Xəbər verdiyimiz kimi, mayın 12-də Naxçıvan Dövlət Universitetində “BMT modeli” konfransı öz işinə başlayıb. BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai konfransın açılış mərasimində iştirak etmək məqsədilə həmin gün Naxçıvan Muxtar Respublikasına gəlib.
Qulam İsakzai əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Qonaq muxtar respublikanın tarixi abidələri, istehsal və mədəniyyət müəssisələri ilə də tanış olub. Qulam İsakzai “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Xalça Muzeyinə, Naxçıvan Biznes Mərkəzinə gəlib, muxtar respublikanın hərbi-siyasi tarixi, möhtəşəm abidələri ilə tanış olub, Naxçıvanın qədim sənət nümunələrinə, burada müxtəlif çeşidlərdə istehsal edilən məhsullara maraqla baxıb.
Daha sonra Naxçıvan Dövlət Universitetinin kampusunda keçirilən ağacəkmə kampaniyasında iştirak edən Qulam İsakzai “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışıb. O deyib:
– Naxçıvandan çox gözəl təəssüratlarla ayrılıram. Muxtar respublikanın tarixi əhəmiyyət kəsb edən bir sıra məkanlarını gəzdim, mədəniyyət müəssisələri, istehsal sahələri ilə tanış oldum.
Xüsusi vurğulamaq istəyirəm ki, Naxçıvan çox qədim tarixə malik olan şəhərdir. Bu şəhər özünün tarixiliyi, müasirliyi, təmizliyi və yaşıllığı ilə diqqəti cəlb edir. Bu, Naxçıvan şəhərində yaşayan sakinlərin öz yurdlarına olan sevgisini, eyni zamanda yüksək mədəniyyətini nümayiş etdirir. Bundan başqa, muxtar respublika rəhbərinin apardığı düzgün siyasət hər sahədə özünün müsbət nəticələrini göstərməkdədir. Səfərim zamanı mən bütün bunların şahidi oldum.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi səfərinin məqsədi barədə də danışaraq qeyd edib ki, muxtar respublikaya gəlməkdə məqsədi Naxçıvan Dövlət Universitetində “BMT modeli” konfransının açılışında iştirak etməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarında görüşlər keçirməkdir:
– Məqsədimiz gələcəkdə BMT qurumları ilə muxtar respublikanın müvafiq təşkilatları arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bizim əməkdaşlığımız geniş spektri əhatə edə bilər. Məsələn, kənd təsərrüfatı, sənaye, ticarət, mütəxəssis hazırlığı sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Onu da deyim ki, mütəxəssislərin təkmilləşdirilməsi üçün bizim kifayət qədər təcrübəmiz vardır. Ümid edirəm ki, biz bu sahədə sıx əməkdaşlıq edəcəyik.
Rauf Əliyev