24 Dekabr 2024, Çərşənbə axşamı

2016-cı ilin ilk rübü tarixə döndü. Bəs bu rüb nə ilə yaddaşlarda qaldı? – sualının cavabını Şərur rayonunun timsalında axtardıq. Bununla bağlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Asif Hüseynovla həmsöhbət olduq. O bildirdi ki, bu gün Şərurda elə bir sahə yoxdur ki, orada inkişaf, dirçəliş, yüksəliş meyilləri hiss olunmasın. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması dəyişilib. 

Son illərdə quruculuq işlərinin həcmi daha da artıb, miqyası genişlənib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosial təyinatlı tədbirlər həyata keçirilməsin. Bu müddətdə neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bunun nəticəsidir ki, bu il də sərt keçən qış günləri Şərurun bir neçə ildir, təmin olunan qaynar həyat ritmini poza bilmədi. Bütün idarə, müəssisə və təşkilatlarda ahəngdar iş rejimi insanların yurd yerinə bağlılığını, işə məsuliyyət hissini, qurub-yaratmaq əzmini, muxtar respublikanın inkişafına töhfə vermək imkanlarını bir daha ortaya qoydu. Təhsil, mədəniyyət, rabitə, emal və istehsal müəssisələrində və digər obyektlərdə bu istəklərlə çalışan insanlar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində öz sözlərini dedilər. Bu da o deməkdir ki, Şərur rayonu daha bir ilə uğurla start verdi, qarşıdakı dövrdə qazanılacaq uğurların təməli qoyuldu.

