24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli liderimizin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan xalq gəzintisindən reportaj

May ayının 10-da ölkəmizin hər bir bölgəsində müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü yüksək səviyyədə, bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Bu əziz günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da bayram kimi keçirirlər. Ulu öndərin doğum günü müxtəlif idman yarışları, konsertlər və digər tədbirlərlə qeyd edildi. Muxtar respublikamızın hər yerində axşam saatlarında insanlar bu əziz günü bayram gəzintisi ilə başa vurdular. Görkəmli dövlət xadiminin hər bir naxçıvanlının qəlbində yeri var. İnsanların çöhrələrini bəzəyən təbəssümü dahi rəhbərə böyük minnətdarlıq hisslərinin ifadəsi kimi duymaq çətin deyildi. İstər həkim, istər müəllim, istər alim, istər torpaq mülkiyyətçisi, istər sahibkar olsun, hamının həyatına, yaşam tərzinə dahi rəhbərin insanın layiq olduğu səviyyədə yaşamasını təmin etmək üçün həyata keçirdiyi tədbirlərdən pay düşüb. 

 Həmin gün həmkarım Səbuhi Həsənovla biz də Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında olduq. Xalq gəzintisinə çıxan insanların söhbətlərini dinlədik. Hiss etmək çətin deyildi ki, bu insanlar ulu öndər Heydər Əliyevin doğum gününü özlərinin ən əziz bayramı kimi qeyd edirlər. Ona görə ki, onları bu günə, belə xoşbəxt dövrə gətirib çıxaran məhz görkəmli dövlət xadimi Heydər Əliyev olub. Parkda filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli ilə görüşürük. Hüseyn müəllim deyir ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev ölkəmizdə elmin, təhsilin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ümummilli liderimiz müəllim əməyini şərəfli əmək saymış, cəmiyyət həyatında müəllimin yerini, rоlunu xüsusi qiymətləndirərək demişdir: “Müəllimlik çоx şöhrətli bir sənətdir. Həqiqi müəllim оlmaq cəmiyyət üçün, dоğrudan da, çоx qiymətlidir”. Elmi-pedaqoji sahədə çalışan hər bir ziyalı, müəllim üçün bu sözlər həmişə həyat və fəaliyyət kredosudur. Bütün digər sahələrlə yanaşı, təhsil, elm sektorunda qazanılan böyük nailiyyətlər də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə respublikamızın hərtərəfli tərəqqisi, möhtəşəm yüksəlişi üçün həyata keçirdiyi müdrik siyasət, yaratdığı şərait sayəsində mümkün olub. Bu böyük qayğının hər birimizin taleyində həlledici rolu vardır. Bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsi olmaqla, Azərbaycan təhsilinin dünya məkanına inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yeni yüksəlişinə layiqincə xidmət göstərir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə yönələn sistemli tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir. Azərbaycanda, о cümlədən Naxçıvanda təhsilin ardıcıl yüksəlişi, böyük uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir!

Hüseyn müəllimdən ayrılıb bayram gəzintisinə davam edirik. Parkda böyük qələbəlik var. Gəzintiyə çıxan insanlar bütün təbəqələri əhatə edirlər. Onlardan biri də Naxçıvan şəhərindəki Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevadır. Onunla da söhbətləşirik. Aidə müəllimə deyir ki, görkəmli dövlət xadimi Azərbaycan qadınına yüksək qiymət verirdi. Çünki tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində Azərbaycan qadınları öz sözlərini deyiblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadınının zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilk dəfə ulu öndərin zamanında öz həqiqi qiymətini alıb. Mən də əməyinə qiymət verilən qadınlardanam. Bu baxımdan özümü çox xoşbəxt hiss edirəm. Hər zaman vətənim üçün, xalqım üçün çalışmağı özümə borc bilirəm. Bizə bu yolda ən böyük nümunə ulu öndərimiz Heydər Əliyevdir.
