Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilib.
Əvvəlcə tələbələr komissiyanın struktur bölmələri ilə tanış olub, onlara komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, test mərkəzində tələbələrarası müsabiqə keçirilib. Komissiyanın şöbə müdiri Ümid Qurbanov “Dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları”, şöbə müdiri Mahir Abbasov “Dövlət qulluqçuları reyestrinin aparılması qaydaları”, sektor müdiri Türkan Gülməmmədli “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzularında slaydlar vasitəsilə açıq dərslər keçiblər. Görüşdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə bu qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsini, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət sahəsində qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komissiya tərəfindən indiyədək keçirilmiş 9 müsabiqədə 567 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunub. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının, təqribən, 30 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır.
İsmayıl Qəribli qeyd edib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün açıq dərslər keçilib, komissiyanın binasında tələbələr üçün istehsalat təcrübəsi təşkil olunub, tələbələr dərslik və yeni elmi nəşrlərlə təmin ediliblər. Komissiyanın sədri bildirib ki, həyata keçirilən bu tədbirlər tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, dövlət qulluğunda təcrübi biliklər aşılamaq və gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm rol oynayır.
Görüşün sonunda komissiyanın keçirdiyi müsabiqənin qalibi olmuş tələbələr mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti