Naxçıvan şəhərində yerləşən 5 ulduz kateqoriyasına malik “Təbriz” mehmanxanası mayın 10-dan etibarən yeni işıqlandırma sistemi ilə muxtar respublikanın paytaxtının simasını daha da gözəlləşdirib. Həmin gündən başlayaraq şəhər sakinləri və qonaqlar işıqlandırma sistemi vasitəsilə canlandırılan ulu öndər Heydər Əliyevin portretini, Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağını maraqla izləyiblər.
Müasir memarlıq üslubunun nümunələrindən biri olan “Təbriz” mehmanxanasının işıqlandırılmasında istifadə olunan sistem dünyada ən yaxşı sistem kimi tanınıb. Önümüzdəki günlərdə burada Naxçıvan Muxtar Respublikasının möhtəşəm tarixi abidələrini, füsunkar təbiət mənzərələrini də seyr etmək mümkün olacaqdır. Bu, milli-mənəvi dəyərlərimizə, zəngin tarixi irsimizə muxtar respublikada göstərilən həssas münasibətin növbəti nümunəsidir.
Qeyd edək ki, “Təbriz” mehmanxanası ulu öndər Heydər Əliyevin xüsusi göstərişi və nəzarəti nəticəsində 1982-ci ildə tikilib, gələcək nəsillərə ərməğan edilib. Bu baxımdan “Təbriz” mehmanxanasının məhz mayın 10-da – dahi şəxsiyyətin anadan olmasının 93-cü ildönümündə müasir işıqlandırma sistemi ilə işıqlandırılmasının həm də xüsusi mənası vardır. Bu, ulu öndərin qurduğu, yaratdığı abidələrin bu gün onun davamçıları tərəfindən göz bəbəyi kimi qorunduğunu, daha da gözəlləşdirildiyini bir daha sübut edir. Necə ki, bu gün ümummilli liderin minbir çətinliklə qoruduğu, yaşatdığı Naxçıvan Muxtar Respublikası, memarı və qurucusu olduğu Azərbaycan Respublikası ulu öndərin siyasi məktəbinin layiqli məzunlarının səyi, fədakarlığı nəticəsində sürətlə inkişaf edir, günü-gündən çiçəklənir.
Bu gün Naxçıvan şəhərində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri onu daha da gözəlləşdirib. Şəhərin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir. Bu gün Naxçıvan şəhərində reallaşdırılan layihələr nəticəsində muxtar respublikanın paytaxtının müasir siması yaradılır, şəhər sakinlərinin, bura gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulur, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılır. Yeni işıqlandırma sisteminə malik olan “Təbriz” mehmanxanası bu sırada mühüm yer tutur. Bu, son illərdə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, muxtar respublikanın müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. Mehmanxananın müasir işıqlandırma sisteminin qurulması ideyası özlüyündə bir element kimi son dərəcə maraqlıdır. Ona görə ki, şəhərin ən qaynar məkanında yerləşən, onun gözəlliyinə gözəllik qatan “Təbriz” mehmanxanası arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Mehmanxananın müasir üslubda işıqlandırılması ekzotik gözəllik yaradır.
Naxçıvan şəhərinin möhtəşəm simvolları arasında yer alan “Təbriz” mehmanxanası bu gün muxtar respublikanın paytaxtının axşamlarının parlayan ulduzuna çevrilib. Bu, 25 ildir, blokada şəraitində yaşayan Naxçıvanın regionun cazibə mərkəzi kimi özünün iqtisadi gücünü daim qoruyub saxlayacağını göstərən nümunələrdən, sadəcə, biridir. Təsadüfi deyil ki, tarixilik və müasirliyin vəhdətində inkişaf edən Naxçıvan şəhərinə hər il on minlərlə turist gəlir. Buna görə də “Təbriz” mehmanxanasında turistlərin istirahətinin mənalı təşkili və muxtar respublika paytaxtı ilə yaxından tanış olmaları diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Rauf Əliyev