Bayram gəzintisinə çıxan insanlara ictimai-iaşə xidməti göstərmək üçün burada hərtərəfli şərait yaradılmışdı.
Parkda muxtar respublikanın rayonlarından gələnlər də var idi. Onlardan biri ilə həmsöhbət oluruq. Mübariz Şirəliyev maraqlı müsahibdir. Şərur rayonunda yaşayır. Torpaq mülkiyyətçisidir. O deyir ki, ötən əsrin doxsanıncı illərinin ortalarında muxtar respublikanın ictimai təsərrüfatlarında olan torpaqların özəlləşdiriləcəyi, kənd adamlarına paylanılacağı haqda söhbətlərə başlayanda, sözün düzü, buna heç kimin inanmağı gəlmirdi. Belə bir tədbirin reallaşdırılmasının mümkünsüzlüyünü sübut etməyə çalışanlar daha çox idi. Ancaq bu prosesə başlanıldı və özəlləşdirmə uğurla başa çatdırıldı. Kənd adamı öz torpağının sahibinə çevrildi. Bəs özəlləşdirmə torpaq mülkiyyətçisinə nə verdi? Bunu konkret olaraq öz ailəmizin timsalında göstərmək istəyirəm. Bizim ailəmizə də islahatlar vaxtı torpaq sahəsi verilib. Həmin sahədən ilk illər istifadə zamanı çətinliklərlə üzləşdiyimiz də olub. Muxtar respublikaya müasir kənd təsərrüfatı texnikalarının gətirilməsi, keyfiyyətli toxum sortları ilə təchizat məsələsinin diqqətdə saxlanılması, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışının təşkili və digər məqsədyönlü tədbirlər məhsul bolluğuna səbəb olub. Torpaq mülkiyyətçisi bununla həm də özünün ailə büdcəsini qurub, gün-güzəranını yaxşılaşdırıb. Özünə yeni mənzil inşa etdirənlərin, şəxsi avtomobil alanların da sayı getdikcə artır. Bu sırada mən öz ailəmi nümunə çəkə bilərəm. Taxıl da əkirəm, bostan-tərəvəz məhsulları da. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin bəhrəsidir. Əgər o vaxt ulu öndər bu addımı atmasaydı, bizim yaşayış səviyyəmiz də belə yüksək olmazdı. Torpağın kəndliyə, yəni öz sahibinə verilməsi ərzaq təhlükəsizliyini təmin edib.
Həmkarımla Naxçıvan şəhərinə yaxın məsafədə yerləşən rayon mərkəzlərindən birinə getməyi qərarlaşdırırıq. Səbuhi Həsənov füsunkar Şahbuz şəhərinə getməyi məsləhət görür. Yola düşürük. Bu rayona çəkilmiş rahat və abad yol bizim 15-20 dəqiqədən sonra Şahbuz şəhərinə çatmağımıza imkan verir. Elə bu anda düşünürəm ki, bir vaxtlar ucqar əyalət mərkəzindən seçilməyən Şahbuz rayonunun bugünkü mənzərəsi də məhz ulu öndər Heydər Əliyev quruculuq siyasətinin muxtar respublikada uğurla həyata keçirilməsinin nəticəsidir. Budur, artıq Şahbuz şəhərindəyik. Rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında qələbəlikdir. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə yaşayan insanlar da bayram gəzintisinə çıxıblar. Onlardan biri, köhnə tanışımız Kükü kənd tam orta məktəbinin müəllimi Yunis Quliyevlə görüşürük. Onun da ürək sözlərini dinləyirik:
– 1960-cı illərdəki yaşayışımızı yaxşı xatırlayıram. O vaxt gənc idim. Rəhmətlik atam kənddə tarix müəllimi işləyirdi. Təzəcə ev tikib, qara suvağını çəkdirmişdik. Atam müharibənin çətinliyini gördüyündən sülh dövrünə, əmin-amanlığa həmişə şükür edərdi. Amma indi fikirləşirəm ki, o dövrdə kosmosun fəthi ilə dünyaya meydan oxuyan sovetlər dövlətində yaşasaq da, bir vətəndaş kimi çox şeydən məhrum olmuşuq. Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ən kasıb vaxtlarını da o dövrdə yaşayıb. İndi heç kim o zamanlarda aylarla kəndin dükanına qarğıdalı ununun gəlmədiyinə inanmaz. Kerosinlə çay qaynadan, yemək hazırlayan evdar qadınlara qonşuları həsədlə baxardı. Çünki belə imkan hamıda yox idi. Çaydan su daşıyan, qışa odun, çırpı tədarükü görən anamın cadar-cadar olmuş əlləri indi də gözümün önündədir. Amma tale yazana sonsuz minnətdaram ki, xalqı­mıza dahi şəxsiyyət Heydər Əliyevi bəxş etdi. Düzdür, o dövrlər indiki kimi xəbər, məlumat bir anda yayılmasa da, 1969-cu ilin 14 iyul plenumunda qəbul olunmuş qərarlar haqqında illərlə danışılırdı. Sanki möcüzə baş vermiş kimi həyat sürətlə dəyişilməyə başladı. Süst, ətalət basmış insanlar hərəkətə gəldi. Mən hələ şəhərdə açılan zavod, fabrikləri demirəm, kəndin mağazasının ərzaq və sənaye malları ilə necə aşıb-daşdığı yaxşı yadımdadır. Yaxşı yaşamaq üçün əsl yarış başlamışdı. Adamların hər biri xalqımızın böyük oğlu Heydər Əliyevin işgüzarlığından ilham alırdı sanki. Zəmidə, tarlada kəndlilərlə, zavodda, fabrikdə fəhlələrlə görüşən ulu öndər Heydər Əliyevin qətiyyətli çıxışlarını atamla dönə-dönə oxuyurduq. Elə sürətli inkişaf vardı ki, adamlar zamanın necə keçdiyini belə, hiss etmirdi. Həyatımız dəyişdi. Mən də oxuyub müəllim oldum. İndi artıq təqaüd yaşımdı. Bəzən müəllimlərlə, tanışlarla söhbət edərkən, şükür ki, ümummilli liderimiz Heydər Əliyev vardı, – deyirik. 1990-cı illərin çətin günlərində Onun qayıdışı olmasaydı, kim bilir Azərbaycan neçə parça idi. Amma şükür ki, yenə də ulu öndər Heydər Əliyev xalqının yanında idi. Həmin çətin günləri görkəmli dövlət xadimi yenidən xalqı ilə yaşadı, yenidən qurdu, yaratdı, müstəqil Azərbaycan dövlətini bizə miras qoydu. İndi güclü ordumuz, iqtisadiyyatımız və xoşbəxt gəncliyimiz var. Allahdan diləyimdir ki, bu günlərimiz əbədi olsun.
Yunis müəllim deyir ki, bu gün Şahbuz muxtar respublikanın ən gözəl rayonlarından birinə çevrilib. Bu bölgədə də genişmiqyaslı kompleks quruculuq tədbirləri həyata keçirilib və keçirilməkdədir. Bütün bunlar bu kiçik dağ rayonunu müasirliyə qovuşdurub. Şahbuzun təbii gözəlliklərinə insan əlləri ilə yaradılmış gözəlliklər qatılıb. Bu isə o deməkdir ki, ulu öndər Heydər Əliyevin arzuları çiçək açır.
...Saat 2200 radələridir. Şahbuz şəhərindən qayıtmağa hazırlaşırıq. Günəş çoxdan qüruba enib. Heydər Əliyev prospekti isə nura boyanıb. Bir vaxtlar dahi öndərin çıraq işığında imzaladığı qərarlar muxtar respublikamızın bütün bölgələri kimi, Şahbuzu da işıqlı bir rayona çevirib. Hamımızın yoluna nur saçan bu işığın əbədi olacağı şəksizdir. Bu yol Heydər Əliyev yoludur.

Hazırladı:  Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR