
Tədbir diskussiyalarla davam edib.
Xəbərlər şöbəsi