Mayın 9-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Qars şəhərindəki abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Qars-Qafqaz Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanlı çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət müstəqilliyinin qorunması və iqtisadi inkişafın təmin olunması istiqamətində gördüyü işləri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin gərgin əməyi və uğurlu neft strategiyası sayəsində ölkə iqtisadiyyatının sürətli inkişafı təmin edilmiş, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi reallığa çevrilmişdir. Baş konsul Azərbaycanın dövlət müstəqilliyinin ulu öndərin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyətin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində gördüyü işlərdən danışmış, bu siyasi xəttin hazırda uğurla davam etdirildiyini bildirmişdir.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin müəllimi Xurşud İsayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır.
Sonra tədbir iştirakçıları Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən fotolardan, kitab və jurnallardan ibarət sərgiyə baxmışlar.
Qars-Qafqaz Universitetinin Heydər Əliyev Mərkəzinə Baş Konsulluq tərəfindən ulu öndərimizin və ölkə Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətindən, eləcə də Azərbaycan həqiqətlərindən bəhs edən kitab, jurnal və digər materiallar təqdim olunmuşdur.
Keçirilən tədbir yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
“Şərq qapısı”