Bu dövrdə Şərur rayonunun quruculuq xəritəsinə yeni ünvanlar yazılıb. Fevralın 15-də Oğlanqala kəndində tam orta məktəbin yeni binasının açılışı olub. 576 şagird yerlik 3 mərtəbəli məktəb binasında 4-ü elektron lövhəli olmaqla, 32 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları yaradılıb. Məktəbdə internetə çıxışı olan 38 kompüter quraşdırılıb. Həmçinin elektron lövhələrdə internetə çıxış imkanının yaradılması distant təhsilin tətbiqinə imkan verib.
Həmin gün Oğlanqalada kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının da açılışı olub.
Kompleks quruculuq işləri zamanı kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük, 4200 metr məsafədə çınqıl qatı verilib, yolboyu 11 su keçidi və 745 metr beton kanal tikilib. Müasir rabitə xidmətinin təşkili məqsədilə 2400 metr məsafədə fiber-optik xətt, həmçinin 4 kilometr yeni elektrik xətti və 1350 metr uzunluğunda qaz xətti çəkilib.
Həmin gün rayonun Xanlıqlar kəndində həm tarixi abidə, həm də ziyarətgah olan “İmamzadə” bərpadan sonra sakinlərin istifadəsinə verilib.
Hazırda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusu inşa olunur, rayonun Arbatan, Arpaçay və Çəmənli kəndlərində kompleks qurucu­luq tədbirləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, rayonda cari ilin ilk 3 ayında bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 7 milyon 493,9 min manat olub. Bu vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunması təmin edilib.
Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil edir. Asif müəllim deyir ki, rayonda aqrar sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara yardım və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaradıb. Aqrar sahənin inkişafına yönəldilmiş tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlərlə, toxum və gübrə ilə təminatı yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər, davamlı dövlət qayğısı bəhrələrini verib. Belə ki, kənd təsərrüfatı məhsullarının həcmi 6 milyon 854,5 min manata çatdırılıb. Cari ilin bol məhsulunun əsasını qoymaq üçün bütün mümkün tədbirlər həyata keçirilib.
Şərur rayonu muxtar respublikada daha çox meyvə, üzüm və tərəvəz istehsalı ilə məşğul olan bölgələrdən biridir. Ona görə də bu sahələr rayonun iqtisadiyyatında aparıcı yerə malikdir. İcrası uğurla başa çatan “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda bu gəlirli təsərrüfat sahələrinə marağı daha da artırıb. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi də diqqət mərkəzindədir.
2016-cı ilin birinci rübündə sənaye məhsulunun həcmi 18 milyon 393,9 min manata, pərakəndə əmtəə dövriyyəsi 57 milyon 283,0 min manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8 milyon 612,5 min manata, nəqliyyatda yük daşınması 516 min tona çatıb. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 7 milyon 224,2 min manat təşkil edib.
İlin birinci rübündə informasiya və rabitə xidmətlərinin həcmi 1 milyon 779,2 min manat olub. Cari ilin ilk 3 ayında pensiyaların vaxtında ödənilməsi təmin edilib, 1 milyon 769 min 728 manat məcburi dövlət sosial sığortahaqqı yığılıb.
Görülən işlərə Şərur sakinlərinin münasibəti necədir? Bu suala cavab tapmaq üçün bir neçə şərurlu ilə həmsöhbət olduq. Təqaüdçü müəllim Vidadi Süleymanov dedi:
– Şərur muxtar respublikamızın ən böyük bölgələrindən biridir. Ulu Tanrı bu yurd yerindən öz səxavətini əsirgəməyib. Torpaqları münbit, sakinləri zəhmətsevərdirlər. Torpağa halal qazanc mənbəyi kimi baxırlar. Çəkdikləri zəhmət də hədər getmir, torpaq bu zəhmətin qarşılığını birə-beş ödəyir. İndi torpağın sahibi olan hər bir şərurlu daha yaxşı yaşayır. Əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir...
Həmsöhbətim onu da vurğulayır ki, belə inkişaf Şərurda hər sahədə özünü göstərir. Məsələn, genişhəcmli quruculuq tədbirləri rayonun ayrılmaz həyat ritminə çevrilib. Bu işlər təkcə Şəruru deyil, bütün muxtar respublikamızı öz ağuşuna alıb. Yəni Naxçıvanın bütün bölgələri yenidən qurulur, gələcəyə inamlı addımlarını atır. Bu addımlar getdikcə daha da möhkəmlənir.
– Yurdumuzun torpağı münbit, suyu bol, havası saf, adamları sadə, mehriban və qədirbiləndirlər. Bu gün Şərurda elə bir insan tapmaq mümkün deyil ki, ürəyində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət yaşatmasın. Çünki bu gün qazandığımız bütün uğurlara görə ulu öndərə borcluyuq. Torpaq islahatlarına ilk dəfə olaraq Naxçıvanda başlanılması, bu böyük iqtisadi layihənin uğurla başa çatdırılması hər bir zəhmət adamını öz torpağının həqiqi sahibinə çevirdi. Ümummilli liderimizin müəyyənləşdirdiyi iqtisadi siyasətin bu gün muxtar respublikamızda dönmədən həyata keçirilməsi, ulu öndərin ideyalarına sədaqət Şərur rayonunu da gözəlliklər diyarına çevirib, insanların yaşayış səviyyəsi xeyli yüksəlib. Cari ilə də rayon uğurla başlayıb. İlin ilk rübünün nəticələri də belə deməyə əsas verir. 2016-cı ili yüksək nəticələrlə başa vurmaq üçün şərurlular bütün imkanlarını səfərbər ediblər. Məqsəd isə bölgənin, muxtar respublikanın, nəticə etibarı ilə ölkənin iqtisadiyyatının daha da gücləndirilməsinə töhfə verməkdir.
Bunu isə rayon sakini, ziyalı İbrahim Yusifoğlu deyir.
El ağsaqqalı Əli Qəribov da söhbətə qoşulur:
– Həyatda uğur qazanmaq üçün rastlaşdığın çətinlikləri dəf etməyi bacarmalısan. Şərurlular da çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunun da problemləri öz həllini tapıb. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına böyük qayğısının ifadəsidir. Belə qayğı isə insanları yaşadıqları torpağa daha sıx tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini daha da gücləndirir.
Həmsöhbətimiz çox oldu. Hamısını diqqətlə dinlədim. Ancaq onların söhbətlərinin bir qəzet yazısına sığmayacağını düşünüb bir-iki əsas məqamı oxuculara çatdırmaq qərarına gəldim. Başlıcası, görülən işlərə minnətdarlıq hissləri. Böyük səmimiyyətlə ifadə olunan belə hisslər təbiidir. Çünki insanlar uzun illər həsrətində olduğu gün-güzərana qovuşduğunu görür və dərindən dərk edirlər ki, bütün bunlar onlar üçündür.
Beləcə, son 20 ildə müxtəlif dövlət proqramlarının muxtar respublikamızda ardıcıllıqla, uğurla həyata keçirilməsi, digər bölgələr kimi, bu qədim diyarı da müasirləşdirib. Görülən işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizdə bərqərar olunmuş sabitlik və sürətli sosial-iqtisadi inkişafla əlaqələndirərək belə xarakterizə edir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir... Əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR