Xəbər verdiyimiz kimi, İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder mayın 9-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Üçgünlük səfər çərçivəsində diplomat muxtar respublikanın bir sıra istehsal, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.
Heydər Əliyev Sarayında olan qonağa məlumat verilib ki, sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. Sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki avadanlıqlar quraşdırılıb.
Rəsm Qalereyasında olan səfirə bildirilib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300-dən çox əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən “Ulu öndər”, “Zərifə Əliyeva”, “21-ci əsr – Heydər Əliyev” əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.
Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn İsveçrə səfirinə bu qalanın və Naxçıvanın şəhər mədəniyyətinin tarixi barədə ətraflı məlumat verilib.
Naxçıvan Dövlət Xalça Muzeyində qonağa bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Mayın 10-da İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olub.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı qonağa XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş bu binada indi tarixi eksponatlar sərgilənir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Darıdağ Arsenli Su Müalicəxanası ilə tanışlıq zamanı bildirilib ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.
Naxçıvan şəhərindəki Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. Əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir.
Diqqətə çatdırılıb ki, hazırda burada muxtar respublikada 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” şirkətlər ittifaqları, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Mayın 11-də İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodunda olub. Burada bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Filip Ştalder Sədərək rayonuna gələrək düşmənlə sərhəddə yerləşən Heydərabad qəsəbəsi, daha sonra isə Babək rayonundakı Uzunoba İstirahət Kompleksi ilə də tanış olub.
Mayın 11-də İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Rauf Əliyev