Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan şuranın sədri Sucaxan Novruzov bildirmişdir ki, Azərbaycanın çağdaş tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin fəaliyyətinin hər anı xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmətdən ibarətdir. 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verdi. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 70-80-ci illərdə ulu öndərin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuş, aqrar sənaye kompleksinin sürətlə inkişaf etdiyi respublikaya çevrilmişdir.
Qeyd olunmuşdur ki, görkəmli dövlət xadimi 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkəmizin gələcək müstəqilliyinin əsasını qoymuşdur. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu mənada, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır.
Sonra şuranın əməkdaşlarından Xatirə İbrahimli, Gözəl Qəmbərova, Nüsrəddin Məmmədov, Aynur Ağayeva, Eyvaz Əsgərov, Taliyə Bağırova çıxış etmişlər.
Xəbərlər şöbəsi