Naxçıvan Dövlət Universitetində keçirilən “BMT Modeli” konfransı öz işini başa vurub.
Bir neçə gün davam edən konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi ölkədə BMT Modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır. Konfransda BMT Baş Assambleyasının işi “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda simulyasiya edilib. Azərbaycanın müxtəlif ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin tələbələri burada iştirak ediblər. Tələbələr BMT-nin üzvü olan müxtəlif dövlətlərin təmsilçisi qismində çıxış edərək həmin ölkənin təhsillə bağlı mövqeyini ortaya qoyublar, digər ölkələrin təmsilçiləri ilə fikir mübadiləsi, müzakirələr aparıblar. Təhsil strategiyası və siyasi maraqları üst-üstə düşən ölkələr koalisiya halında birləşiblər. Müxtəlif koalisiyaların təklifləri gözdən keçirilib, sonda tələbələr tərəfindən hazırlanan, BMT-nin Baş Assambleyasına təqdim oluna biləcək sənəd, ümumi qətnamə qəbul olunub.
Konfransın yekun tədbirində çıxış edən simulyasiyanın sədri Azər Abasəliyev vurğulayıb ki, Naxçıvanda keçirilən bu konfrans ilə ölkə miqyasında ən böyük “BMT Modeli” konfransı olan Milli MUN konfransı ənənəsi qoyulub.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova konfransın tələbələrə diplomatiya və beynəlxalq münasibətlər sahəsində yeni bilik və bacarıq aşılamaq, ingilis dili biliklərini, siyasi təfəkkürlərini inkişaf etdirmək baxımından əhəmiyyətindən danışıb.
Sonra konfransın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, konfrans iştirakçılarına sertifikatlar verilib. Sonda “Ən yaxşı mövqe sənədi”, “Ən yaxşı debatçı”, “Ən yaxşı debütant” və “Ən yaxşı nümayəndə” nominasiyalarının qalibləri elan olunub, onlara xüsusi sertifikatlar təqdm edilib.
Mehriban Sultan