“Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Naxçıvanın çoxsaylı mineral və müalicə əhəmiyyətli su mənbələri, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti turizmin inkişafı üçün geniş perspektivlər vəd edir”.
Bu fikirləri mayın 9-11-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Naxçıvanda yaradılan yüksək infrastruktur onun turizm potensialını artırır. Burada dünyanın müxtəlif ölkələrindən gələcək turistlər üçün çox gözəl şərait, imkanlar vardır.
“Muxtar respublikanın təbii cazibədarlığı dünyadakı turistlərin bura səfərinə zəmin yaradır. Onlar Naxçıvana gələ bilərlər və məsələn, şəxsən mənim özüm də ənənəvi turizmdən kənara çıxan bir insan kimi bu sahədə Naxçıvanda böyük imkanların şahidi oldum”, – deyən Filip Ştalder bildirib ki, səhiyyə turizmi baxımından Duzdağ Fizioterapiya Mərkəzi çox önəmli və qeyri-adi bir məkandır. O, ailə üzvləri ilə birlikdə bir gecə Duzdağda qaldığını qeyd edərək vurğulayıb ki, dünyanın heç bir yerində belə imkanlar yoxdur.
İsveçrənin səfiri Azərbaycanda və regionda çox məşhur olan Naxçıvanın mineral sularının istehsal olunduğu “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodu ilə də tanış olduğunu deyib: “Ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, mineral sularla bağlı Naxçıvan bəxti gətirmiş regionlardan biridir. İsveçrə Əməkdaşlıq Ofisi uzun illər Naxçıvanla əməkdaşlıq edib, kəhrizlərin bərpasında böyük işlər görüb”.
Səfərinin çox maraqlı, səmərəli və uğurlu keçdiyini vurğulayan diplomat qeyd edib ki, Naxçıvana heyran qaldığı üçün bura yenidən səfər etmək arzusundadır.
Rauf Əliyev